Bunu “Dnestryanı Moldova Respublikasının prezidenti” Vadim Krasnoselski bildirib. Lakin o vurğulayıb ki, referendumun nəticələri bütün beynəlxalq iştirakçılar tərəfindən qəbul edilməlidir. Krasnoselskinin açıqlaması “prezidentin” mətbuat xidmətinin yaydığı videoda yer alıb.
Krasnoselski xatırladıb ki, Dnestryanı bölgədə hələ 2006-cı ildə öz müqəddəratını təyin etməklə bağlı referendum keçirilib. Onun sözlərinə görə, həmin vaxt vətəndaşların 97,1 faizi “DMR”in müstəqillik kursunu və sonradan Rusiya Federasiyasına sərbəst şəkildə birləşməsini dəstəkləyib.
Krasnoselski bildirib ki, bir neçə ay ərzində Dnestryanı bölgənin 60 mindən çox sakini Rusiya vətəndaşlığı almaq üçün müraciət edib, ümumilikdə isə “respublikada” artıq təxminən 220 min nəfərin Rusiya vətəndaşlığı var. Onun sözlərinə görə, buna Rusiya prezidentinin may ayında imzaladığı fərman şərait yaradıb.
Azərbaycan baxımından bu məsələ xüsusilə diqqətçəkəndir. Çünki separatçı qurumların ənənəvi siyasi mexanizmlərindən biri “əhalinin iradəsi”, “referendum”, “öz müqəddəratını təyin etmə” tezislərindən istifadə etməkdir. Lakin Qarabağ nümunəsi göstərdi ki, separatçı ərazidə keçirilən birtərəfli referendum və seçkilər ərazi bütövlüyü prinsipini avtomatik aradan qaldırmır və beynəlxalq legitimlik yaratmır. Bu baxımdan Dnestryanının yeni referendum təşəbbüsü Qarabağdan sonra regiondakı separatçı modellərin necə yenidən siyasi dövriyyəyə qaytarılmağa çalışıldığını göstərən mühüm hadisədir.
Burada bir fərq də var: Qarabağ məsələsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Dnestryanı məsələsində isə Moldova hələ reinteqrasiya problemini həll etməyib. Dnestryanı 20 il sonra referendumla nəyi dəyişmək istəyir: müstəqillik statusunu, Rusiyaya inteqrasiya iddiasını, yoxsa Moskvanın bölgədəki mövqeyini hüquqi-siyasi fakt kimi möhkəmləndirməyi? Maraqlıdır, Dnestryanı separatçılarının lideri referendum mövzusunu niyə məhz indi yenidən gündəmə gətirib?
AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov Musavat.com-da məsələyə bu cür şərh verdi: “Əvvəla ordan başlayaq ki, 2006-cı ildə keçirilmiş referendumda seçicilərin 97,1 faizinin müstəqillik kursunu və gələcəkdə Rusiyaya qoşulma variantını dəstəkləməsinə baxmayaraq ATƏT haqlı olaraq həmin səsverməni tanımadı və bildirdi ki, Moldova ərazi bütövlüyünü şübhə altına alan birtərəfli referendum legitim status müəyyən edə bilməz. Həmin vaxt ATƏT həmçinin azad və ədalətli səsvermə üçün siyasi plüralizm, media və digər demokratik şərtlərlə bağlı problemlərə də diqqət çəkmişdi. Bu səbəbdən yeni referendumun məqsədi, ən azı siyasi baxımdan, 2006-cı ildə elan edilmiş mövqeyi yenidən təsdiqləməkdən daha geniş ola bilər. Tiraspol üçün əsas məsələ nəticənin sadəcə daxili legitimlik aləti deyil, beynəlxalq danışıqlarda siyasi arqumentə çevrilməsidir. Krasnoselskinin xüsusilə referendum nəticələrinin “bütün beynəlxalq iştirakçılar” tərəfindən qəbul edilməli olduğunu vurğulaması da bunu göstərir.
Bilirik ki, Ukrayna müharibəsi və regiondakı dəyişən təhlükəsizlik mühiti Dnestryanının strateji əhəmiyyətini artırıb. Moldova Avropa İttifaqına inteqrasiya prosesini davam etdirərkən, Tiraspolun siyasi istiqaməti ilə Kişinyovun xarici siyasət kursu arasındakı məsafə böyüyür. Üstəlik, Rusiyanın bölgədəki təsiri yalnız siyasi bəyanatlarla deyil, vətəndaşlıq siyasəti ilə də möhkəmlənir. Hazırda Rusiya Dnestryanıda 220 mindən çox vətəndaşının olduğunu bildirir və bölgədə təxminən 1,500 nəfərlik Rusiya hərbi kontingentinin qalması məsələsi də mübahisə olaraq qalır. Ona görə də indiki vaxtda referendum təşəbbüsü ilk növbədə Moskvanın gələcək danışıqlardakı mövqeyini gücləndirən siyasi alət kimi nəzərdən keçirilə bilər".
Onun sözlərinə görə, Rusiyanın məqsədi referendum nəticələrini “xalqın iradəsinin yenilənməsi” kimi təqdim etməklə bunu Dnestryanı əhalisinin siyasi seçimlərinin dəyişmədiyini göstərən arqumentə çevirməkdir: "Lakin məsələ burasındadır ki, burada mühüm hüquqi məqam dəyişmir. Yəni birtərəfli referendum nəticələri beynəlxalq tanınmanı avtomatik olaraq yaratmır. Başqa sözlə 2006-cı ildəki şərtlər hələ də dəyişməyib. Belə ki, o zaman da ATƏT referendumun yalnız siyasi razılaşmadan sonra və azad, ədalətli şərtlərlə mümkün ola biləcəyini bildirmişdi. Beləliklə, Krasnoselskinin referendum mövzusunu yenidən gündəmə gətirməsi bir tərəfdən Rusiyanın bölgədəki siyasi rolunu möhkəmləndirmək, digər tərəfdən isə Tiraspolun əlində Moldovaya qarşı əlavə siyasi arqument formalaşdırmaq cəhdidir”.