Deputat Əsabil Qasımovdan prezidentə şikayət olundu

Qarabağ müharibəsi veteranı Hacızadə Rövşənin bacısı Güllü Hacıyeva prezident İ.Əliyevə müraciət edib. "Millət"ə daxil olan həmin şikayətdə bildilir:"Bildirmək istəyirəm ki, qardaşım Hacızadə Rövşən Hacı oğlu Yeni Azərbaycan Partiyasının üzvü, Milli Məclisin deputatı Əsabil Qasımovun başçılıq etdiyi bir qrup şəxs tərəfindən həm saflığından, çarəsizliyindən və xəstəliklərindən, həm də hüquqi savadsızlığından istifadə edilərək aldadılmış və Əsabil Qasımovun yaxın ətrafı rəsmi sənədlərdə saxtakarlıq həyata keçirərək qardaşıma imza etdirməklə "Karat" MTK-nın möhürü ilə təsdiq edərək cinayət törətmişlər. Lakin həqiqi cinayətkarlar güclərindən istifadə edərək çöldə sərbəst şəkildə gəzdiyi halda günahsız bir insan cinayətkar adı ilə istintaqa cəlb edilərək həbs edilmişdir. Qeyd edim ki, qardaşım maddi vəziyyətinin pis olması səbəbindən xəstə olmasına rəğmən ailəsinin normal yaşayışını təmin etmək üçün 2003-cü il 24 avqustunda günəmuzd olmaqla deputat Əsabil Qaımova məxsus Karat MMC-də qarovul vəzifəsində işə başlamışdır. Bir müddət keçdikdən sonra həmin MMC-nin rəhbərinin qeyri-rəsmi göstərişi ilə komendant vəzifəsində çalışmağa başlamışdır. Göründüyü kimi qardaşım şirkətdə heç bir mühim vəzifə daşımamış, yalnız texniki işlərin görülməsi üçün işə qəbul edilsə də, saxta sənədlərdə adı yalandan "İcraçı direktor", "Tikintinin nümayəndəsi" kimi göstərilərək səlahiyyəti olmadan saxta sənədlərə imzaların atılmasına məcbur edilmişdir.

Qeyd edim ki, Karat MMC deputat Əsabil Qasımov tərəfindən yaradılmış və o, 2010-cu ildə deputat seçilənə qədər şirkətin prezidenti vəzifəsini daşımış və birbaşa rəhbərliyi də həmin şəxs həyata keçirmişdir. Adı çəkilən Karat MMC 2008-ci ildən Mənzil Tikinti Kooperativi kimi qeydə alınmışdır. 2006-cı ildən isə Karat MMC-nin də daxil olduğu "Karat Holdinq" yaradılmışdır. Həmin Holdinqdə və MTK-da idarəçiliyi Əsabil Qasımov deputat seçiləndən sonra onun oğlu Taleh Qasımov və yaxın qohumları Umud Umudov və Qərib Əmiraslanov həyata keçirsə də faktiki rəhbərliyi və nəzarəti yenə də Milli Məclisin deputatı Əsabil Qasımov həyata keçirir.

"Karat Holdinq"in tərkibinə bizə məlum olan aşağıdakı bir çox şirkətlər daxildir: Karat MTK, İdeal MMC, İzmir MMC (tikinti şirkətləri); Azinvest Tikinti Şirkəti; Everest-M, Şin Servis (armatur alğı-satqısı); Karmen MMC (dəyirman və un alğı-satqısı); Hökməlidə Makaron Fabriki; Hökməlidə Kisə Fabriki; ASTEL MMC (Məhəmmədi, Mehdiabad və Şamaxıda Quşçuluq Fabrikləri); Taxıl Anbarları və Dəyirman Kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində); Gəncə Fatoğlu (un dəyirmanı); Bakı şəhəri, Zərifə Əliyeva küçəsində 18 mərtəbəli iki Marina Plaza oteli; Zərifə Əliyeva küçəsində iki mərtəbəli restoran; Bakı şəhəri Səməd Vurğun küçəsində Ağ Saray Binası; Bakı şəhəri Xan Şuşinski küçəsi 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Süleyman Rüstəm küçəsi 61-də yerləşən 18 mərtəbəli dörd bina; İzmir küçəsi 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina; Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina, Süleyman Rüstəm küçəsi 61-də yerləşən Premium Market və.s. Bunlar sadəcə bizə məlum olan şirkət, fabrik və binalardır, lakin deputat Əsabil Qasımovun bunlardan başqa saysız hesabsız əmlaka və mülklərə də sahib olduğu hər kəsə məlumdur. Bir deputatın bu qədər əmlaka qanuni və halal yolla sahib olması mümkün deyildir və ona görə də həmin əmlaka necə və hansı yolla sahib olduğu müvafiq orqanlar tərəfindən araşdırılarsa törətdiyi bütün cinayətlərin və qanunsuzluqların ortaya çıxarılacağı aşkardır.

Deputat Əsabil Qasımovun qanunsuz hərəkətlərindən bəzilərini qeyd etmək istəyirik. Belə ki, yuxarıda qeyd olunan binalarda alğı-satqı müqaviləsi ilə müəyyən edilmiş mənzilin sahəsi ilə faktiki sahə üst-üstə düşmür və müştərilərin hər biri hər mənzildə 10-15 kv.m aldadılır. Binaların axırıncı mərtəbələri texniki sahə kimi qeydiyyatda olsa da onlar daha sonra qanunsuz olaraq yaşayış sahəsinə çevrilmiş və mənzil kimi müştərilərə satılmışdır. Həmçinin müştərilərə satılan qarajlar da daha sonra qanunsuz olaraq əllərindən alınmış və ya yenidən daha yüksək qiymətlərə təklif olunmuşdur. Bununla bağlı müştərilərdən bəziləri məhkəməyə müraciət etsə də Əsabil Qasımov yenə də öz gücündən istifadə edərək məhkəmələrə təsir göstərməklə işi öz xeyrinə həll etməyə nail olmuşdur. Digər tərəfdən qeyd olunan binaların yanğın təhlükəsizlik sitemi qanunun tələblərinə və texniki şərtlərə cavab vermir və tam yararsız vəziyyətdədir. Eyni zamanda Süleyman Rüstəm küçəsi ilə İmran Qasımov küçəsnin kəsişməsində yerləşən və "Premium Market" kimi fəaliyyət göstərən qeyri yaşayış sahəsinin Sərəncamla icazə verilən sahəsi 390 kv.m olsa da faktiki olaraq həmin sahə 515 kv.m təşkil edir.

Qardaşım Hacızadə Rövşən Hacı oğlu ehtiyatda olan zabit və müharibə veteranıdır. Ulu öndərimiz Ümumimilli Lider Heydər Əliyev cənablarının hakimiyyətə gəlişi orduda döyüş qabiliyyətinin və döyüş ruhunun yüksəlməsinə səbəb olduğundan Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak etmiş, 1993-cü ildən 2000-ci ilə qədər tank taborunun komandir müavini, tabor komandiri olaraq vətənə xidmət etmiş, Kəlbəcər, Ağdərə, Murov döyüşlərində iştirak etmişdir. 1993-cü ildə Qazax rayonunun Babakənd istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq kontuziya almış və əlil olmuşdur. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etməklə şücaətlər göstərmiş və müxtəlif medal və ordenlərlə təltif edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə təltif edilmişdir. Vətənə xidməti dövründə aldığı xəsarətlər səhhətinə ciddi təsir etdiyindən müxtəlif dövrlərdə stasionar və ambulator tibbi yardımlar almışdır. 26.09.2006-cı ildən 07.10.2006-cı ilə qədər, 20.09.2010-cu ildən 12.10.2010-cu ilə qədər, 20.05.2013-cü ildən 04.06.2013-cü ilə qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Dəmir Yol Xəstəxanasında 2-ci tip ağır formalı, insulin tələbatlı şəkərli diabet diaqnozu qoyulmuş və müvafiq aralıqlarla stasionar müayinədən keçmişdir. Bu gün də möhtərəm Prezidentimiz Ali Baş Komandanın əmri olarsa vətən yolunda canından keçməyə hazır olan, vətən uğrunda bu qədər xidmətləri olmuş, mükafatlandırılmış bir şəxsin dələduzluq kimi alçaldıcı bir cinayəti törədə biləcəyi mümkün deyil. Torpaqlarımızın bir hissəsinin hələ də erməni işğalçılarının nəzarəti altında olması müharibənin yenidən başlama ehtimalını artırır. Bu səbəbdən Qarabağ müharibəsi iştirakçısı və veteranına olan münasibət gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi üçün də əhəmiyyətlidir.

Bildirmək istəyirəm ki, deputat Əsabil Qasımov və onun yaxın ətrafı tərəfindən törədilən cinayətlər əvvəlcədən qurulmuş plan əsasında həyata keçirilmiş və bu məqsədlər üçün də qardaşımdan istifadə edilmişdir. Qeyd etdiyim kimi rəsmi sənədlərinin bir çoxunda saxtakarlıq həyata keçirilərək qardaşımın adını yalandan İcraçı Direktor kimi qeyd edərək bir çox qanunsuz sənədləri ona imza etdirməklə, MTK-nın möhürü ilə təsdiq etmişlər. Halbuki, MTK-nın möhürü "Karat" MTK-nın sədri Umud Umudovda olmuş və sənədlərə də möhür məhz onun tərəfindən vurulmuşdur. Əgər bir-çox sənədlərə imza onun tərəfindən ( Hətda Əsabil və Talehdə) atılmışsa belə MTK-nın sədri bu halı aşkar edərək möhürlə təsdiq etməməli və qardaşımı məsuliyyətə cəlb etdirməkdən ötrü aidiyyatı orqanlara şikayət etməliydi. Amma o bütün bunları etməmişdir, çünki bütün bunları əvvəlcədən planlaşdırmışdılar ki, məsuliyyət qardaşımın üzərində qalsın. Qardaşım isə onların özlərini təqsirsiz göstərməsi üçün oynadıqları bu oyunu anlayanda dərhal Əsabil Qasımovun görüşünə getmiş və bütün baş verənləri hüquq mühafizə orqanlarına və ictimaiyyətə bildirəcəyini demişdir. Bu sözləri deyib çıxanda Əsabil Qasımovun oğlu Taleh ona fiziki zor göstərmiş və hədə qorxu gəlmişdir. Onlar qardaşımın hüquq mühafizə orqanlarına şikayət etməkdə qərarlı olduğunu anlayan kimi ondan əvvəl hüquq mühafizə orqanlarına şikayət etmişlər. Hətta öz cinayət əməllərini ört basdır etmək üçün onlara bu işdə birbaşa kömək etmiş Məhərrəm və Emin adlı şəxsləri də saxta şahid kimi qardaşımım əleyhinə ifadə verdirmişlər. Şikayətdən dərhal sonra qardaşımı həbs etdilər. Onun həbs olunması nəticəsində Əsabil Qasımov və yaxın ətrafının cinayət əməlləri gizlədildi. Bütün bunlardan sonra mən şəxsən Əsabil Qasımovun qəbulunda oldum. Əsabil Qasımov heç nədən çəkinməyərək sifarişi onun verdiyini, qardaşım kimi yüzlərlə qurbanının olduğunu və həmin qurbanların şikayətlərinin indiyə kimi heç bir nəticə vermədiyini, ona görə müraciətlərimizin əbəs olduğunu bildirərək, qardaşımı içəridə çürüdəcəyi, bizi də həmin mənzərəyə tamaşa etdirəcəyi ilə hədəllədi.

Qeyd edilmiş hallar obyektiv, ədalətli və qanuni şəkildə araşdırılarsa qardaşımın günahsız olduğu (İstintaq aidiyyəti dəyişdirilərək MTN-İstintaq idarəsinə verilərsə hətda bir çox qaranlıq məqamlarada aydınlıq gətiriləcək), əsl cinayətkarın isə deputat Əsabil Qasımov və onun yaxın ətrafının olduğu tam aydın olacaqdır. Ona görə də Hacızadə Rövşən Hacı oğlunun təqsirsizliyinin sübuta yetirilməsilə bərabər qısa zamanda onun barəsində tətbiq edilmiş həbs qətimkan tədbirinin ləğvinə və onun cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınmasına son qoyulması üçün aidiyatı üzrə göstərişlər verilməsini və əsl cinayətkarların cinayət məsuliyyətinə cəlb edilməsinə köməklik göstərilməsini möhtərəm Prezidentimiz İlham Əliyev cənablarından xahiş edirəm.