Autizmin müalicəsində heç bir preparatdan istifadə olunmur

"Autizm diaqnozu dünyanın sonu demək deyil. Bunu dramatikləşdirməyə ehtiyac yoxdur. Autizm hansısa mənada ünsiyyət xəstəliyidir”. Bu sözləri uşaq psixiatrı, ATU-nun psixiatriya kafedrasının assistenti Dr.İkram Rüstəmov Universitetin rəsmi "www.amu.edu.az” saytına müsahibəsində bildirib.

HAŞİYƏ: İkram Rüstəmov uşaq psixiatriyası ixtisası üzrə İstanbul Universitetinin Cərrahpaşa Tibb fakültəsində oxuyub. Daha sonra psixiatriya və uşaq nevrologiyası üzrə rezidentura təhsili alıb. 2004-cü ildə Cərrahpaşa Tibb Fakültəsində həkim-psixiatr kimi çalışıb, daha sonra İstanbulda özəl həkimlik fəaliyyəti ilə məşğul olub. 2010-2011-ci illərdə Mərkəzi Klinik Xəstəxanada, 2012-ci ildən isə Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasında çalışır.

İ.Rüstəmov Harvard Universiteti Boston Uşaq Xəstəxanasının inkişaf xəstəlikləri departamentinin elmi işçisidir. 10-a yaxın elmi işin müəllifidir.

ATU-nun mətbuat xidmətindən verilən məlumata görə, İ.Rüstəmov artıq bir neçə ildir autizm və bənzər sindromlar diaqnozunun adının dəyişdirildiyini bildirir:

-2013-cü ildə Amerika Psixiatriya Assosiasiyasının diaqnostik təsnifatından sonra Autizm və bənzəri bir çox sindromların diaqnozunun adı dəyişdirilib. Məsələn, Asperger sindromu, autizm, dezinteqrativ psixoz, və s. kimi diaqnozlar qoyulmur. Autistik əlamətlər müşahidə olunan uşaqlara "autistik spektr xəstəlikləri” deyilməyə başlanıldı. Çünki bu uşaqların heç biri digərinə tam bənzəmir və bu səbəbdən də alimlər bir standartlaşmanın qəti əleyhinə çıxır. Bu xəstəliyi bir çərçivə halında, yayğın bir interval kimi qiymətləndirməyə başladılar.

-Bəs autistik spektr xəstəlikləri nədir, əlamətləri özünü nədə göstərir?

-Ən başlıca simptomu sosial ünsiyyətdə problemlərin yaranmasıdır. Yəni, uşaq öz yaşına uyğun olmayan jestlər edir, mimiklərdən istifadə edir. Göz təmasından qaçır, digər uşaqlarla oynamır, bu və bu kimi digər sosial ünsiyyətin komponentlərində geriləmə, pozğunluq olur. İkinci əlamət, nitq inkişafının ləngiməsidir. Üçüncüsü, uşağın maraq dairəsi məhdud olur, daha çox yalnız öz ehtiyacları daxilində olanlara maraq göstərir.

Bu 3 əlamət autistik spektr üçün ana simptomlar sayılır. Amma bunlarla yanaşı, stereotipiya dediyimiz müəyyən ritmik hərəkətlərdə də özünü göstərə bilər. Məsələn, müəyyən bir müddət sonra nitqi düzələn uşaqlar özləri barəsində üçüncü şəxs qismində danışırlar. "Mən bunu istəyirəm” yox, "Əli bunu istəyir” kimi ifadələrdən istifadə edirlər.

Bundan əlavə, belə uşaqlar heç nəyə diqqət vermir, böyüklərin heç bir göstərişini izləmir, heç nə öyrənmək istəmir və s. Bəzən nitq inkişafında ciddi geriləmə olmur, amma çox qeyri-adi qabiliyyətlərə malik olurlar.

-Bu qeyri-adilik özünü nədə göstərir?

-Məsələn, bu uşaqlardan bəziləri yaşlarına uyğun olmadığı halda müəyyən sahədə həddən artıq informasiyaya sahib olurlar. Məsələn, mənim 6 yaşlı bir xəstəm 600 illik Osmanlı imperiyasının tarixini əzbər bilir. Digəri bütün avtomobilləri xırda detalına kimi tanıyır. Başqa birisi 200-ə yaxın ölkənin prezidentlərinin, liderlərinin adını əzbər bilir. Yəni, kənardan baxanda, bəlkə də bu uşaqlar super istedadlı görünür, amma elə deyil. Bu, zəka məhsulu yox, açıqlaya bilmədiyimiz bir mexanizmdən qaynaqlanan xüsusiyyətlərdən üstün cəhətlərdir.

Atipik autistik xüsusiyyətləri olan xəstələr də var. Yəni, konkret olaraq Kanner sindromu diaqnozu ala bilməyən uşaqlar var ki, ola bilər ki, dili açılır, amma sosial təmas qura bilmir.

Bu, əslində anadangəlmə bir problemdir, amma özünü 1,5-2 yaş dövründə göstərir. Valideynlər məhz bu dövrdə əlamətləri hiss edirlər.

-Bu xəstəlik hansı üsullarla müalicə olunur?

-Təəssüf ki, bu növ xəstəliklərin müalicəsində bəzi mütəxəssislər nitqi açan, beyin inkişaf etdirən dərmanlar yazırlar. Amma dünya praktikasında autistik spektr xəstəliklərinin müalicəsi üçün heç bir preparat istifadə olunmur. Preparatlar daha çox yanaşı problemlərə görə yazılır - məsələn, uşağın aqressiyası, hiperaktivliyi, yuxu pozuntusu, davranış pozuntusu və s. kimi faktorlar varsa, onları aradan qaldırmaq üçün bunlardan istifadə oluna bilər.

Onu da deyim ki, autistik spektr xəstəliyinin müalicəsi üçün erkən diaqnostika vacibdir. İkincisi, psixo-pedaqoji tədbirlər də görülməlidir. Xüsusi psixo-pedaqoqlar tərəfindən belə uşaqlara ABA terapiyası adlandırılan xüsusi terapiya tətbiq olunur.

Əgər autistik spektr xəstəliyi olan uşaqlarda ciddi yanaşı xəstəlik yoxdursa, çox vaxt onların vəziyyəti müsbətə doğru gedir. Uşağın 6 yaşından tez reablitasiyaya başlaması, bu uşaqlarda nəticələrin daha yaxşı olması ehtimalını artırır. Onların cəmiyyətə qaynayıb-qarışması, bir iş sahibi olması, normal insanların əhatəsində yaşamağı öyrənməsi mümkündür. Təəssüf ki, autistik düşüncə tərzinin tamamilə aradan qalxması, sıfıra endirilməsi mümkün deyil, müəyyən qədər olsa da defisitlər qalacaq.

Hazırladı: Günel Aslanova, ATU-nun mətbuat katibi