Azərbaycan  qalan ərazilərdə də öz yurisdiksiyasını bərpa edəcək

Ermənistanın "Past" qəzeti Qarabağdakı Amaras məbədində separatçıların bayrağının endirilməsinə dair təfərrüatı açıqlayıb. Qəzet yazır ki, bir neçə gün əvvəl Azərbaycan Silahlı Qüvvələri Amaras monastır kompleksinə doğru irəliləyərək, həm monastıra nəzarəti ələ keçirməyə, həm də mövqelərini irəli çəkməyə çalışıb: “Lakin Rusiya sülhməramlı qüvvələri dərhal hadisə yerinə gələrək azərbaycanlıları əvvəlki mövqelərinə çəkilməyə vadar etməklə bu hərəkətlərin qarşısını alıb”.

Daha sonra erməni nəşri bildirir ki, Azərbaycan hərbçiləri Amaras məbədi üzərindən separatçı-terrorçu rejimin əski parçasını çıxarmağı tələb etdikləri üçün məsələ bununla həllini tapmayıb.

Nəşrin mənbələrinə görə, Xankəndidə separatçı kriminal xuntanın başçısı Araik Arutyunyanın iqamətgahında bu mövzuda ciddi müzakirə aparılıb və söhbətin başlanğıcından Araik azərbaycanlıların tələbini nəyin bahasına olursa- olsun yerinə yetirməyə razı olub. Həmçinin, erməni məmur və hərbçiləri Azərbaycan hərbçilərinə qarşı çıxmamağa çağırıb. Bundan sonra əski parçası qədim Azərbaycan abidəsi üzərindən endirilib.

Separatçıların başçısının bu davranışını nə ilə izah etmək olar?

Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Qarabağdakı ermənilər get-gedə reallıqları dərk etməyə başlayır:

“Müharibədə lazımi dərslərini alandan sonra bildilər ki, separatçı meyllər, Ermənistanın qızışdırılması ilə uzağa getmək olmaz. Zaman keçdikcə daha böyük reallıqları dərk etməyə başlayırlar. Sadə ermənilər isə separatçılardan ümumiyyətlə canlarını qurtarmağın yolunu düşünürlər. Təsadüfi deyil ki, hətta onların gəlib iş üçün bizim hərbçilərimizə müraciət etdiklərinə dair faktlar da mövcuddur. Bizim ölkə rəhbərliyinin Qarabağdakı ermənilərə çağırışları olub. Həmin çağırışlar onlar tərəfindən müsbət qəbul olunur ki, biz tərəfə meyl göstərirlər. Arayik Arutunyan bu ab-havanı gördüyü üçün belə davranır. Onun imkanı olsa, bayrağı oturduğu binadan da endirər ki, rahat yaşasın. Bilir ki, get-gedə çənbər daralır. Həmin əski parçası onlara nəsə verən deyil. İndiyə qədər onu dünyanın heç bir ölkəsi tanımayıbsa, bundan sonra kiminsə tanıyacağı qətiyyən inandırıcı deyil. İctimai qınaqdan bir qədər çəkindiyi üçün bəzi yerlərdə həmin əski parçasını saxlayır. Hadisələrin gedişini analiz edib görürlər ki, gec-tez Azərbaycan  qalan ərazilərdə də öz yurisdiksiyasını bərpa edəcək. Bu səbəbdən də yeganə yolu sülhməramlılara sığınıb, mövcudluğu qorumaqda görürlər. Dini abidə isə ümimiyyətlə onlara məxsus deyil. Alban-udi irsinə aid həmin məbəddən siyasi məqsədlər üçün istifadə yersizdir. Bundan sonra biz Qarabağdakı ermənilərdən bizə yönəlik tam başqa təzahürləri görəcəyik.

Onların başqa çıxış yolu qalmayıb. Ermənistanın diqtəsi ilə oturub-durmaq istəmirlər. Bir qrup erməni deputatına Xankəndidə bəslənən münasibəti gördük. Onları sadə əhali daş-qalaq etdi. Bundan sonra separatçıları yalnız acı sonluq gözləyir. Yaxşı olardı ki, belə addımları ilə zərərli meyllərdən uzaqlaşsınlar. Əks təqdirdə, Azərbaycan nəyin bahasına olursa-olsun, onların fəaliyyətinə son qoyacaq”.