Hərbi Sanatoriyada sular durulmur

2016-ci il artıq arxada qalıb. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi sanatoriyasındakı mövcud olan nöqsanlar, çatışmazlıqlar, neqativ hallar barəsində mətbuatda yazılar ötən il daha geniş və müntəzəm işıq üzü görüb. Sanatoriyanın rəisi polkovnik-leytenant Vidadi Əliyevin idarəçiliyində baş verən hadisələr cəmiyyətdə böyük rezonans doğurub. Hippokrat andı içərək, özünü cəmiyyətdə ziyalı və savadlı həkim kimi təqdim edən vəzifəyə gəldiyi müddətdə onlarla insanı özündən narazı salan sanatoriya rəisinin ötən dövr ərzindəki fəaliyyətinə yenidən nəzər salmaq ehtiyacını hiss etdik.

Həqiqətən də, 2016-cı ilin yayı V.Əliyev üçün çox isti keçib. Bu şəxsin ambissiyaları o qədər genişdir ki, aldığımız məlumata görə general olmaq eşqinə düşüb. İdarəetməsi nöqsanlarla əhatələnmiş, tutduğu vəzifədən sui-istifadə edən, qərəzli, tamahkarlığı sədd tanımayan bu şəxs öz məkanında at oynatmaqda davam edir. V.Əliyev cılız və xaraktercə qəliz adamdır. Cəmiyyətdə özünü təmiz və vicdanlı şəxs kimi göstərməyə çalışsa da, əslində vəzifəyə rüşvət yığmaq üçün gəlib. Vəzifədə özündən böyüklərin qabağında quzuya dönən rəsi V.Əliyev tabeçiliyində olan şəxslərə qənim kəsilib. Təəssüf ki, 2016-ci ilin başa çatmasına baxmayaraq onun insanlara qarşı etdiyi qanunsuzluqlar başa çatdırılmayıb. Sanatoriya əməkdaşlarına qarşı etdiyi qanunsuzluqlardan bezən bəzi işçilər aidiyyatı qurumlara müraciətlərinə baxmayaraq rəis V.Əliyevin təzyiqi ilə bütün ümidləri kəsilib.

Biz mövzuya qayıdacağımızı bildirmişdik. Ən azından dövlət orqanlarına müraciət edən sanatoriya əməkdaşlarının şikayətlərinə vicdanla baxılacağına inanırdıq. Bu səbəbdən haqqı tapdalanan həmin əməkdaşların haqlı və əsaslandırılmış şikayətlərinə yenidən nəzər salmaq və oxucularla bölüşmək qərarına gəldim.

Rəis V.Əliyevin sanatoriyanın bəzi əməkdaşlarının plastik kartlarını alaraq pullarını mənimsədiyini qeyd etmişdik. Bildirmişdik ki, Cəmilə Kərimova, Ramilə Hüseynova, Mətləb Allahverdiyev, Xəyal Xudiyev adlı əməkdaşlar rəisin tamahının qurbanı olaraq öz halal əməkhaqlarını ala bilməmişlər. 2015-ci ilin yayında baş verən bu hadisələrdə rəis V.Əliyev sanatoriyanın keçmiş maliyyə xidməti rəisi Ceyhun Əlmirzəyevdən istifadə edərək əməkdaşların maaşlarını mənimsəyib.

Hüseynova Ramilə İlqar qızı 07.05.2015-ci il, Kərimova Cəmilə isə 06.05.2015-ci il tarixdən işləyirlər və təbii ki, maaş kartı ilə təmin olunmuşlar. Maaşlarını kartdan çəkmək istəyən xanımlar hesablarında pulun olmadığını gördükdə, sanatoriyanın maliyyə bölmə rəisi Ceyhun Əlimirzəyevə müraciət edirlər. Nəticədə pulun hesaba köçürüldüyü onlara deyilir, Hesablarına köçürülən 287 manat pulun Ceyhun Əlmirzəyev tərəfindən çıxarıldığı məlum olur. Yuxarıda qeyd olunan fakt Hərbi Prokurorluq tərəfindən araşdırılır. Lakin rəis V.Əliyevin sözü və özü sayəsində bu işə səthi yanaşılır və bağlanır. Niyəsini isə Hərbi Prokurorluqda oturanlar bilər.

V.Əliyev Ağayev Namiz Ramiz oğluna 400 manat əməkhaqqı və 400 manat da "paket” verəcəyini vəd edərək, deyilənlərə görə ondan 2000 manat pul alaraq sanatoriyanın Mənzil İstismar Xidməri rəisi təyin edir. Ancaq bir müddət sonra aldadıldığını anlayan N.Ağayev rəisin yanına gedib ondan verdiyi 2000 manatı geri istəyir. Rəis isə bu istəyi söyüşlə, təhqirlə cavablandırır. Bunu ləyaqətinə sığışdırmayan Namiz Ağayev aidiyyatı üzrə şikayət edir. Təəssüf ki, Respublika Hərbi Prokurorluğu tərəfindən başladılan araşdırma hansı səbəblərdənsə prokurorluğun arxivində yatmaqdadır və yenidə araşdırılacağı günü gözləməkdədir. Görünür, rəisin zəhmindən və əlaqələrindən qorxmağa dəyərmiş.

Ən ağır mövzu isə sanatoriyanın sabiq mühafizə bölmə rəisi 2-ci qrup Qarabağ Qazisi Elşən Xudiyevin başına gətirilənlərdi. Qeyd etmişdik ki, rəisin E.Xudiyevin başına gətirdikləri Qazinin deyil, bütünlükdə Qarabağ Qazilərinə, Azərbaycan Silahlı Qüvvələrinə, onun ərazi bütövlüyünə olan neqativ, vicdansız, hətta düşmən münasibətin göstəricisi sayılmalıdır. Rəis V.Əliyevin bu qədər kinli, qərəzli olmağının səbəbini bilmirəm. Lakin bir nüansı qeyd etməyə ehtiyac var. V.Əliyev tərəfindən əzilən bu Qazinin müraciətinə aidiyyatı orqanlar niyə vaxtında və obyektiv yanaşmırlar.? Bu gün artıq Qarabağ döyüşlərində vuruşaraq Qazi olan E.Xudiyevi siz tanıya bilməzsiniz. Səbəbini isə diqqətli oxucular çox yaxşı anlayır. Müraciətinə obyektiv baxılmayan haqq və hüququ tapdalanan, dövlət orqanlarına inamı qalmayan bu Qazinin yerinə siz olsaydınız inanardınızmı?

Bu gün V.Əliyev kimilərin sayəsində o qorxmaz, mərd E.Xudiyev tamam dəyişərək artıq süst, biganə, hər şeyə laqeyd, inamsız bir əməkdaş olaraq sanatoriyada mühafizəçi vəzifəsində öz işini davam etdirməkdədir. Nə vəzifəsinə bərpa edilmiş, nə də ki, 6 aylıq mükafatını geri qaytarmışlar.

2015-ci ilin martın 5-də sanatoriya kollektivi E.Xudiyevin ad gününü qeyd edir. Rəis V.Əliyev də orda iştirak edir. O, həm tədbirdə E.Xudiyevi təbrik etmək əvəzinə çıxışında onun şərəf və ləyaqətini təhqir edir. Utanmadan deyir ki, "mən 10 gün Qarabağda, Şuşada oldum gördüm orda vuruşanların hamısı ya narkaman, ya da arvadbazdı. Bu sözlər Qarabağ Qazisinə ağır gəlsə də, məclisdə kollektivdən xanımlar iştirak etdiyi üçün rəisin tərbiyəsizliyinə cavab vermir. Adi təbriki belə çox görür. Sanatoriya rəisinin, tibb xidməti polkovnik-leytenantı V.Əliyevin Qarabağ Qazisi və döyüşçülərinə qarşı niyə bu qədər kinli və qərəzli olmasının səbəbi təəccüb doğurmaqla yanaşı, sirr olaraq qalır. Hal-hazırda sanatoriyada Qarabağda vuruşan keçmiş döyüşçülərimiz də işləməkdədir. İnşallah onlar E.Xudiyevin taleyini yaşamazlar. Yeri gəlmişkən sözügedən məclisdə müharibə veteranlarından Şahin Həsənov, İsak Kazımov, həmçinin Möhübbət Əsədov, Elmira Abdulvalehova, Suğra Əmrahova, Fəxrəddin və başqa işçilər də iştirak ediblər.

Rəis V.Əliyev kollektivdə başlıca yerlərə öz qohum-əqrabalarını yerləşdirib. Onun məqsədi öz yaxınlarını uyğun vəzifələrə yerləşdirməklə sanatoriyanı şəxsi biznesinə çevirməkdir. Bizə verilən məlumata görə, təzə götürülən işçilərdən pul tələb edilməkdədir. V.Əliyevin iş metodunda "pulunu ver, işini gör” prinsipi var. Bu şəxs lazım gələndə yalandan öz rəislərinin adlarından istifadə etməklə işçiləri qorxutmaqdadır.

Sanatoriyanın yanğın təhlükəsiliyi üzrə əməkdaşı əslən Cəbrayıl rayonundan olan qaçqın düşmüş Şəfaətin başına gətirilənlər də maraqlı epizodlardan biri sayıla bilər. V.Əliyev sanatoriyaya rəis təyin olunduqdan sonra kimlər işə götürülüb deyilənlərə görə hamsından "şirinlik” alınıb. Bəzi məlumatlara görə vəzifələrə görə 500-8000 manat arasında təyinata görə pul alınır.

V.Əliyev peşəkar aktyordur. Hər bir idarə rəisləri rüşvəti müxtəlif vasitələrlə alır. Əsasən bu çirkli işlər etibarlı şəxslər və qohumlar vasitəsi ilə görülür. V.Əliyevin sanatoriyasında ən etibarlı şəxs isə Namiz Ağayevin yerinə təyin etdiyi Elşad adlı qohumudur. İdarə xüsusi rejimə keçirilib. İdarə əməkdaşları 1 saat da olsa vəzifəsindən asılı olmayaraq harasa çıxanda şəxsən Elşən adlı MİX rəisindən icazə almalıdır. Əməkdaş şəxsən müraciət etməli Elşəninin oturduğu otaqda adını jurnala yazıdıraraq icazə kağızını NBM növbətçisinə təqdim etməlidir. Əks halda yazılmamış qanunlara görə cəzası ağırdı. Sanatoriyada bütün operativ, işə təyinat, pul yığımı məsələlərinə V.Əliyevin qohumu olan şəxsən Elşən adlı şəxs baxır. Namiz Ağayevin məsələsi V.Əliyevin gözünü o qədər qorxutmuşdur ki, pul, rüşvət alma məsələsinə bir az ehtiyatla yanaşmaqdadır. Mənbənin sözlərinə görə, yeni işçiləri işə götürmək üçün MİX rəisi Elşənlə səxsən görüşməyə məcburdurlar. Sanatoriyada V.Əliyevin qohumlarının sayı durmadan atrır. Bütün strateji gəlir yerlərinə nəzarət onlardadır.

Rəisin acgözlüyü o həddə çatıb ki, dövlət büdcəsindən dəftərxana ləvazimatlarının alınmasına ayrılan təxminən 28 min manat pul da mənimsənilib. Təyinatı üzrə 500-600 manat xərclənib. Mənbənin dediyinə görə,  sanatoriyanın isitməsinə sərf olunacaq aylıq təxminən 25 ton dizel yanacağının böyük həcmi müəyyən şəxslər vasitəsi ilə satdırılaraq qazanılan vəsait də həzmi-rabedən keçirilib.

V.Əliyevin hüquq işləri üzrə müavini Qurban Məmmədov bir başqa aləmdir. Bu şəxs kollektivdə insanların hüquqlarını qorumaqda acizdir. V.Əliyevin dediyini yerinə yetirməsə də, onunla məsafə saxlayır. Mənbəmizin qeyd etdiyinə görə, rəis V.Əliyev də hansı səbəbdənsə Q.Məmmədovla ehtiyatla və məsafəli davranır. "Qanun qanundur” prinsipi ilə hərəkət etmək istəyən Q.Məmmədov ilk gündən V.Əliyevin qanunsuz hərəkətlərinə "dur” deyə bilməyib. 2016-cı ildə sanatoriyada baş verən haqsızlıqlarda bu şəxsin də günahı var. Ona müraciət edən mühafizə bölmə rəisi Elşən Xudiyevin, Ramilə Hüseynovanın və başqalarının hüquqlarının qorunmasında qorxaqlıq və acizlik nümayiş etdirərək, kollektivdəki nüfuzuna zərbə vurub. E.Xudiyevin cənab Müdafiə Naziri Zakir Həsənova vurduğu teleqramla bağlı araşdırma aparmış və Qarabağ Qazisinə hüquqlarını qorumaq əvəzinə bu məsələni V.Əliyevin tapşırığına uyğun olaraq laqeydlik və səriştəsizliklə ört-basdır edib. Q.Məmmədov qanun qanunçuluğun, haqqın, ədalətin tərəfində durmağı bacarmadığından gec-tez V.Əliyev kimi öz vicdanı ilə baş-başa qalacaq. Hüquq-mühafizə orqanları bu şəxsin ifadəsinə baş vursalar yəqin ki, çox mətləblərdən xəbər verəcək.

Q.Məmmədov əvvələr özünü yaxşı oğlan kimi tanıtsa da, V.Əliyevin "un dəyirmanına su tökmək”lə kollektivdə öz mövqeyini itirib. V.Əliyev necə deyərlər "yeyib-içməyi” xoşlayan şəxsdir. Sanatoriyada xidmətində şəxsi istirahət otağı, xüsusi kottec və yataq korpusunda ayrıca lyüks otağı var. Lazım olanda gününü xoş keçirməkdədir. V.Əliyevin zəif cəhəti var; Qadınlar. Deyilənə görə, kollektivdə bu səbəbdən çoxlu lətifə və söhbət yaranıb. Kabinetindəki məşhur videokamerası ilə gəlib-gedənə nəzarət edir. Bizim borcumuz eşitdiklərinmiz və əldə etdiyim məlumatları sizinlə bölüşməkdir. V.Əliyev ancaq söyüş söyməyi və yalandan and içməyi bacarır. Bu şəxs rəhbəri olduğu sanatoriyada Müdafiə Nazirliyindən gələn yoxlamaların aşkarladığı nöqsanlara və yeyintiyə görə yalandan and içirmiş ki, bütün bunlardan güya xəbəri yoxdur. Öz hərəkətləri, yarıtmaz fəaliyyəti və idarəetməsi ilə bu şəxs həm özünü, həm kollektivi həm də Müdafiə Nazirliyini hörmətdən salmaqdadır. V.Əliyev həm də başqalarına böhtan ataraq əyri yolla yığdığı çirkli pulları güya kimlərəsə verir və bu puldan özünə az həcmi çatmasını barədə şaiyələr yayır. V.Əliyevin yaxın ətrafı tezliklə onu uçurumdan salacaq. Ali və orta savadı olmayan şəxsləri qohumları ətrafına yığmaqdadır. Bütün bunlara son qoymağın vaxtının çoxdan çatması deməkdir.

Qarşı tərəfin mövqeyini öyrənə bilməyimiz mümkün olmasa da, bu imkandan hər zaman yararlanmaq haqlarını tanıyırıq.