Co Baydenin son bir ildə İlham Əliyevə göndərdiyi 4 məktubu və dəyişən strateji 5 məqam

Milli Məclisin deputatı, ATƏT PA-da Azərbaycan Nümayəndə Heyətinin rəhbəri, ATƏT PA-nın Vitse-Pridenti Ayaz Quliyev:

"Co Baydenin son bir ildə İlham Əliyevə göndərdiyi 4 məktubu və dəyişən strateji 5 məqam
Mayın 20-də ABŞ-ın prezidenti Co Bayden həmkarı cənab İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik etdi.
Bu, ABŞ prezidentinin son bir ildə Azərbaycan Prezidentinə göndərdiyi sayca 4-cü təbrik məktubu idi. Yəni, 2021-ci ilin martın 18-də  Novruz bayramı, həmin ilin mayın 24-də  “28 May - Respublika Günü”,  20 mart  2022-ci ildə, yenə, Novruz bayramı və nəhayət, qeyd etdiyim kimi 20 may 2022-ci ildə Müstəqillik Günü münasibətilə göndərdiyi təbrik məktubu. 
Məlumdur ki, təbrik məktubları sadəcə təbrik xatirinə yazılmır, bu cür məktublarda  ölkələrin bir-birinə münasibəti, həmin dövrə aid əməkdaşlığın durumu və  gələcəyə yönəlmiş ciddi mesajlar qeyd olunur. Bu baxımdan son 4 məktubun məzmunun təhlili maraq doğurur. Çünki, bu bizə ikitərəfli münasibətlərdə və strateji baxışda nəyin dəyişdiyini görməyə imkan verir. 
İndi isə, baxaq görək, son bir ildə Co Bayedenin Azərbaycana yönəlik mesajlarında nə dəyişdi?
18 mart 2021-ci il təbriki:
1) Mənim administrasiyam təhlükəsizliklə bağlı ümumi narahatlıqlar və regional barışıq məsələlərinin həlli istiqamətində Azərbaycanla birgə çalışacaqdır. 
2) ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi, biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə uzunmüddətli həllinə nail olmaq üçün tərəflərə yardım etməyə, firavan və dinc gələcək naminə Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına sadiq qalırıq. 
3) Biz, həmçinin iqtisadiyyatınızın şaxələndirilməsi və Xəzər dənizində enerji imkanlarının inkişafı ilə bağlı səylərinizi dəstəkləyirik. Amerika Birləşmiş Ştatları iqtisadi əməkdaşlıq üçün yeni imkanları nəzərdən keçirmək arzusundadır.
4) Münaqişə və koronavirus pandemiyası ilə yadda qalan bir ildən sonra Azərbaycanın bu çətinliklərdən insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməklə və qonşuları ilə sülh içində yaşamaqla daha da firavan bir dövlət kimi çıxmasına ümid edirəm.
24 may 2021-ci il təbriki:
1) Bu il Azərbaycanın müstəqilliyinin 1991-ci ildə bərpa edilməsindən 30 il keçir. Bu müddət ərzində Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası xalqlarımız arasında əlaqələri gücləndirərək təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində birlikdə çalışıblar.
2) Amerika Birləşmiş Ştatları ötən il Cənub Qaz Dəhlizinin işə salınması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri və bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətiyyətlə dəstəkləyir. 
3) Biz Azərbaycana NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyə görə minnətdarıq. 
4) ATƏT-in Minsk qrupunun həmsədri olaraq münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlarda kömək etməyə sadiq qalırıq.
5) Münaqişə və koronavirus pandemiyası ilə yadda qalan bir ildən sonra Azərbaycanın bu çətinliklərdən insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməklə və qonşuları ilə sülh içində yaşamaqla daha da firavan bir dövlət kimi çıxmasına ümid edirəm.
20 mart 2022-ci il təbriki:
1) Bu il Birləşmiş Ştatlarla Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyidir. Bu ildönümünü qeyd etdiyimiz bir zamanda Administrasiyam Cənubi Qafqazda demokratiya, sülh və tərəqqini dəstəkləməyə davam edəcəkdir. 
2) Biz, həmçinin ortaq təhlükəsizlik narahatlıqlarını həll etmək, regional barışığa təşviq etmək və iqtisadi əməkdaşlıq üçün yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik.
20 may 2022-ci il təbriki:
1) Biz bu il Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. 
2) Ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığımız tarixin mühüm anında öz bəhrəsini verir, Azərbaycan Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynayır. 
3) Azərbaycanın Ukraynanın suverenliyinə dəstəyi, habelə Ukraynaya göstərdiyi humanitar və enerji sahəsində yardımı vacib ismarışdır. 
4) Biz, həmçinin Sizin terrorizmə qarşı qlobal mübarizəyə verdiyiniz əhəmiyyətli töhfələrinizi təqdir edirik.
5) İndi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır. Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır. 
6) Biz Azərbaycanı bütün azərbaycanlıların hüquq və fundamental azadlıqlarını qoruyan demokratik idarəetmə və islahatlar istiqamətində məqsədyönlü addımlar atmağa dəvət edirik.
7) Rusiyanın Ukraynaya qarşı müharibə ilə beynəlxalq təhlükəsizliyin əsas sütunlarını sıradan çıxarmağa çalışdığı bu qlobal qeyri-sabitlik dönəmində Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq edir. 
😎 Biz qarşıdan gələn illər və onilliklərdə münasibətlərimizi daha da genişləndirmək arzusundayıq.
Göründüyü kimi, ABŞ Prezidenti cənab Co Baydenin Azərbaycanın Prezidenti cənab İlham Əliyevə göndərdiyi sonuncu məktub məzmun və məna baxımından əvvəlkilərdən çox fərqlənir və mətndə verilən mesajların bir çoxu strateji baxımdan mühüm yeniliklərdi.
İlk növbədə onu qeyd etmək istərdim ki, 20 may 2002-ci il tarixli məktubda əvvəlkilərdən fərqli olaraq nə Dağlıq Qarabağ münaqişəsinin həllinə, nə də ATƏT-in Minsk qrupuna heç bir istinad yoxdur. Bu faktın özü onu göstərir ki, Co Bayden bu məsələ ilə bağlı Azərbaycanın məlum mövqeyini qəbul edir və ona hörmətlə yanaşır. Baxmayaraq ki, bir neçə həftə öncə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtona etdiyi səfər zamanı dövlət katibi Blinkeni inandırmağa çalışırdı ki, dağlıq Qarabağ münaqişəsi həll olunmayıb və bunun üçün ABŞ ATƏT-in Minsk qrupunun fəaliyyətini bərpa etməlidir.  Ancaq, Bayden bu bəyanatı ilə  Ermənistanın heç bir aktuallığı qalmayan köhnəlmiş tezislərini deyil, Azərbaycanın real və praqmatik siyasətini müdafiə etməyə üstünlük verdi.
Bundan başqa, ABŞ prezidenti dəyişən dünya düzənində Azərbaycanın yerini və əhəmiyyətini  düzgün qiymətləndirərək 5 yeni strateji tezisi ilk dəfə olaraq  məktubun mətninə əlavə etdi:
1) ABŞ Azərbaycanın  Avropa və dünya bazarlarının enerji təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynadığını qeyd edir. Əvvəlki mətnlərdən fərqli olaraq ABŞ ilk dəfədir ki,  dünya enerji bazarında   həm təhlükəsizliyin təminində, həm də bazarın sabitləşməsində Azərbaycanın rolunu xüsusi olaraq vurğulayır. 
2) ABŞ Azərbaycanın Ukraynanın suverenliyinə verdiyi dəstəyi, habelə Ukraynaya göstərdiyi humanitar və enerji sahəsində yardımı vacib addım hesab edir və bunu alqışlayır. Yəni, ABŞ Azərbaycanın hansı risklər  və çətinliklər hesabına Ukraynaya dəstək verdiyinin fərqində olduğunu və ölkəmizin bu cəsarətli addımını, beynəlxalq hüquqa sadiqliyini yüksək qiymətləndirdiyini bildirir.
3) ABŞ hazırda Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkanın olduğuna inanır və bu baxımdan Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazır olduğunu bildirir. Bununla ABŞ bütün Qafqaz və  hətta Trans-Xəzər regionunun inkişafında, Cənubi Qafqazda  sülhün əldə olunmasında Azərbaycanın müstəsna roluna və imkanlarına diqqət çəkir və bizə hərtərəfli dəstək verəcəyini vəd edir. 
4) Rusiyanın Ukraynaya qarşı müharibə ilə beynəlxalq təhlükəsizliyin əsas sütunlarını sıradan çıxarmağa çalışdığı bu qlobal qeyri-sabitlik dönəmində Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq edir.  Bu çox önəmli bənddir və bu cümlə ilə ABŞ hazırda dünyada və regionda  yaşanan geosiyasi türbulanslar fonunda Azərbaycan üçün ən önəmli məsələyə- onun  ərazi bütövlüyünə, suverenliyinə və təhlükəsizliyinə ciddi dəstək verdiyini açıq mətnlə ifadə edir. 
5) ABŞ qarşıdan gələn illər və onilliklərdə Azərbaycanla münasibətləri daha da genişləndirmək arzusunda olduğunu vurğulayır. Yəni, əvvəlki mətnlərdən fərqli olaraq əməkdaşlığın inkişafı nəzərdən keçirilmir, qəti olaraq bildirilir ki,  ABŞ Azərbaycanı bundan sonra, gələcək on illər ərzində özünün stateji tərəfdaşı kimi görür və əməkdaşlıq imkanlarını genişləndirməyi planlaşdırır. 
Əlbəttə, Rusiya-Ukrayna müharibəsi və Ermənistan Azərbaycan münasibətlərinin normallaşmasına edilən cəhdlər  fonunda ABŞ-ın Azərbaycana bu cür açıq dəstək verməsi çox böyük siyasi və strateji əhəmiyyətə malikdir. 
Bütün bunlar isə Azərbaycanın Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin nə qədər düzgün və uzaqgörən siyasət olduğunu bir daha isbatlamış olur. 
Ümid edək ki, ABŞ prezidenti Co Bayden bundan sonra Azərbaycanla  münasibətlərdə yazdığı məktubun ruhuna uyğun davranacaq və erməni lobbisinin təzyiqlərinə əhəmiyyət vermədən qeyd etdiyi istiqamətlərdə ölkəmizə real və praktiki dəstək verəcəkdir."