Demokratiya Sammiti"nə dəvət olunan dövlətlərin siyahısına baxmaq kifayətdir

Qərb Azərbaycanın da yerləşdiyi bölgəyə hər zaman demokratiya, insan haqları şüarları ilə girməyə cəhd edib. İllərlə bu dəyərləri sözdə istismar edərək burada möhkəmləndi. Amma bu cür maskalanmaq, oyunbazlıq da bir yerə qədər idi. Fakt budur ki, Qərb nə verdiyi vədləri yerinə yetirdi, nə də bölgənin demokratikləşməsində maraqlı oldu. Sadəcə, keçici maraqlar naminə parıltılı şüarlar, vədlər verdi.

Əslində Qərb faktoru azərbaycanlılar üçün 44 günlük Vətən müharibəsində bitdi. Fransa başqa olmaqla, əksər Avropa ölkələrinin, Qərb təşkilatlarının Ermənistanı müdafiə etməsi gözümüzü açdı. Cəmiyyətimizdə Rusiyanın Azərbaycana qarşı Avropadan daha ədalətli mövqe ortaya qoyması rəyi belə yarandı. Azərbaycan bu savaşda gerçək dostunun, müttəfiqinin kim(lər) olduğunu gördü, anladı. İnsanlar maşınlarının şüşələrində, dükanlarının önünə, evinin darvazasında, məhləsində Azərbaycanın, Türkiyənin, İsrailin və Pakistanın bayraqlarını dalğalandırırdı. Bir sözlə, ortaya o gerçəklik çıxdı ki, xalqı aldatmaq və zorla yönəltmək olmaz...

AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramov “Demokratiya sammiti” adlanan oyuna diqqət çəkdi: “Təəssüflə qeyd etməliyəm ki, müasir dünya siyasətində demokratiya təkcə azad söz, azad mətbuat, azad seçki, insan hüquqları və sair kimi mütərəqqi ideyalar deyil. Müasir siyasi proseslərdə demokratiya və insan haqları həm də bəzi Qərb dövlətlərinin ayrı-ayrı dövlətlərə qarşı istifadə etdiyi geosiyasi təzyiq alətidir. Başqa sözlə, Qərb üçün demokratiya və insan haqları anlayışı digər dövlətlər üzərində həyata keçirmək istədikləri total nəzarət mexanizmidir. Bunu təsdiq etmək üçün uzağa getməyə də ehtiyac yoxdur. Elə ABŞ-ın təşkilatçılığı ilə dekabr ayının 9-10-u tarixlərində keçirilməsi planlaşdırılan ”Demokratiya Sammiti"nə dəvət olunan dövlətlərin siyahısına baxmaq kifayətdir ki, ABŞ başda olmaqla, Qərbin “demoktariya” anlayışı haqqında tam təsəvvürə malik olaq. Məlum olduğu kimi, nə Azərbaycan, nə Türkiyə, nə də Avropanın göbəyində yerləşən və bizimlə yaxşı münasibətlərdə olan Macarıstan, Bosniya-Hersoqovina həmin sammitə dəvət almayıblar. Əvəzində isə Afrika qitəsindən Qana, Liberiya, Malavi, Mauritius, Namibiya, Niger, Nigeriya, Yaxın Şərqdən İraq, Hind Okeanı dövlətlərindən Keniya, Hindistan, Cənubi Qafqazdan Ermənistan və s. dövlətlər “Demokratiya Sammiti”nə dəvət olunanlar siyahısındadır. Başqa sözlə, Qərb üçün məsələn, 100 il ərzində oturuşmuş demokratik quruluşa malik Türkiyə deyil, işğalçı və terror ölkəsi olan Ermənistan, seçkilər, hətta hakimiyyət bölgüsü belə, xalqın iradəsinə yox, xarici qüvvələrin təlqin etdikləri etnik-dini ayrımçılğa əsaslan İraq, 70 ilə yaxındır ki, mövcud olan və keçirilən heç biri seçkisi müxalifət tərəfindən tanınmayan Keniya kimi “demokratik” dövlətlər, Hindistan və Filippinin ən avtoritar liderləri sayılan Narendra Modi və Rodrigo Duterte isə demokratik liderlər hesab olunur. Beynəlxalq güclərin və Qərb dairələrinin 44 günlük Vətən savaşındakı davranışı, sərgilədiyi mövqe və ümumiyyətlə, Qərbin demokratik dəyərlərə bu şəkildə baxışı, tətbiq etdiyi ikili standartlar istər-istəməz təkcə bizdə deyil, bir çox dünya insanında demokratik dəyərlərə olan inamın azalmasına gətirib çıxarır".“Yeni Müsavat”

Millət