Elşən Mustafayev: "ABŞ-ın üstünlüyünün daha da artması gələcəkdə Gürcüstan və Azərbaycanda fərqli situasiyalar yarada bilər”
ABŞ rus qoşunlarının Gürcüstandan çıxarılmasını istəyir və bununla bağlı ən yüksək səviyyədə bəyanat verib. ABŞ-ın dövlət katibi Pompeo Vaşinqtonda Gürcüstan-ABŞ strateji tərəfdaşlığına həsr olunan illik toplantının açılışında bildirib ki, ölkəsi birmənalı şəkildə Rusiyanın Gürcüstan ərazilərini işğal etməsi faktını pisləyir: "Rusiyanın güc tətbiq etməklə Gürcüstan ərazisini işğal etməsi dünyadakı təhlükəsizlik və sülhə təhlükə yaradır”.
Dövlət katibi, həmçinin, deyib ki, ABŞ Gürcüstanın NATO-ya üzv olmaq cəhdini müsbət dəyərləndirir. Gürcüstanın baş naziri də, öz növbəsində, ABŞ-ın bu səylərini müsbət qiymətləndirib və bildirib ki, rus qoşunlarının ölkəsindən çıxarılması onlar və regionun gələcəyi üçün birinci dərəcəli əhəmiyyət daşıyır. Baş nazir ABŞ-ı regionda iri iqtisadi layihələrin ərsəyə gəlməsində sıx əməkdaşlığa da çağırıb.
Göründüyü kimi, ABŞ Rusiyanın Gürcüstandakı rolunu azaltmaq, daha doğrusu, bu Cənubi Qafqaz ölkəsini Rusiyanın cəngindən tam qoparmaq istiqamətində olan niyyətini gizlətmir. ABŞ hələ ki, bununla bağlı bəyanat verir. Rəsmi Vaşinqton bu istiqamətdə əməli fəaliyyətə keçsə, bu, regionun gələcəyi üçün nə vəd edə bilər?
Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Elşən Mustafayev qəzetimizə bildirdi ki, ABŞ bu istiqamətdə çoxdan səylər göstərsə də, hələ də əməli fəaliyyətə keçməyib: "Rusiya-ABŞ qarşıdurmasında tərəflər bir-birinə qarşı mümkün olan bütün təzyiqlərdən istifadə edirlər. Amma görünən odur ki, hələlik bu imkanlardan yararlanan ABŞ-dır. İstəməsə də, illər boyunca bu imkanları ABŞ-a qazandıran da Rusiyadır. Bilirik ki, bu iki dövlət arasında gərginliyin yaranması və Aİ-nin də buna qoşulması Rusiyanın Krımı anneksiya etməsindən sonra başlayıb. Qoyulan sanksiyalar, edilən ittihamların hamısı səbəb kimi Ukrayna məsələsindən qaynaqlanıb, bu gün də davam edir. Amma Cənubi Qafqaza münasibətdə bu inadı və müdafiəni görmədik. Saakaşvili vaxtında bütünlüklə üzünü Avropaya, ABŞ-a çevirmiş Gürcüstan Rusiya ordusunun hücumlarına məruz qalanda, az qala Tiflisin işğalı belə gündəlikdə olanda, tam fərqli reaksiyaları görmüşdük. O zaman Qərbin emissarı timsalında Fransa prezidenti Sarkozi prezident Medvedyevlə danışıqlar apararaq qoşunların geri çəkilməsinə nail olmuşdu. Amma Rusiya Cənubi Osetiyanın və Abxaziyanın müstəqilliyini tanıdı. Bu gün də onlara öz pasportunu paylayır. Bu addıma qarşı müxtəlif bəyanatlar olsa da, əməli işlər görülmədi. Onda bilindi ki, ABŞ Cənubi Qafqaza dəstək verməyə hazır deyil. Hərbi, iqtisadi sahələrdə partnyorluq etdiyi bir dövlətə lazım olan dəstək o zaman verilmədi. Bu gün ABŞ siyasətçilərinin Gürcüstanın ərazi bütövlüyü ilə bağlı verdiyi bəyanatlar o anlama gəlməməlidir ki, problem tezliklə həll olunacaq. Bəyanatlar Rusiyaya mesajdır ki, zamanı gələndə bu problemdən dolayı ittiham olunub cəzalandırma mexanizmi ilə üz-üzə qala bilər. Əslində, həqiqətən bu mümkündür. Ancaq bu gün hələ aktual deyil. Qarşıdurma nəticəsində Rusiya daha da zəifləyərsə, o zaman Gürcüstanın ərazi bütövlüyünün bərpasına tam dəstək veriləcək. Bu da o zaman ola bilər ki, Rusiya daxili və xarici problemləri səbəbindən Gürcüstanla bağlı maraqlarını arxa plana keçirsin. Hələlik isə bu şərait yetişməyib. Yəni düşünürəm ki, ABŞ strateji ehtiyac və maraqlar yaranmayana qədər Cənubi Qafqazla bağlı hər hansı konkret addım atmayacaq. Amma Gürcüstanda hakimiyyət dəyişikliyi olması perspektivləri də mövcuddur. Lakin bu belə ərazi bütövlüyü ilə bağlı məsələlərin həllində əsas deyil. Saakaşvili vaxtında tam hazır olmasına baxmayaraq, Gürcüstan NATO-ya qəbul olunmadı. Bu məhz regionda Rusiya maraqlarının olması ilə yarana biləcək təhlükədən qaynaqlanırdı. Hələlik həmin təhlükə yerində qalır. Odur ki, Rusiya-ABŞ qarşıdurmasında ABŞ-ın üstünlüyünün daha da artması gələcəkdə Gürcüstan və Azərbaycanda fərqli situasiyalar yarada bilər”.