Bu məşəl öz sönməzliyi ilə ölməzdir

Müəllim,
Müəllimlik, o, ülvi şərəfli peşəyə dair….
Qobusnamə:
Şərəflidir, əgər yaxşı adla ölsəm mən,
Mənə ad qalacaq, öləcək bədən.
Bu yazını, ERM. SSR, Quqark (Yaqublu) rayonu Mirzə Fətəli Axundov adına Arçut kənd orta məktəbinin dərs hissə müdiri işləmiş, fizika, riyaziyyat, həndəsə və astranomiya fənnlərindən dərs demiş, o cümlədən Yerevan şəhəri, müəllimlərin təkmilləşdirmə kurs mərkəzində yuxarıda adları çəkilən fənnləri tədris etmiş mərhum atam Məsim Yusif oğlu Məmmədovun parlaq xatirəsinə həsr edilmiş, müəllifi olduğum “Məsim müəllimin şərəfli ömür yolu” kitabına həsr edirəm. 
Onu xatırlayarkən, onun simasında bu gün həyatda sağ olan və eləcə də dünyadan köçmüş cəmi fədəkar həmkar müəllimlərin, o cümlədən müəllim adını daşıyan, o, uca varlıqların əziz xatirəsini anır, onlara sayğıda sonsuz ehtiramımı bildirirəm…
Arçut kənd orta məktəbində uzun müddət dərs hissə müdiri işləmiş, atamın fədakar pedaqoji fəaliyyəti “əməkdar maarif əlaçısı” adına layiq görülmüşdür. Bu da, onun parlaq zəkası, üstün pedaqoji fəaliyyətinin bariz nümunəsidir. O, folklorsevər, özünə məxsus xarizması, məlahətli səsi ilə həm də həvəskar tar musiqi alətinin ifaçısı idi… Nizaminin xəmsəsini əzbərdən bilən atam, el şənliklərinə rəhbərlik etmişdir (Yeri gəlmişkən Dahi Nizamini təməldən o, bizə sevdirmişdir). Eyni zamanda bütün digər fənnlərə, başda coğrafiya olmaqla sonsuz həvəslə ziyalı münasibəti göstərən bir fenomenlik nümunəsi sərgiləmişdir… Onun fizika, riyaziyyat həndəsə fənləri ilə yanaşı, o cümlədən astranomiya fəninin tədrisində, həmçinin, Nəsrəddin Tusi dühasına olan rəğbəti, ayrıca bir elmi araşdırma mövzusudur. Allah cəmi valideyinlərimizə bir daha rəhmət eləsin! Amin…
Əsas mövzuya keçid alaraq bildirmək istəyirəm ki, atam mənim ilk müəllimim, elm yolunda əlimdən tutub ilk yol göstərənimdir. Hər bir övlad öz genetikasının irsi davamçısı, bioloji olaraq birbaşa, əslində isə bilavasitə özüdür…
Müəllimliyə gəlincə, əsl müəllimlik həyatda ən şərəfli, ən məsuliyyətli və ən müqəddəs bir peşədir. Müəllimlik, zəhmətsevərliklə yoğrulmuş məslək sahibinə baş ucalığı gətirən ən ülvi bir sənət nümunəsidir. Həmçinin bu sənət, bütün mənəvi dəyərləri özündə aşılayır, humanist düşüncələri yaşadlr. Onun fəlsəfəsi sosial statuslu əzəli və əbədi yanan bir məşəldir. Bu məşəl öz sönməzliyi ilə ölməzdir. Bəşəri dəyərləri özündə təcəssüm etdirur, həm canlı, həm klassik məsləkdir…
B. Vahabzadə:
Kədər düşüncədir, qəm düşüncədir,
Qəmin pəncəsində düşünürük biz.
Fikirlər, fikrimdə qönçə-qönçədir,
Məçhulə bir yoldur hər düşüncəmiz.
Odur ki, müəllimlik bəşəriyyətə hər bir sənətin təməldən incəliklərini öyrənib, öyrətməyin yolunu göstərən ən üstün məsləkdir. Bu yol, bu şərəfli peşədən, onun ən uca müəllimlik zirvəsindən keçir. Heç şübhəsiz ki, hər bir bəşər övladının öyrənəcəyi elmin də həyat sübyekti bilavasitə müəllimlik peşəsi ilə bağlıdır.  
Ictimai yüklü dünyəvi və bəşəri bir sənət kimi müəllimlik sənəti də bütün sənədlərin fövqündə, onların önündə, özəyini təşkil edir. Həyatda hansı sferada bir bilik qazanılırsa, onun təməlni ilk növbədə müəllim qoyur. Bununlada həyatda peşə müxtəlifliyinin ilk başlanğıcı müəllimlik peşəsinin işığından öz nəsibini almış olur. 
Nizami:
Bilikli adamlar uzağı görər,
Cahilin zəhməti, hədərdir hədər.
Təbii ki, müəllimin öz peşəsinin vurğunu olması, ilk öncə, onun öz sənətinə olan sevgisindən irəli gəlir. Öz peşəsinin ustası olması isə, onun ağlı və qəlbinin öz sənətinə yatımı ilə üzvi surətdə bağlıdır. Necə ki, ustadlar demiş: ”əli ilə işləyən fəhlə; əli, ağlı ilə işləyən usta; əli, ağlı və qəlbi ilə işləyən sənətkar adlanır.”
Eyni zamanda, müəllimdə öz sənətinin gücünü və qüdrətini göstərə bilmək, onun daxili mənəviyyatının saflığı, ucalığı və peşəkarlığı ilə ölçülür. Müəllimin sevərək, sevilərək öz sənətinin vurğunu olması da, onun düşüncə sərbəstliyi ilə sərbəst yaradıcılığının daxili araşdırıcı aləmi ilə sıx vəhdətdə olmasına bağlıdır.
Nizami:
O kəs ki, ömrünü həsr etmiş elmə,
Baş əyməz heç zaman, cəzri- əsəmmə.
Müəllimdə peşəkarlıq, tədris etdiyi fənninin incəliyinə, onun məntiqi fələsəfəsinə ustalıqla yiyələnəbilmə bacarığına söykənir. Müəllimin, müəllimlik peşəsinin gücü də, onun özünü təsdiq etməsi, iradə gücü ilə qərarlılığı sayəsində mümkün olur.  Həmçinin öz sənətinin məziyyətlərinə yaxından bələd olub onu tanınması, həyatda müəllimin ən vacib və ən nümunəvi cəhətlərinə aid edilir.  
Müəllimin eləcə də şəxsiyyəti ilə peşəsinin üst-üstə düşməsi, onun  xarakterinin bir bütövlüyünü ifadə edir. Yaradıcılığla öz peşəsini birləşdirə bilməsi də, onun aktiv pedaqoji fəaliyyəti ilə gərgin zəhmətinin bilavasitə bəhrəsi sayəsində olur. 
Nizami:
Kim ki, öz-özünü düşmüşdür başa,
Ona ölüm yoxdur, o ölməz haşa.
Beləliklə yaradıcı müəllim, həm peşəsinə bağlı olan, həm öz düşüncə və biliyi ilə özünü isbatlayan, həm məsləyini sevən, həm də öz təcrübəsini ustalıqla bölüşə bilən bir ziyalıdır. O, həmçinin bilik-bacarığını comərdcə paylaşan, eyni zamanda oturuşmuş elmi ilə özünü təsdiq edən, onu isbat edəbilən, sərf etdiyi əməyini ifadə edəbiləndir. Bu qəbildən atamın da üstün pedaqoji fəaliyyəti ilə öz müqəddəs müəllimlik peşəsinin vurğunu olması, onun yuxarıda sadalanan dəyərlərə peşəkar yanaşması sayəsində mümkün olmuşdur. 
Xülasə, bu gün sosial media ortamında və eləcə də qloballaşma, rəqəmsallaşma ilə elmi - texniki yenilənmənin fövqəlbəşər düşüncələrinin kəsişdiyi bir müstəvidə, peşəkar bir müəllim olabilmək, yaradıcı müəllim məfkurəsində ilk öncə bir yatılı könül işi və bir də üstün təcrübə istəyir. Mükəmməllik və kamilləşmə də, müəllimdə onun parlaq idraki və üstün mənəvi cəhətlərinin peşəkarlıqla yönləndirilməsi ilə mümkündür. 
Həmçinin də bu baxımdan peşəyönlü mükəmməllik, müəllimdə cəmləşən pedaqoji, əxlaqi və tərbiyəvi dəyərlərinin üzvü vədəti sayəsində mümkündür. Eyni ilə də bəşəri dəyərləri mənimsəyib öyrənə və öyrədəbilmə qabiliyyəti ilə əlaqəlidir. 
Odur ki, müəllimdə şərtləndirilən hər bir hikmət, özündə həyatın məxsusi bir sirrli dünyasının dərinliyini gizlədir, ayrıca olaraq insan zəkasının məhsulu, idrakının sönməz işığına dəlalət edir.  
Ustad Aşıq Ələsgər:
Kim ki, ustadına kəm baxar,
Onun gözlərinə, qan damar-damar…

Əflatun Məmmədov