İbrətamiz davranış

Bu günkü gündə bəzi insanlar müsəlmanları təhqir edir, onların sevimli Peyğəmbəri Muhəmmədin (sallallahu aleyhi və səlləm) karikaturasını çəkib onu ələ salırlar. Əlbəttə ki, Allah onların cəzasını verəcək. Çünki Uca Allah qüdsi hədisdə belə buyurur: "Kim Mənim dostumla düşmənçilik edərsə, Mən ona hərb elan edərəm.” Belə ki, kim Allahın dostu ilə düşmənçilik edərsə, Allahla düşmənçilik etmək fikri olmasa da, Allahın düşməni sayılar. Bəs belə vəziyyətdə, biz müsəlmanlar nə etməliyik? Bu sualın cavabı belədir: "Vaxtı ilə belə vəziyyətə düşmüş, ən gözəl əxlaq sahibi sayılan, İslam ümmətinə nümunə olan Peyğəmbərimiz Muhəmməd (sallallahu aleyhi və səlləm) nə etmişdirsə, biz də, elə etməliyik. Gəlin baxaq görək o, belə vəziyyətdə özünü necə aparmışdır:

Birinci misal: Abdullah ibn Məsud rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Kəbənin yanında namaz qılarkən, səcdədə ikən müşriklər dişi dəvənin döl qişasını - heyvanın qarnındakı rüşeymin üstünü örtən pərdəni gətirib Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belinə qoydular. Onlar barmaqla bir-birlərinə işarə edərək gülməyə başladılar. Allahın rəsulu (sallallahu aleyhi və səlləm) isə səcdədən başını qaldırmırdı. Nəhayət, Fatimə onun yanına gəldi və qişanı belindən götürüb kənara atdı...”

Məgər bu təhqir deyil? Məgər Peyğəmbər (sallallahu aleyhi və səlləm) qılıncını çəkib onların üstə gedə bilməzdi? Məgər Peyğəmbər (sallallahu aleyhi və səlləm) Həmzəyə, Ömərə, yaxud Əliyə və ya başqa bir səhabəsinə (Allah onlardan razı olsun) deyə bilməzdi ki, gecə düşəndə, gedin girin Əbu Cəhlin evinə və onu qətlə yetirin? Belə etdimi, əlbəttə ki, yox, kamil əxlaq sahibi olan Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) başını səcdədən qaldırdı və namazını bitirdikdən sonra müşriklərə bəddua etdi, özü də, hamısına yox ancaq hiyləgərlərinə. Dua edib dedi: "Allahım, Əbu Cəhlin, Utbə ibn Rəbiyənin, Şeybə ibn Rəbiyənin, Vəlid ibn Utbənin, Umeyyə ibn Xələfin və Uqbə ibn Əbu Muitin cəzasını ver!” Peyğəmbərin (sallallahu aleyhi və səlləm) bəddua etməsi onlara çox pis təsir etdi. Çünki onlar bu şəhərdə edilən bədduanın qəbul olunacağına inanırdılar.” İbn Məsud (Allah ondan razı olsun) rəvayətinə davam edib dedi: "Canım Əlində olan Allaha and olsun ki, Rəsulullahın (sallallahu aleyhi və səlləm) adlarını çəkdiyi kəslər Bədr döyüşündə qətlə yetirildilər.” Müsəlmanın ən böyük silahı duadır. Bu xüsusda Uca Allah buyurur: "Rəbbiniz dedi: "Mənə dua edin, Mən də sizin duanızı qəbul edim.” Həmçinin, Rəsulullah (sallallahu aleyhi və səlləm) demişdir: "Sizin Rəbbiniz Həyalı və Səxavətlidir. Əllərini Ona tərəf qaldırıb dua edən bəndəsinin əllərini boş qaytarmağa utanır.” O, həmçinin, demişdir: "Uca və ulu Rəbbimiz hər gecənin son üçdə birində dünya səmasına enir və buyurur: "Mənə dua edən varmı, onun duasını qəbul edim? Məndən istəyən varmı, ona istədiyini verim? Məndən bağışlanma diləyən varmı, onu bağışlayım?”

Dünyada olan müsəlmanların hamısı bu ayə və hədisləri yaxşı bilir və əgər onlar gecənin üçdə birində, qalxıb əllərini Rəbbinə tərəf qaldırsa, kafirlərin cahillərinə hidayət, hiyləgərlərinə isə həlak diləsə, vallahi ki, Allah onların duasını qəbul edər, Ömər ibnul-Xattab kimilərinə hidayət, Əbu Cəhl kimilərinə isə həlak nəsib edər.

İkinci misal: Peyğəmbər (sallallahu aleyhi və səlləm) dəvət məqsədilə Taifə gedir, lakin taiflilər onu döyüb qovurlar. Başından qan axa-axa Taifdən çıxarkən Cəbrail (əleyhissəlam) onun yanına gəlir və: "İstəyirsənsə, bu iki dağı onları başına çevirək”– deyir. Aləmlərə rəhmət olaraq göndərilmiş, böyük əxlaq sahibinin cavabına baxın, onlar üçün hidayət diləyib deyir: "Yox, istəmirəm, ola bilsin ki, onların belindən tək Allaha ibadət edən kimsələr gəlsin!”

Üçüncü misal: Peyğəmbər (sallallahu aleyhi və səlləm) yəhudilərdən birindən bir ay müddətinə borca bir zənbil xurma götürür. Vaxt-vədə tamam olmamışdan bir gün qabaq yəhudi gəlib Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yaxasından tutur və üstünə qışqırıb deyir: "Niyə borcumu qaytarmırsan?” Səhabələrdən biri onun başını üzmək istəyir, lakin Peyğəmbər (sallallahu aleyhi və səlləm) bunu qadağan edir, çünki şəriət buna yol vermir. Cahilə qarşı cahillik etmək müsəlmana yaraşmaz, əksinə, İslam əxlaqı nümayiş etdirmək gərəkdir. Nəticəyə baxın, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) gözəl əxlaqı, onun təbəssümü və gözəl tərzdə borcunu qaytarması, həmin adamın İslamı qəbul etməsinə səbəb olur.

Dördüncü misal: Rəvayət edilir ki, Abdullah ibn Məsud (Allah ondan razı olsun) demişdir: "Huneyn döyüşündən sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) qənimətləri bölüşdürərkən bəzi adamlara üstünlük verdi. Bundan narazı qalmış bir nəfər dedi: "Vallahi ki, bu bölgüdə ədalətsizliyə yol verilmişdir və bu bölgü Allah rizasını qazanmaq məqsədilə həyata keçirilməmişdir.” Bu haqda Peyğəmbərə (sallallahu aleyhi və səlləm) xəbər verildikdə o dedi: "Allah və Onun Rəsulu ədalətli olmasa, kim ədalətli ola bilər?! Allah qardaşım Musaya rəhmət eləsin! Ona bundan da artıq əziyyət verilmişdir, lakin o, səbir etmişdir.”

Beşinci misal: İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Əzdu-Şənuə qəbiləsindən olan və dəliləri ovsunla müalicə edən Dimad adlı bir şəxs Məkkəyə gəldi. Məkkə əhlinin səfehlərinin: "Muhəmməd dəli olub!”– söylədiklərini eşitdi və öz-özünə dedi: "Kaş bu adamı görəydim! Bəlkə Allah ona mənim əlimlə şəfa verdi!” Nəhayət, Rəsulullaha (sallallahu aleyhi və səlləm) rast gəldi və ona: "Ey Muhəmməd, mən ovsunla, cin vurmuş adamları müalicə edirəm. Allah, həqiqətən də, mənim əlimlə dilədiyinə şəfa verir. İstəyirsənsə, səni də müalicə edim”– dedi. Rəsulullah (sallallahu aleyhi və səlləm) isə ona belə cavab verir: "Həqiqətən tün həmdlər Allaha məxsusdur! Biz Ona həmd edirik Onu köməyə çağırırıq. Allah kimə hidayət verərsə, onu azdıran tapılmaz, kimi azdırarsa, onu doğru yola yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Təkdir, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.” Bu sözləri eşidəndə Dimad dedi: "Mən, kahinlərin, cadugərlərin və şairlərin sözlərini çox eşitmişəm. Amma sənin bu sözlərinə bənzər heç bir söz eşitməmişəm. Sənin bu sözlərin mənim qəlbimə yeridi. Ver əlini, müsəlman olacağıma dair sənə beyət edim!”

Qardaşlar, hədis kitablarında yüzlərcə belə misallar vardır. Bu hədisləri araşdırsaq bizə aydın olar ki, Məkkə dövrünü yaşayan müsəlmanlardan hər biri səbirli olmalı, silahla yox, elm və maarifləndirmə yoluyla, ələlxüsus da, Allahın müqəddəs Kitabı – Quranla İslam dinini təbliğ etməlidirlər. Bu xususda Uca Allah buyurur: "İnsanları Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et!” O həmçinin buyurur: "Kafirlərə qarşı bu Quranla böyük bir cihad et!”

Həmçinin, rəvayət edilir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Xeybər döyüşündə, bayrağı Əli ibn Əbu Talibə (Allah ondan razı olsun) verib onu düşmənin üstünə göndərir, lakin ona əvvəlcə onlara sülh təklif etməyi buyurub deyir: "Sən onları İslama dəvət et və özlərinə vacib buyrulanı onlara bildir. Vallahi, əgər Allah sənin vasitənlə bir nəfəri doğru yola yönəltsə, bu sənin üçün qırmızı dəvələrdən daha xeyirli olar.” Demək, bu din, sülhsevər bir dindir, haqsız yerə insan qanının tökülməsinin qəti əleyhinədir. Lakin xüsusilə qeyd etməliyik ki, müsəlman olan hər kəs ona qarşı vuruşanların, sərhədini pozanların, torpağını zəbt edənlərin cavabını, döyüş meydanında verməlidir. Bu xüsusda Uca Allah buyurur: "Sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun və həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları sevmir.” Bu ayədən aydın olur ki, İslam dini həddi aşmağı, döyüş meydanında qadınları və uşaqları öldürməyi qadağan edir. Lakin təcavüzkarlar susdurulmalıdırlar. Yəqin ki, siz televizorda tez-tez bu sözləri eşidirsiniz: "Filan yerdə atəşkəs filan sayda pozulub, lakin, düşmən cavab atəşi ilə susdurulub.”

Sonda xüsusilə bir məsələyə toxunmaq istəyirəm. Bizimlə Kitab əhlinin fərqi ondadır ki, Kitab əhli nə Quranın səmavi Kitab olduğunu, nə də Muhəmmədin (sallallahu aleyhi və səlləm) peyğəmbər olduğunu qəbul edir, əksinə, bəzən bu iki müqəddəs varlığı təhqir edir və elə güman edir ki, bu təhqirlə Allahın Kitabını və Onun Rəsulunu (sallallahu aleyhi və səlləm) nüfuzdan sala biləcək. On beş əsrdir ki, dünyanın bütün dillərində Muhəmmədə (sallallahu aleyhi və səlləm) salavat və salam oxunur, milyonlarla insan onun qəbrini ziyarət edir və ən əsası da, yer üzündə hər an – azan verildikcə, onun adı çəkilir. Allahın ucaltdığı şəxsiyyəti heç kəs, heç vaxt nüfuzdan sala bilməyib və bilməyəcək də. Müsəlmanlar isə, həm səmavi kitabları – Tövratı, İncili və Zəburu, həm də, peyğəmbərlərin (onlara Allahın salamı olsun) hamısını – o cümlədədn də, Musa və İsanı (onlara Allahın salamı olsun) qəbul edir, onlara iman gətirir, üstəlik, bu kitabları və peyğəmbərləri (onlara Allahın salamı olsun) ələ salan müsəlmanı kafir hesab edirlər. Heç indiyə qədər, İsanınanası Məryəm (onlara Allahın salamı olsun), Cənnətdəki qadınların ən hörmətlisi olacaq o ismətli qadını, zinada ittiham edən, yaxud Məryəm oğlu İsanı (onlara Allahın salamı olsun) vələduzna – "zinadan doğulmuş” adlandıran müsəlmana rast gəlmisinizmi?! Xeyr, Qurana iman gətirmiş hər bir müsəlman, Məryəmi da, İsanı da (onlara Allahın salamı olsun) çox istəyir. Çünki bu, Allahın əmridir. Budur ədalətli din. Bu dinin sahibi Allah bizə belə buyurur: "Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. Hər hansı bir camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Ədalətli omaq təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır.”

Allahdan istəyimiz budur ki, yer üzündə sülhün bərqərar olmasını istəyən sülhsevər insanlara yardım etsin, onlara əmin-amanlıq bəxş etsin, habelə, cahilləri hidayətə qovuşdursun, zalımların isə tezliklə layiqli cəzasını versin!

Valeh Ağayev