Kreml Paşinyanın bu hiyləgər gedişlərinin fərqindədir

Məlum olduğu kimi, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan qarşıdan gələn növbədənkənar parlament seçkiləri öncəsi Fransaya, ardınca Belçikaya səfər edib. O, sözügedən səfərləri zamanı seçkiqabağı dəstək qazanmağa cəhd göstərib. Ancaq erməni diasporu arasında nüfuzunu itirmiş Nikolun Fransadakı ermənilərin etirazı ilə üzləşməsi onun durumunun heç də yaxşı olmadığı qənaətini yaradır.

Azərbaycanla həmsərhəd bölgələri təmənnasız olaraq Rusiyanın ixtiyarına verən Ermənistan ölkəmizi Rusiya ilə üz-üzə qoymaq üçün bütün cəhdlərini işə salıb. Davamlı şəkildə Rusiya və KTMT-dən yardım istəyən rəsmi İrəvan istəyinə nail ola bilmədiyi üçün müxtəlif şantaj vasitələrinə əl atır. Bu amil Paşinyanın Avropa turnesində də özünü göstərdi. Məsələ ondadır ki, Belçikada keçirilən mətbuat konfransında Paşinyan bir qədər dolayı tərzdə Rusiyanı sərhəd məsələsində mövqeyini konkretləşdirməməkdə günahlandırdı: “Ümid edirik, Rusiya həm KTMT tərəfdaşı, həm də strateji tərəfdaş kimi bu mövqeyini dəqiq formalaşdıracaq. Çünki bu faktın təsdiqindən sonra Azərbaycan qoşunlarının çıxmaması KTMT-nin 4-cü maddəsinin işə salınması deməkdir. Bu maddə mövcud hərəkətləri üzv ölkəyə qarşı təcavüz kimi qiymətləndirir”.

Görünən odur ki, Paşinyan Avropada açıq formada Rusiyanın patronu olduğu təşkilatı hədəfə alır. Bununla, əslində, bir növ, Rusiyadan narazılığını bəyan edir.

Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, Paşinyanın Avropada KTMT-dən narazılığını dilə gətirməsi təsadüfi deyil: “Məqsədyönlü şəkildə o bununla bağlı narazılığını dilə gətirir. Əvvəla Paşinyan sözügedən məsələdə KTMT-nin Ermənistana hansısa yardım etməyəcəyini bilirdi. Birincisi, Azərbaycan Ermənistan sərhədini keçməyib. Azərbaycan SSRİ dönəmində müəyyən olunan xəritələrə əsasən, öz sərhədlərini möhkəmləndirir. İkincisi, Azərbaycan KTMT-də təmsil olunan bütün ölkələrlə yaxşı münasibətlərə malikdir. Orada 2 türkdilli dövlət təmsil olunur. Onlar heç vaxt Ermənistanın fitnəsinə getməz. Hərbi təşkilat qarşısında öhdəlikləri olsa da, Ermənistanın təxribatına getməzlər. Üçüncüsü, Ermənistanın məlum çağırışı Rusiyanın vasitəçiliyini hədəfə almaq deməkdir. Çünki istəsək də, istəməsək də, reallıq ondan ibarətdir ki, Rusiyanın moderatorluğu ilə 44 günlük müharibə dayandı. Ondan sonrakı proseslər məlumdur. O üzdən, Rusiya KTMT-nin müdaxiləsinə şərait yaratsa, o zaman bu ölkənin vasitəçilik missiyası sual altına düşəcək. Bütün bunları Paşinyan da yaxşı bilir. Sadəcə, o, KTMT-ni şantaj etməklə Qərbə mesaj verir. Yəni sizin etibarlı müttəfiqiniz mənəm və o üzdən, seçkidə dəstək verin. Başqa bir tərəfdən, bu minvalla erməni cəmiyyətini fakt qarşısında qoyur. O mənada ki, baxın, KTMT bizə sahib çıxmır. Kreml Paşinyanın bu hiyləgər gedişlərinin fərqindədir”.

İAT sədri hesab edir ki, bütün bunlara görə Moskvanın Paşinyanı cəzalandıracağı qaçılmazdır. (Bakı-Xəbər)