Deputata qarşı şok ittihamlar

Tanınmış vəkil Ceyhun Yusifov Beynəlxalq Mətbuat Mərkəzində 79 saylı İmişli seçki dairəsindən Milli Məclisə deputat mandatı verilmiş Əsabil Qasımovun qanusuz hərəkətləri və Qarabağ qazisinə qarşı etdiyi haqsızlıqlarla bağlı Mətbuat Konfransı keçirib Mətbuat Konfransında vəkil bildirib ki, "Mən hər zaman Yeni Azərbaycan Partiyasını ədalətli bir partiya kimi tanımış və daim onun siyasi kursunu dəstəkləmişik. Lakin təəssüflər olsun ki, bəzi Partiya üzvləri bu məqsədlərdən yayınaraq və öz vəzifələrindən sui-istifadə edərək Partiyanın adına və nüfuzuna xələl gətirməyə çalışır. Bu şəxslərdən biri 2010-cu il deputat seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülərək 79 saylı İmişli seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Əsabil Qasımovdur. Deputat xalqı təmsil etmək, onların hüquqlarını qorumaq vəzifəsi daşısa da təəssüf ki, Əsabil Qasımov öz deputat statusundan və Partiyanın nüfuzundan istifadə edərək qanunsuz fəaliyyətlərlə məşğul olmaqla, insanların hüquqlarını pozmaqla, günahsız insanları həbs etdirməklə məşğuldur. Deputat Əsabil Qasımov tərəfindən insanların başına gətirilmiş müsibətlər, etdiyi haqsızlıqlar, deputat adı ilə bir araya sığmayan qanunsuz fəaliyyətlər barədə dəfələrlə mətbuatda materiallar dərc edilsə də həmin şəxs yenə də öz qanunsuz əməllərinə son qoymamış, bu fəaliyyətlərinə və hərəkətlərinə göz yumulduğu üçün tam əksinə daha da qəddarlaşmışdır. Əsabil Qasımovun qanunsuz əməllərinin növbəti qurbanı Azərbaycanın bütövlüyü uğrunda çalışmış Hacızadə Rövşən Hacı olmuşdur”.

Qeyd olunmuşdur ki:” Hacızadə Rövşən Hacı oğlu barəsində Azərbaycan Respublikası Baş Prokuroru Yanında Korrupsiya Qarşı Mübarizə İdarəsinin müstəntiqi Rəşad Mansurov tərəfindən deputat Əsabil Qasımovun göstərişi ilə əsassız və qanunsuz olaraq guya öz qulluq mövqeyindən istifadə edib özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etməkdə ittiham edilərək Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmış və barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hacızadə Rövşən YAP-çı deputat Əsabil Qasımovun başçılıq etdiyi bir qrup şəxs tərəfindən həm saflığından, çarəsizliyindən və xəstəliklərindən, həm də hüquqi savadsızlığından istifadə edilərək aldadılmış və Əsabil Qasımovun yaxın ətrafı rəsmi sənədlərdə saxtakarlıq həyata keçirərək qardaşıma imza etdirməklə "Karat" MTK-nın möhürü ilə təsdiq edərək cinayət törətmişlər. Lakin həqiqi cinayətkarlar güclərindən istifadə edərək çöldə sərbəst şəkildə gəzdiyi halda günahsız bir insan cinayətkar adı ilə istintaqa cəlb edilərək həbs edilmişdir. Halbuki o, Karat MMC-də qarovul vəzifəsində işləyib

Qeyd edim ki, Karat MMC deputat Əsabil Qasımov tərəfindən yaradılmış və o, 2010-cu ildə deputat seçilənə qədər şirkətin prezidenti vəzifəsini daşımış və birbaşa rəhbərliyi də həmin şəxs həyata keçirmişdir. Adı çəkilən Karat MMC 2008-ci ildən Mənzil Tikinti Kooperativi kimi qeydə alınmışdır. 2006-cı ildən isə Karat MMC-nin də daxil olduğu "Karat Holdinq" yaradılmışdır. Həmin Holdinqdə və MTK-da idarəçiliyi Əsabil Qasımov deputat seçiləndən sonra onun oğlu Taleh Qasımov və yaxın qohumları Umud Umudov və Qərib Əmiraslanov həyata keçirsə də faktiki rəhbərliyi və nəzarəti yenə də Milli Məclisin deputatı Əsabil Qasımov həyata keçirir. "

daha sonra mətbuat Konfrasında çıxış edən Hacızadə Rövşənın bacısı Güllü Hacıyeva çıxış edərək bir sıra faktları media nümayəndələrinin diqqətinə çatdırdı; "Əsabil Qasımov şirkətlərinin başında öz qumarbaz qohumlarını oturdub. Onun qohumları həmin 5 mənzili satıblar və aparıb qumarda uduzduqları adamlara veriblər. Deputatın qohumu Qərib Əmiraslanov mənzilləri satandan sonra Rusiyaya, oradan da Türkiyəyə gedib. Əsabil Qasımov bunu biləndən sonra onu orada tutdurub Bakıya gətizdirdi, 20 gün də türmədə saxlatdı. İndi isə həmin cinayəti Qarabağ uğrunda döyüşlərdə canını qoyan, bir neçə dəfə yaralanan, əlacsızlıqdan gedib Əsabil Qasımovun holdinqində qarovulçuluq, komendantlıq edən qardaşımın üstünə yıxır. Necə ola bilər ki, bir komendant milyardlarla pulu olan holdinqin sahibini aldadıb?”

G.Hacıyeva bildirdi ki, deputat şirkətinin inşa etdirdiyi binaların tikinti meydançalarında mal-materialları şəxsən sayır: "Əsabil Qasımov gecə yarısı tikinti meydançalarına gedib traktorların işığı altında tikintidə istifadə olunan armaturları bir-bir sayan adamdır. Belə bir adamın xəbəri olmadan şirkətinin tikdiyi binada mənzil satmaq olar? Əsabil Qasımov, sən mənzilin pulunu almamış, müqaviləyə möhür vuransan? Bunu ancaq onun yaxınları, qohumları edə bilər. Bu işdə günah onun oğlundadır. Haranı axtarsalar, Əsabil Qasımovun bir ”minus"u çıxacaq".

R.Hacıyevin bacısı deputatı saxta şahid axtarmaqda suçladı: "Karat” holdinqdə qardaşımın şəkilini vurub və altından yazıb ki, kim Rövşənin əleyhinə ifadə versə, mükafatlandırılacaq. Bu, saxta şahid yığmaqdır".

G.Hacıyeva "Karat” holdinqdə mənzil satışı zamanı yol verilən böyük vergi cinayətlərini də açıqladı: "Məndə olan məlumata görə Əsabil Qasımov mənzilləri öz yaxın qohumlarının adına rəsmiləşdirir. Qohumlarını çağırır və onlarla alqı-satqı müqaviləsi bağlayıb guya mənzili həmin qohumuna satır. Bunu niyə edir? Şəhərin mərkəzində olan binalarda mənzillərin kvadratını 110-120 manatdan olmaqla yaxınlarının adına rəsmiləşdirir. Halbuki həmin mənzillərin kvadratının real satış qiyməti 1200 manatdır. Beləliklə, vergi ödənəndə hər kvadrata görə 120 manatdan ödənir. Faktiki isə həmin mənzillərin kvadratı 10 dəfə baha satılır. Binaların üstündə olan texniki sahələr də sonradan mənzilə çevrilərək satılır. Hansını deyək? Bu adamın 30-dan artıq şirkəti var. Haradan alıb deputat bu qədər pulu? Bu adam sadəcə qohumlarına nəzarət edə bilmir, qardaşımı da günahsız olduğunu bilə-bilə həbs etdirməklə qohum-qardaşının gözünü qorxutmaq istəyir. Onları pullarını yeməkdən çəkindirmək istəyir. Xırdalanda qardaşı oğlunun yeyintisini üzə çıxarmışdı, o, ”Karat" holdinqə gedib orada demişdi ki, özümü asacağam. Bundan sonra ondan əl çəkdi. Bir fəhlə gedib işlədiyi fabriki baş direktorun möhürü olmasa sata bilər? Bu adamın Süleyman Rüstəm küçəsində "Premium” adlı marketi var. Vergidən yayınmaq üçün oranın kvadratını 309 kvadratmetr göstərib, faktiki isə 515 kvadratdan artıqdır. Bu necə deputatdır ki, böyük vergi cinayətlərinə yol verir? Mənim qardaşım o vəziyyətdədir ki, vəkillə görüşə gələ bilmir. O, torpaqlarımız uğrunda döyüşəndə Əsabil Qasımovun qohum-qardaşı Bakıda öz keflərində idilər. Mənim qardaşım 1 milyonluq mənzili necə sata bilərdi? Onun qohumları şirkətlərində unu satıb pulunu mənimsəyiblər. Əsabil Qasımova da deyiblər ki, unu nisyə vermişik. Aylar sonra Əsabil Qasımov araşdırıb, unu alan adamlar deyib ki, biz aldığımız malın pulunu vermişik. Sadəcə, bu adam o qədər şirkətə sahibdir ki, o qədər çox gəliri var ki, pullarına nəzarət edə bilmir. Qohum-qardaşı pulları dağıdır".

G.Hacıyeva onu da vurğuladı ki, deputat onun qardaşını ölümlə hədələyib: "Qardaşıma deyib ki, səni orada çürüdəcəyəm. İstintaqa təzyiq göstərir. Bizə açıq-aşkar deyirlər ki, bu sifarişdir. Onu deputat seçiblər ki, vətəndaşları toxunulmazlığından istifadə edib türmələrə saldırsın? Əgər qardaşıma qarşı haqsızlıq dayandırılmasa, mən Əsabil Qasımovun zülmündən bezdiyim üçün ”Karat" holdinqin qarşısına gedib üstümə benzin töküb özümü yandıracağam. İndidən deyirəm, mənim intiharımın baiskarı deputat Əsabil Qasımovdur".