İranın Müstəqil Dövlətlər Birliyinin “MDB+” formatına qoşulması məsələsinin gündəmə gəlməsi regionda yeni diplomatik proseslərin başlanğıcı kimi diqqət çəkir. Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı, Tehranla Qərb arasında münasibətlərin mürəkkəb olaraq qaldığı və Moskvanın regional təsir imkanlarını genişləndirməyə çalışdığı bir vaxtda İranın postsovet məkanını əhatə edən platformaya maraq göstərməsi təsadüfi deyil.
MDB-nin baş katibi Sergey Lebedevin açıqlamasına görə, İran prezidenti Məsud Pezeşkian oktyabrın 9-da Türkmənistanın Avaza şəhərində keçirilən sammitdə ölkəsinin “MDB+” formatında əməkdaşlıq etmək istəyini ifadə edib. Hazırda Tehrana bu statusun verilməsi məsələsi müzakirə olunur və razılıq əldə olunarsa, İran həmin formatın ilk iştirakçısı ola bilər. Burada söhbət İranın MDB-yə tamhüquqlu üzv kimi qəbul edilməsindən deyil, birliklə üzv olmayan dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinə imkan verən xüsusi formatdan gedir. Bu təşəbbüs Tehran üçün siyasi dialoqun genişləndirilməsi, iqtisadi əlaqələrin gücləndirilməsi, enerji və nəqliyyat layihələrində yeni imkanların əldə edilməsi baxımından əhəmiyyət daşıyır. Eyni zamanda, İranın bu platformada iştirakı Rusiya ilə münasibətlərə, Xəzər hövzəsində əməkdaşlığa və Cənubi Qafqazda formalaşan geosiyasi mənzərəyə də təsir göstərə bilər.
Azərbaycanın MDB-də fəal iştirak edən dövlətlərdən biri olması fonunda Tehranın yeni formatda təmsilçiliyi Bakı üçün də diqqətlə izlənilməli prosesdir.
İranın “MDB+” formatına qoşulması regionda yeni iqtisadi və siyasi əməkdaşlıq imkanları yaradacaq, yoxsa Moskvanın təsir dairəsini genişləndirmək istiqamətində növbəti addım olacaq?
Politoloq Əli Orucov Musavat.com-da xüsusi olaraq vurğuladı ki, İranın postsovet ölkələri ilə geniş əlaqələri var: "Tehran müxtəlif formatlarda olan əlaqələrini daha da genişləndirmək üçün diplomatik fəaliyyətini artırmaqdadır. Bir qədər də irəli gedərək bəzi regionları özünün nüfuz dairəsi hesab edir. İranı MDB-yə marağının artması geostrateji və beynəlxalq vəziyyətin onun əleyhinə dəyişməsi, həmçinin sanksiyaların genişləndirilməsidir. İran üçün MDB məkanı böyük bazardır. Aydındır ki, bu qurumda əsas söz sahibi Rusiyadır. Moskva İranın MDB+ formatına "yaşıl işıq" yandırıb. Qalır texniki və formal məsələlərin həlli.
İranla Rusiyanın düşdüyü durumu oxşardır. Lakin burada fərq ondan ibarətdir ki İran təcavüzə məruz qalıb, Rusiya isə təcavüzkardır. Sonuc olaraq hər iki dövlətin müharibə etməsi və sanksiyalara məruz qalması onları daha da yaxınlaşdırır. Həmin formatda Tehranın iştirakı bir çox üstünlüklər və güzəştlər qazandırır. Güzəştli bazar, iqtisadi ticari əlaqələr, daşınacılıq, tariflər və s. Bundan başqa bir qədər mövqelərini möhkəmləndirməklə, xüsusən də, Xəzər hövzəsi və Mərkəzi Asiya regionunda fəallığını artırır. Burda problem yaradan odur ki, Qərblə və ABŞ-la inteqrasiya yolu seçən MDB ölkələri İranın MDB+ formatında təmsil olunmasına ehtiyatla və tərəddüdlə yanaşa bilərlər. Bu ehtimal az olsa da var. Bayaq da vurğuladığım kimi əsas söz sahibi Rusiyadır. Bir sözlə Kreml, xeyir duasını veribsə, deməli perspektiv açıqdır".