“Hakimiyyət daxilində ciddi müxalifət formalaşacaq”

Azərbaycan prezidentinin ciddi struktur və idarəetmə islahatlarına başlayacağı barədə məlumatlar yayılıb. Hesab olunur ki, bir müddət əvvəl Nəqliyyat Nazirliyinin, bundan əvvəl digər nazirlik və dövlət komitələrinin ləğv edilməsi, bir-birinin fəalliyyətini təkrarlayan qurumların birləşdirilməsi bu islahatların başlanğıcıdır. Gələn məlumatlara görə, vitse-prezidentlik institutunun yaradılması və bunun tərkib hissəsi kimi I vitse-prezidentin təyin olunmasına adekvat olaraq, Nazirlər Kabinetinin tərkibinə yenidən baxılacaq.

"Yol xəritəsi”nə uyğun olaraq baş nazirin müavinlərinin sayı azaldılacaq, bir-birilərinə paralel sayılan strukturlar birləşdiriləcək. Ehtimal olunur ki, Nazirlər Kabinetinin tərkibinə daxil olan strukturların sayı 44-dən 20-dək azaldılacaq.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov "Cümhuriyət” qəzetinə deyib ki, Nazirlər Kabineti indiyədək fəaliyyətsiz qurum olub. Kabinetin "qocalar evi”nə oxşadığını deyən AMİP yetkilisinin sözlərinə görə bu baxımdan kabinetin mobilliyini və çevikliyini yaratmaq lazımdır ki, işlək bir qurum olsun: "Bunun üçün müəyyən addımlar atılmalıdır, atılacaq. Amma atılan addımlar I vitse-prezidentin güclənməsinə xidmət edəcək. Tədricən onun komandası formalaşdırılacaq ki, bu da hakimiyyət daxilində ciddi müxalifətin yaranmasına əsas verəcək. Köhnələr hakimiyyətdən getmək istəməyəcəklər, öz postlarını qoruyub-saxlamağa çalışacaqlar. Onların əllərində də böyük təsir və maliyyə imkanları var, bu baxımdan qarşıda ciddi proseslərin baş verəcəyini əvvəldən demək mümkündür. Əgər I vitse-prezident ölkəni böhrandan çıxarmaq üçün ciddi addımlar atacaqsa, bu zaman nəyəsə nail olmaq mümkün olacaq. Əks halda, adların dəyişməsi heç bir problemi həll etməyəcək. Amma ilk çıxışında birinci vitse-prezident Mehriban Əliyeva çox iddialı danışdı, böyük vədlər verdi, üzərinə öhdəliklər götürdü. Qarşıdakı bir neçə ay ərzində bu təyinatın uğurlu olub-olmaması özünü açıq formada göstərəcək”.