Azərbaycanın hərbi gücünün artması Ermənistanın konstruktiv mövqe tutmasına təsir göstərə bilər

Əli Orucov: «Azərbaycanın hərbi gücünün artması hansısa mərhələdə Ermənistanın konstruktiv mövqe tutmasına təsir göstərə bilər»

«Müstəqil dövlət olmadığına görə də bu ölkənin müstəqil qərar vermək səlahiyyəti yoxdur»

Azərbaycanın Cənubi Qafqazda aparıcı dövlət olması bu gün heç kəsə sirr deyil. Ölkədə dinamik inkişaf nəinki iqtisadi sahələrdə, o cümlədən digər sahələrdə də özünü göstərir. Bu da Azərbaycanda hərtərəfli inkişafdan xəbər verir.

Azərbaycanın 2015-ci il üçün dövlət büdcəsində hərbi qurumların (Fövqəladə Hallar Nazirliyi istisna olunmaqla) saxlanmasına 3 307 796 989 manat (4 210 025 550 ABŞ dolları) vəsait ayrılıb. Belə ki, Prezident İlham Əliyevin təsdiq etdiyi «Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında» Qanunda ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün hərbi qurumlara ayrılacaq vəsaitlər açıqlanıb. Qeyd olunan rəqəmə Silahlı Qüvvələr, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Müdafiə Sənayesi Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, DİN Daxili Qoşunları, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Feldyeger Xidmətinin saxlanması xərcləri və xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər daxildir.

Dövlət büdcəsinin 2015-ci il üçün təsdiq edilmiş müdafiə xərcləri 1 778 529 044 manat təşkil edir ki, bunun da 1 651 220 836 manatı müdafiə qüvvələri, o cümlədən 1 255 185 738 manatı Müdafiə Nazirliyi, 157 645 847 manatı DSX, 22 473 696 manatı SHXÇDX, qalan hissəsi isə digər məqsədlər üçün ayrılıb.

O da məlumdur ki, 20 ildən artıqdır Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlayır. BMT Təhlükəsizlik Şurasının işğalla bağlı 4 qətnaməsi olsa da, ikili standartlar üzündən bu, həyata keçirilmir. Bu da, öz növbəsində, torpaqların hərb yolu ilə azad olunmasını gündəmə gətirir. Digər tərəfdən, Ermənistan iqtisadi baxımdan geriləməkdə davam edir. Hərbi uğur qazanmaq üçün də iqtisadi gücün olması vacib şərtdir. Bu baxımdan Azərbaycanın 2015-ci il büdcəsində hərbi və müdafiə xərclərinin 4,2 milyard dollara çatdırılması Ermənistanı danışıqlarda kompromis mövqe tutmağa vadar edə bilərmiğ

Məsələyə münasibət bildirən AMİP Mərkəzi Şurasının üzvü Əli Orucov büdcədə müdafiə xərclərinin artırılmasını müsbət dəyərləndirdi. Ancaq onun fikrincə, sözügedən xərclərin Ermənistanı nə dərəcədə konstruktiv mövqe tutmağa vadar edəcəyini demək çətindir: «Çünki Ermənistan müstəqil dövlət deyil. Müstəqil dövlət olmadığına görə də bu ölkənin müstəqil qərar vermək səlahiyyəti yoxdur. Ermənistan bu gün Rusiyanın marionetkasıdır. Sözügedən ölkəyə ən böyük təsir gücünə malik olan ölkə Rusiyadır. Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin körüklənməsində müstəsna rolu var. Torpaqların işğal olunması zamanı Rusiya birbaşa Ermənistana yardım göstərib. Yoxsa Ermənistan kim idi ki, Azərbaycanın bir belə ərazisini 20 ildən artıq işğal altında saxlasınğ! Düzdür, onu da nəzərə almaq lazımdır ki, Qərbin aparıcı dövlətlərinin Ermənistanı işğalçı dövlət kimi tanımaması da proseslərə öz təsirini göstərib. Bu amili də unutmaq olmaz. Bütün bunlara rəğmən, Azərbaycanın hərbi gücünün artması hansısa mərhələdə Ermənistanın konstruktiv mövqe tutmasına təsir göstərə bilər. Belə vəziyyətin yaranması üçün də geosiyasi zəmin yaranmalıdır».



Vidadi ORDAHALLI