"Paşinyan Amulsarın istismarını dayandırmaq məcburiyyətində qalsa, xarici investorların inamı sarsılacaq”
img
Ermənistanda artıq bir neçə gündür Amulsar qızıl yataqları ətrafındakı gərgin vəziyyət səngimək bilmir. Hökumət xarici şirkətlərə qızıl yatağının işlənməsi ilə bağlı razılıq versə də, ətrafda yaşayan insanlar bu qərara etiraz edirlər. Bununla bağlı ölkədə ard-arda aksiyalar keçirilir. Ekologiya müdafiəçilərinin fikrincə, mədən qazıntıları zamanı işlədilən sianid Sevan gölü və Cermuk kurort şəhəri üçün təhlükə törədir. İrəvanda bununla bağlı keçirilən aksiyalar zamanı nümayişçiləri Milli Assambleyanın parkına buraxmaq istəməyən polislə aksiyaçılar arasında toqquşma baş verib.
Əslində, məsələnin mahiyyəti Ermənistan üçün daha da acınacaqlıdır. Baş nazir Nikol Paşinyan hakimiyyətə gəldiyi dövrdə ölkəyə xarici investisiyaların cəlb ediləcəyinə, iqtisadiyyatın inkişaf etdirələcəyinə söz vermişdi. Amulsar qızıl yataqlarının işlənməsi ilə bağlı qərar da bu istiqamətdə ən uğurlu addımlardan biri kimi piar kampaniyasında istifadə olunurdu. Lakin vəziyyət Paşinyanın əleyhinə çeıvrilməkdə davam edir. Bunu onun tərəfdarları da etiraf edirlər.
Hakim "Mənim addımım" blokunun deputatı Babken Tunyan olaylara münasibətini açıqlayıb. Onun sözlərinə görə, əgər qızıl yataqlarının işlənməsinin fəsadları ilə bağlı iddiaların heç bir əsası yoxdursa, buna maneə yaradılmamalıdır: ""Lidian" şirkətinin ekspertlərinin yekun rəyində də deyilir ki, mövcud risqlər idarə oluna biləcək səviyyədədir. Amulsar qızıl yataqları ilə bağlı istifadə icazəsinin geri alınması Ermənistanda bütün mədən sənayesi ilə bağlı icazələrin ləğvi anlamına gəlir. Biz buna hazırıqmı? Onsuz da vəziyyət daha pisdir. Amulsar qızıl yataqları ilə bağlı vəziyyət potensial sərmayəçilər üçün çox pis siqnaldır. Bu, investorlar üçün sərmayə qoyulacağı halda nələrin yaşana biləcəyini göstərən bir amildir”.
Görünən odur ki, Amulsarın istismarı asan olmayacaq. Hökumət qızıl mədəninin istismarına razılıq versə də, ölkədə əhalinin, ekoloqların bu qərara yönəlik artan etirazları Paşinyanın Amulsarla bağlı verdiyi qərarı dayandırmasına gətirib çıxara bilər.
Maraqlıdır, ölkədə Amulsarla bağlı artan etirazlar fonunda mədənin istismarı dayandırılsa, bu, Ermənistan iqtisadiyyatının əsaslarına necə zərbə vuracaq?
Arzuxan Əlizadə: "Bu da ölkə iqtisadiyyatına ciddi zərbə vuracaq”
Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, Amulsarla bağlı qərar geri oxunsa, bu, Ermənistan iqtisadiyyatına ciddi zərbə olacaq: "Söhbət təkcə 31 milyon ton qiymətli filiz və 40 ton təmiz qızıl ehtiyatının istismarının dayandırılmasından getmir. Düzdür, sözügedən ehtiyatlar Ermənistan iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir. Bunun sayəsində Ermənistan müəyyən gəlirlər əldə edəcək. Nəzərə almaq lazımdır ki, Amulsar Ermənistanda ikinci böyük yataq hesab olunur. Ancaq burada əsas məsələ xarici investorların etimadı ilə bağlıdır. Məsələ ondadır ki, Paşinyan Amulsarın istismarını dayandırmaq məcburiyyətində qalsa, xarici investorların inamı sarsılacaq. Zatən, Ermənistanda bu sahədə ciddi problemlər var. Uzun müddət Paşinyanın Ermənistana investisiya yatırılması ilə bağlı çağırışları cavabsız qalıb. Sərmayəçilər ölkədə vəziyyətin sabitləşməsini gözləyirdilər. İndi isə Amulsar qızıl yataqları ətrafında gedən proseslər xarici sərmayənin cəlbi baxımından yaxşı perspektiv vəd etmir. Fikrimcə, Amulsarın istismarı dayandırılsa, Emənistana sərmayə yatırmaqda onsuz da könülsüz olan investorlar ölkəni tərk edəcəklər. Bu da ölkə iqtisadiyyatına ciddi zərbə vuracaq”.