"Azərbaycana qeyri-qanuni gətirilən dərmanlar problemlər yaradır. Bu dərmanlar müvafiq orqanlar tərəfindən saxlanılır və bu barədə məlumatlar televiziya və digər mediada açıqlanır. Lakin bu dərmanlar tibbi ekspertizadan keçmədiyi üçün ciddi risk yaradır".
Bunu Demokrat.az-a açıqlamasında farmakoloq Aydın Əliyev deyib.
O, bildirib ki, digər bir problem isə əhalimizin həkimsiz dərman istifadəsinə meyilli olmasıdır:
"İnsanların məsləhəti ilə dərman qəbul etmək həm qanunsuzdur, həm də insan sağlamlığı üçün təhlükəlidir. Əslində dərmanlar düzgün istifadə olunmadıqda zəhər təsiri göstərə bilər".
Ekspert bildirib ki, səhiyyə sahəsində xaricdən gələn yenilikləri tətbiq edərkən diqqətli olmaq lazımdır:
"Məsələn, Avropada tətbiq olunan test sistemləri gətirilsə də, oradakı bütün mexanizmlər bizim sistemə uyğunlaşdırılmayıb. Testlərdə müəllim tələbələrin cavablarını izah edirdi, bizdə isə əzbər cavablar sistemə düşür. Bu səbəbdən xaricdən gətirilmiş işlərdən uzaqlaşmaq, öz imkanlarımız çərçivəsində fəaliyyət göstərmək daha səmərəli olar. Belə yanaşma səhiyyə və digər sahələrdə daha real, effektiv və sağlam nəticələr əldə etməyə imkan verəcək".