Bəs, ermənilərin bu dövlətləşmə siyasətinə XİN niyə indiyə qədər cavab vermir?!


"Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı bu günə qədər yürütdüyü siyasət iflasa uğrayıb. Söhbət ondan gedir ki, son 27 il ərzində Dağlıq Qarabağı işğaldan azad etmək yerinə, diplomatik təzyiqlərlə erməniləri iqtisadi blokadaya almaq strategiyamız da artıq heç bir nəticə vermir”.

AMİP-in sədr əvəzi Arzuxan Əlizadə Ovqat.com-a açıqlamasında belə deyib.

Onun sözlərinə görə, qondarma "DQR”-ın ərazilərində hər gün beynəlxalq tədbirlər keçirilir, bu qurumun təmsilçiləri müxtəlif dövlətlərdə rəsmi şəxs kimi qəbul olunur, beynəlxalq yarışlara qatılırlar: "Ötən ilə qədər erməni separatçılarının özbaşınalıqları qarşısında yağmasa da guruldayan xarici siyasət idarələrimiz isə Paşinyan hakimiyyətə gəldikdən sonra, nədənsə, daha cəsarətsiz və qorxaq üslub seçməyə çalışır, bəzən baş verənləri görməzlikdən gəlmək xəttini tuturlar. Halbuki, separaçıların bu siyasətini dövlətləşmə prosesi olduğuna inanan və buna ilk reaksiyanı verən də elə dünənə qədər XİN idi”.

Ötən il noyabrın 17-də Bakıda "İşğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlər və üçüncü tərəflərin məsuliyyəti” mövzusunda beynəlxalq konfrans təşkil edildiyini xatırladan A.Əlizadə həmin tədbirdə çıxış edən Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyevin sözlərini diqqətimizə çatdırdı:

"Hikmət Hacızadə çıxışında işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətə və həmin ərazilərdə beynəlxalq hüququn imperativ normalarının pozulması faktlarına diqqət çəkib, bu bölgələrin qanunsuz mal dövriyyəsi üçün tranzit məntəqəsinə çevrildiyini vurğulayıb. O, qeyd edib ki, bu qeyri-qanuni fəaliyyətlər məqsədyönlü və qərəzli xarakter daşıyaraq işğal olunmuş ərazilərin ilhaqı məqsədini güdür. Azərbaycanın işğal olunmuş ərazilərində aparılan qeyri-qanuni fəaliyyətlər, nəticə etibarilə, münaqişənin həllində çox ciddi problemlər yaradır və Ermənistanın da əsl məqsədi bundan ibarətdir”.

Partiya yetkilisinin sözlərinə görə, ölkəmizin xarici siyasət idarəsinin ən yetkili adamlarından olan Hikmət Hacızadə işğal olunmuş ərazilərdə infrastruktur layihələrinin həyata keçirmə təşəbbüslərinin Dağlıq Qarabağın erməniləşməsinə xidmət etdiyini açıq şəkildə etiraf edib: "O halda sual yaranır: Bəs indi niyə bu təşəbbüslərə qarşı çıxan yoxdur? Niyə XİN yenə heç olmasa "guruldamır”? Yoxsa Qarabağ erməniləri ağıllanıb və artıq bu separatçı siyasətlərindən əl çəkiblər?”

Nə yazıq ki, bu suala müsbət cavab vermək mümkün olmadığını deyən həmsöhbətimizin fikrincə, erməni separatçıları nəinki bu mövqelərindən geri çəkilməyiblər, əksinə, Dağlıq Qarabağda öz iqtisadi infrastrukturlarını daha da möhkəmləndirirlər: "Hətta bu işə xarici investorları da cəlb edə bilirlər ki, nəticədə Azərbaycanın sabah öz işğal olunmuş ərazilərini azad etmək üçün başladacağı hərbi əməliyyatlar xarici dövlətlərin də marağını tapdalaya bilər. Onlar ən azı öz sərmayədarlarının iqtisadi marağını nəzərə alıb Azərbaycana təzyiq edəcəklər”.

Müsahibimizi bu qədər narahat edən isə Qondarma "DQR”-nın sabiq Baş naziri Arayik Harutyunyanın sosial mediada paylaşdığı bir bəyanatdır. Bir müddət əvvəl Avropa ölkələrinə işgüzar səfərə getdiyini etiraf edən Harutyunyan orda xeyli iş adamları ilə görüşdüyünü və bəzilərini Dağlıq Qarabağa investisiya qoymağa razı saldığını bildirərək yazıb:

"Keçdiyimiz günlərdə işgüzar səfər çərçivəsində olduğum Münhen və Cenevrədə, Artsaxın hidroelektrik sahəsində sıx investisiyalar yatıran məşhur Avropalı şirkətlərin rəhbərləri ilə bir araya gəldim. Danışıqların əsas mövzusu bu şirkətlər tərəfindən Artsaxın kənd təsərrüfatı sektoruna yeni töhfə vermələri üçün idi. Martakert və Martuni rayonlarında 150 hektar nar və qoz bağlarının yaradılmasına dair bir alman şirkəti yekun razılığa gəldiyimizi məmnuniyyətlə nəzərinizə çatdırıram. Qarşıdakı həftələrdə başlayacaq işlər Artsaxda 10.000 hektardan böyük bir ərazidə yeni bağlar qurmaq layihəmizin bir hissəsini təşkil edəcək”.

Arzuxan Əlizadə də bu paylaşımı əsas gətirib saytımız vasitəsilə XİN-nə bəzi suallar ünvanladı:

"Bəs, ermənilərin bu dövlətləşmə siyasətinə XİN niyə indiyə qədər cavab vermir? Olmaya, Azərbaycan xalqının bilmədiyi hansısa mətləblər var? Hesab edirik ki, XİN bu suallara qaneedici şəkildə aydınlıq gətirəcək”.