Etibar Məmmədov "Lefortovo gündəliyi" (DAVAMI)

Ərizə

Birinci ərizəmə cavab almadığım üçün ikinci dəfə müraciət edirəm.Birinci ərizəmə cavabın əvəzinə fevralın 2-də cinayət məsuliyyətinə müttəhim kimi cəlb olunmağım haqqında prokurorun qərarını aldım.Bu qərar da əvvəlki kimi ÇK-dan köçürülmüş ibarələrdən ibarət idi.

İstintaqın gedişi göstərdi ki, məni əvvəl həbs ediblər, sonra isə sübut axtarmağa başlayıblar.

Ona görə qəti etirazımı bildirərək tələb edirəm ki, özümü siyasi məhbus hesab etdiyim üçün vəkil ibtidai istintaqa buraxılsın.

19.02.90.Bazar ertəsi.

Bu gün səhər saat 10-da çağırdı.Yanvarın 19-da baş vermiş hadisələri danışdım.Gecə saat 12-dək olmuş hadisələri, yəni Bakıya ordunun hücumunun başlanmasınadək olmuş hadisələri danışdım.Dedi ki, sonrakı hadisələri növbəti instantaqda danışarsan.Bildirdi ki, Bakıda general Sokolov artıq dindirilib.Mənim işimə aidiyyatı olan bütün şəxslər , o cümlədən Primokov və Girenko da danışdırılacaqlar.

İstintaqın sonunda evdən tapılmış patronların ( 4 naqan və 7 qaz) ekspertizaya göndərilməsi haqqında qərarla tanış etdi.Bildirdim ki, naqan patronları Laçın səfəri zamanı yolun təhlükəli hissəsini keçərkən mənə verilmiş naqanın patronlarıdır, yaddan çıxıb qalıb.Qaz patronları isə gözyaşardıcı xüsusiyyətlidir və dekabrın əvvəllərində mənə qarşı dövlət orqanları tərəfindən sui-qəsd hazırlanması haqqında xəbərdarlıq aldıqdan sonra özümü müdafiə etmək məqsədi ilə saxlanılırdı.Saat 8-də istintaq qurtardı və vəd etdi ki, işi surətləndirəcək.Ayrılanda dedi ki, Azərbaycanın daimi nümayəndəliyində olub, İbrahimov və Rüstəmzadə ilə görüşüb.Nümayəndəliyə dəyən ziyan çox deyil, cəmi 107 manatdır.Daha sonra bildirdi ki, sən demə Rüstəmzadənin səndən heç xoşu gəlmirmiş.Bildirdim ki, buna heç də təəccüb etmirəm, çünki Vəzirovun qohumundan başqa münasibət gözləməyə heç bir əsasım yoxdur.Bu söhbətdə Barannikov da iştirak edirmiş və onun sözlərinə görə Bakıda Cəbhənin maliyyə vəziyyəti yoxlanılıb və guya ki, idarə heyyətinin üzvləri on minlərlə manat vəsaitdən sui-istifadə ediblər.Hiss olunur ki, yenə maliyyə məsələsi vasitəsilə Cəbhəni nüfuzdan salmağa cəhd edirlər.Yəqin tətilçilərə verilmiş vəsaiti sui-istifadə kimi qələmə verməyə çalışacaqlar.

20.02.90.Çərşənbə axşamı.

"Əsəb oyunu " davam edir.

21.02.90.Çərşənbə.

Saat 12-yə qalmış çağırdı.Əsəbi idi.Dedi ki, şikayət yazmağa başlamısan.Bildirdim ki, hər kəs öz huququndan istifadə etməlidir.Məmməd Əlizadənin yanvarın 23-də evindən və iş yerindən patron (50 xırdaçaplı, 160 Makarov) tapılması haqqında sənədi göstərdi və dedi ki, əgər onların ekspertizaya göndərilməsinə etirazın yoxdursa qərara qol çək .Doğrusu, özümü saxlaya bilməyib əsəbi halda bildirdim ki, mənə aid olmayan heç bir sənədə qol çəkmək fikrim yoxdur.O da əsəbi halda cavab verdi ki, siz hamınız bir işin tərkibində gedirsiniz və özünü siyasi məhbus kimi qələmə verməyə cəhd etmə , qatillərlə bir cərgədə məhkəmə qarşısında dayanacaqsan.Nə isə əsəbi halda ayrıldıq.İstintaq cəmi 20 dəqiqə çəkdi.

22.02.90.Cümə axşamı.

Saat 12-yə yaxın çağırdılar.İçəri girəndə hiss etdim ki, nə isə yenilik var.Stolun üstündəki məktuba baxdıqda Eldarın xəttini tanıdım və çox sevindim.Yazırdı ki, evdə hər şey qaydasındadır, salamatçılıqdır.Ən çox uşaqlar üçün narahat idim, çox şükür ki, məktubda onların salamat olmaları haqqında yazılmışdı.

Bildirdi ki , qardaşın gəlmişdi.Anarla birlikdə.Nümayəndəlikdə bildiriblər ki, mənə qarşı burada fiziki qüvvə işlədiblər və Anar da deputat kimi yoxlamağa gəlib.Onun dediyindən belə çıxırdı ki, belə məlumat arxadan zərbədir və xahişi budur ki, Eldara məktub yazıb özümü yaxşı hiss etdiyimi bildirim.Birinci məktubumu qəbul etmədi və bildirdi ki, öz qüvvəmə həmişəki kimi inamın olması barədə cümlə nəyə isə işarədir.Məktubu yenidən yazdım və həmin cümləni çıxardım.Bu proses cəmi yarım saat çəkdi və bildirdi ki, nahardan sonra yenidən çağıracaq.Anarın da xahişini bildirdi ki, onun vizit vərəqəsini mənə çatdırmaq məsələsini həll edə bilməz və məktubla birlikdə işin içərisində saxlayar.

Nahardan sonra saat 5-ə yaxın çağırdılar.Dedi ki, qardaşınla görüşdüm, xahiş etdiyin tütün və qəlyanı gətirib , anbardan ala bilərsən.Sonra Poxil daxil oldu, nə isə bir qəzet gətirmişdi.Uzaqdan adını oxuya bildim –" Vətən” rus dilində.Dedi ki, sənin mətbuat konfransındakı bəyanatın çap olunub.Sonra özümü necə hiss etdiyimlə maraqlandı, pulum olub-olmadığını soruşdu.Hiss olunurdu ki, nə isə əl-ayağa düşüblər.Müstəntiq isə Məmmədin patronları haqqında protokolu təzələyib sonunda boş yer qoymuşdu ki, nə istəsəm yazım.Yazdım ki, onların mənə heç bir aidiyyatı olmadığı üçün həmin iş məni maraqlandırmır.Yenə də cəmi yarım saat çəkdi.

Qayıtdıqdan sonra rəisin müavini Bordyukov kameraya gəldi, özümü necə hiss etdiyimi və nəyə ehtiyacım olduğunu soruşdu.

23.02.90.Cümə.

Səhər saat 11-də çağırdı.Yanvarın 20-də baş vermiş hadisələrin şərhini verdim.Həmin gecəki hadisələri saatbasaat öyrənməyə, ən əsas isə həmin gecə mənim haralarda olduğumu və kimlərlə görüşdüyümü öyrənməyə cəhd edir.Yalnız səhər saat 9-da mənim xahişimlə Xanların maşınla gəldiyini və günortayadək onun maşınında şəhəri gəzdiyimi, mitinqdə olduğumu, çıxış etdiyimi və sonra ayrıldığımı bildirdim.Sonra isə şəhərdə hakimiyyətin hərbiçilərin əlində olduğunu nəzərə alaraq idarə heyətinin tələbi ilə gizli şəraitə keçmək məcburiyyətində qaldığımı göstərdim.Bununla da həmin günün hadisələrinin şərhi bitdi.Yenə də bildirdi ki, Bakıda mənə qarşı dövlət idarələri tərəfindən hazırlanan tədbirlər haqqında rəsmi ərizə yazım.Hələ tezdir!

24.02.90.Şənbə.

Gün keçdi.

25.02.90.Bazar.

Bu gün də boş keçdi.

26.02.90.Bazar ertəsi.

Bu gün həbs olunmağımın düz bir ayı tamam olur.Keçən 31 gün ərzində cəmi 13 dəfə istintaqa çağırılmışam.Hələ ki, öz rəvayətimi danışıb qurtarmağa imkan vermir.Təəccüblüsü odur ki, elə bir ciddi sual da vermir.Yəni istintaq , mənim fikrimcə , hələ ki, səmərəsiz keçir və müstəntiqin məqsədi uzadılan vaxt ərzində nə isə təkzibolunmaz sübut (başqalarından) əldə etməkdir.Müstəntiqin özü ilə söhbətdən aydın olur ki, əllərində elə bir sübut yoxdur, ancaq fərziyyə var.Ancaq tez-tez deyir ki, istənilən qədər sübut var, onları nə vaxt təqdim etmək isə mənim işimdir.Nə isə, hələ ki, çəkişirik.

Saat 11 –də çağırdı.Söhbəti davam etdirdik.Maraqlanır ki, yanvarın 20-22-də kimin evində qalmışam, kiminlə və kim vasitəsi ilə əlaqə saxlamışam.Bildirdim ki, şəhərdəki və respublikadakı vəziyyət haqqında mötəbər mənbələrdən tam məlumatım var idi, lakin məlumat mənbələrini və kimlərin mənə kömək etdiyini deyə bilmərəm...Çox maraqlanırdı ki, Bakıdan necə və kimin köməyi çıxmışam.Yenə də bildirdim ki, mənə kömək etmiş adamların adlarını deyə bilmərəm.Bakıdan isə sadecə olaraq maşınla çıxmışam və yollar tamamilə boş idi.Bütün yol boyu mənə kimlərin kömək etməsi ilə təkidlə maraqlandı.Ona toxunan odur ki, Moskvada nümayəndəliyə gəlib çıxanadək DTK mənim harada olduğumu bilməyib.Lakin deyir ki, nəzarət var idi və istəsəydik səni aeroporta götürərdik.Gopdur.Bildirdi ki, gecə nümayəndəliyə hücum edənlər DTK-nın terrorçular əleyhinə hazırlanmış xüsusi dəstəsi imiş.Nümayəndəlikdən üzr istəyiblər və otaqları da təmir ediblər.Hücum isə ona görə olub ki, guya mən tam silahlı olmuşam və yanımda xüsusi hazırlıqlı silahlı dəstə olub.Nə isə, yenə də söhbəti qirtara bilmədik.Dedi ki, mətbuat konfransı haqqında növbəti istintaqda danışarsan.

Sonra bildirdi ki, Anar da vəkil məsələsi ilə maraqlanıbmış və ona deyiblər ki, mən özüm ərizə yazmışam və ərizəyə baxırlar.Deyir ki, səndən xoşum gəlir, ancaq özündən çox razısan.Dedim ki, bu özümdən razılıq deyil, özünə inanmaqdır.Və tam əminəm ki , məni burada nə qədər saxlasalar da, xeyri yoxdur, verilən ittihamla ancaq bəraət ala bilərəm.Bildirdi ki, o isə tam əmindir ki, hər şey sübuta yetiriləcək və məndən soruşdu ki, özünü heç bir şeydə günahkar hesab etmirsən, Dedim ki, günahım varsa da, ancaq öz xalqım qarşısındadır və ona da cavab verməyə hazıram.Sizin imperiyaya isə heç bir borcum yoxdur.

(Ardı var)