Azərbaycan Hotel Assosiasiyasının yaradılması müzakirə olunub

15 noyabrda Azərbaycan Hotel Assosiasiyasının İdarə Heyətinin görüşü keçirilib. Görüşdə 4 dekabrda keçiriləcək Azərbaycan Hotel Assosiasiyasının Birinci Baş Assambleyası haqqında müzakirələr aparılıb. Görüşdə "Hotrec – Hospitality Europe” təşkilatının vitse-prezidenti, beynəlxalq ekspert Akos Niklai də iştirak edib.

Qeyd olunub ki, 4 dekabrda baş tutacaq Birinci Baş Assambleyanın məqsədi hotelçilik sənayesi mütəxəssislərini bir araya gətirərək yeni yaradılmış Azərbaycan Hotel Assosiasiyasının strukturu, nizamnaməsi, məqsədləri və gələcək fəaliyyəti haqqında məlumat verməkdir. Assambleyada Azərbaycanda tətbiq olunacaq yeni milli ulduz təsnifat sistemi də təqdim ediləcək.

Baş Assambleya hotelçilik sahəsində mövcud potensialı inkişaf etdirmək, xidmət səviyyəsinin keyfiyyətini artırmaq və mövcud çatışmazlıqları müzakirə etmək üçün platforma rolunu oynayacaq.

Məlumat üçün bildirək ki, bundan öncə "Hotrec – Hospitality Europe” təşkilatının vitse-prezidenti Akos Niklai Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə görüşərək, Azərbaycan Hotel Assosiasiyasının yaradılması və onun beynəlxalq təşkilata müşahidəçi statuslu üzv olması məsələsini müzakirə edib.

4 dekabr 2018-ci ildə keçiriləcək Azərbaycan Hotel Assosiasiyasının Birinci Baş Assambleyasında iştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir.