Azərbaycanda hakimiyyətlə siyasi qüvvələr arasında dialoq, aktual mövzuların bir araya gələrək müzakirə edilməsi təcrübəsi var. Son illərdə bu təcrübənin ən parlaq və geniş müstəvini əhatə edən nümunəsi kimi 2015-ci il parlament seçkiləri öncəsi hakimiyyət təmsilçisi ilə siyasi partiyaların rəhbərləri arasında arda-arda keçirilən görüşləri xatırlamaq kifayətdir. Hər kəsin müsbət qiymətləndirdiyi o zamankı dialoq prosesi nədənsə sonradan dayandı. Dünən isə YAP, iqtidaryönlü partiyalar və bir qrup müxalifət təşkilatlarının "Park İnn” hotelində "Ölkəmizdəki siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi” mövzusunda geniş tərkibli dialoqu keçirilib.
Hakimiyyət təmsilçiləri və YAP rəhbərliyinə daxil olan şəxslər digər milli məsələlər ətrafında müxalifətlə dialoqa hazır olduqlarını bəyan edirlər.
Prezidentin köməkçisi Əli Həsənovun, YAP icra katibi Əli Əhmədovun bir neçə gün öncə açıqlamalarında hakimiyyətin və hakim partiyanın müxalifət partiyaları ilə dialoqa, əməkdaşlığa həmişə hazır olduğunu bəyan etmələri də ciddi bir dialoq prosesinin başlanmasına ümid yaradıb.
Bəs iqtidar-müxalifət dialoqunun bütün müxalifətin də iştirakı ilə seçkilər mövzusunda keçirilməsinə də ehtiyac varmı?
AMİP Siyasi Şura üzvü Əli Orucov "Yeni Müsavat”a bu mövzuda açıqlamasında bildirdi ki, iqtidar-müxalifət dialoqunun keçirilməsi üçün kifayət qədər aktual mövzular var. Ölkədəki mövcud durumdan tutmuş, Dağlıq Qarabağ probleminədək istənilən mövzunun, həmçinin seçkilər məsələsinin müzakirəsi faydalı olardı: "Dialoq da iqtidara lazım olandan olana deyil, davamlı olmalıdır. Hakimiyyət düşərgəsində bəziləri siyasi opponentlərinə qatı düşmən kimi yanaşır. YAP-çı deputat Eldar İbrahimov onların müxalifətə olan baxışlarını bir daha net şəkildə ortaya qoydu. Bundan sonra sivil münasibətlərdən danışmaq, bir masa ətrafında müzakirələr aparmaq heç də asan deyil. Sentyabrın 11-də keçirilən tədbir adından da göründüyü kimi, ”Ölkəmizdəki siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi" mövzusundaydı. Biz də ölkəmizdəki siyasi proseslərə xarici müdaxilələrin yolverilməz olduğu qənaətdəyik. Bizə dəvət tədbirdən bir gün əvvəl günün sonuna yaxın gəldiyindən və yenidən Siyasi Şurada müzakirəyə çıxarılması mümkünsüz olduğundan tədbirdə iştirak edə bilmədik. Lakin buna baxmayaraq, hesab edirəm ki, təşəbbüs pis təşəbbüs deyil.
Siyasi düşərgələr arasında müəyyən əlaqələrin və dialoq mühitinin yaradılmasında, problemlərin birbaşa qabardılmasında müsbət rol oynaya bilər. Ümid edirəm ki, bu cür tədbirlər nəticə etibarı ilə ölkədəki qarşıdurmanın yumşaldılmasında və cəmiyyətdəki gərgin emosiyaların azaldılmasında öz töhfələrini verəcək. Ona görə də ilk növbədə iqtidar mənsubları etimad mühitinin yaradılması üzərində düşünməlidirlər ki, siyasi qüvvələr də ciddi və nəticəli müzakirələrin aparılacağına inanıb istənilən mövzunun müzakirəyə çıxarıldığı dialoqda həvəslə iştirak edərək öz töhfələrini versinlər. Ola bilsin hakimiyyət dünyada və regionda gedən prosesləri, ölkə və hakimiyyətdaxili vəziyyəti diqqətə alıb çıxış yollarının aranmasına başlayıblar. Günü-gündən artan xarici təhdidləri, xüsusilə də radikalizmi artıq görüb və bunun həm ölkə üçün, həm də özləri üçün ağır nəticələr doğuracağını getdikcə anlamaqdadırlar. AXP, BAP və AMİP olaraq bizim də bu yaxınlarda hökumətə təqdim etdiyimiz islahatlar paketində məhz bu çıxış yolları göstərilib".
ADP sədri Sərdar Cəlaloğlu isə bildirdi ki, cəmiyyətdə siyasi qüvvələr arasında dialoqa hər zaman ehtiyac var. Amma bu dialoq imitasiya xarakteri daşımamalı, mövcud olan problemlərin həllinə kömək etməlidir: "Hakimiyyət təmsilçiləri də, müxalifət də atılan hər bir addımda yalnız xalqın və dövlətin maraqlarını nəzərə almağa borcludurlar. Ölkədə siyasi mühitin yumşaldılması, siyasi azadlıqların bərpa edilməsi, ölkədə vətəndaş sülhünə nail olunması və iqtidar-müxalifət münasibətlərinin sivil bir müstəviyə daşınması istiqamətində addımlar atılmalıdır. İlk növbədə ölkədə siyasi partiyaların təsir imkanlarının artırılması zərurəti var. Biz 10 ildən artıqdır real, ciddi, nəticəli dialoq çağırışlarını edirik. Bu istiqamətdə 2007-ci ildə partiyamızın konkret rəsmi qərarı da olub. İqtidar-müxalifət dialoqu üçün kifayət qədər aktual mövzular var. Onlardan biri də seçkilərdir. Hakimiyyət istəsə bu mövzunun müzakirəsi keçirilə bilər.
Azərbaycanın daxil olduğu regionda geosiyasi vəziyyətin getdikcə gərginləşməsi, Qarabağ məsələsinin daha da aktuallaşmaqda olduğu bir vaxtda hakimiyyətlə müxalifət arasında dialoqa, konstruktiv münasibətlərin qurulmasına ehtiyac var. Konstruktiv münasibətlərin qurulması üçünsə ilk növbədə siyasi qüvvələr arasında dialoq mühiti ilkin şərtdir.
Unutmayaq ki, iqtidarın müxalifəti nəzərə almadığı hər bir ölkə kənardan törədiləcək istənilən təxribatlara açıq olur. Dialoq, islahat, milli barışıq və inkişaf ölkəni xaosdan, təxribatlardan immunitetli ölkə halına gətirir. Biz ölkəmizin güclü immunitetə malik ölkə olmasını hər zaman istəyirik"."Yeni Müsavat”