AXCP sədri Əli Kərimli örtülü, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli isə açıq şəkildə sərsəm iddiaları dəstəklədilər
Rusiya Liberal Demokrat Partiyasının (RDLP) lideri, Dövlət Dumasının ən böyük üçüncü fraksiyasının rəhbəri Vladimir Jirinovskinin ölkəmizə yönəlik təhdidlərinə cəmiyyətin ən müxtəlif təbəqələrindən reaksiya gəlsə də, müxalifətin iki əsas partiyası olan AXCP və Müsavat prosesi susqunluqla izləmədədir. Hətta AXCP sədri Əli Kərimli örtülü, əsasən partiyasından ibarət olan Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli isə açıq şəkildə şovinist deputatın sərsəm iddialarını dəstəklədilər.
Bu da sosial mediada ciddi müzakirə doğurub. Bəziləri iddia edirlər ki, Jirinovskinin Azərbaycanla bərabər hakimiyyəti hədəf alması onların marağındadır. Üstəlik, rusiyalı siyasətçinin Amerika prezidenti Co Baydenin Azərbaycandakı hakimiyyət çevrilişi planlarında müxalifətə “yer verməsi”, deyəsən, onları məmnun edib. Həmişə Türkiyənin rolunu xüsusi qeyd edən müxalifətin bu dəfə qardaş ölkənin hədəfə alınması da sərt tənqidlərlə müşahidə olunub.
AMİP Mərkəzi Şurasının sədri Rəşad Aydın Müsavat və AXCP-yə əsas müxalif partiyalar statusu verilməsinin qəti əleyhinədir: “Əvvəla, onu qeyd edim ki, Qərbin ”çevriliş planı" iddiaları Jirinovskinin sərsəmləmələrindən başqa bir şey deyil. Odur ki, müvafiq reaksiya bu və ya digər dövlətin Azərbaycanda guya çevriliş hazırlaması ilə bağlı deyil, hər dəfə Azərbaycan və Türkiyə əleyhinə bəyanatları, eləcə də bütün keçmiş postsovet ölkələrinin ünvanına səsləndirdiyi məsuliyyətsiz və təxribat xarakterli ifadələri ilə tanınan Jirinovskinin açıqlamalarına olmalı idi və oldu da. Sizin də qeyd etdiyiniz kimi, cəmiyyətin müxtəlif təbəqələrindən, o cümlədən də ayrı-ayrı müxalifət təmsilçilərindən müvafiq reaksiyalar oldu. AMİP olaraq biz də hesab etdik ki, Jirinovskini Kremlin təlxəyi adlandırıb, onun dediklərinə əhəmiyyət verməmək düzgün yol deyil. Belə ki, bütün çağırışlarda Rusiya Dövlət Dumasının üzvü olan, parlamentdə sayına görə üçüncü ən böyük fraksiyanın rəhbəri olan, dəfələrlə seçkilərdə prezidentliyə namizədliyi qeydə alınmış və eləcə də Rusiya prezidentinin yanında Dövlət Şurasının üzvü olan bir şəxsin Azərbaycan və Türkiyə əleyhinə dediklərinə mütləq cavab verilməli idi. Elə bu səbəbdən də Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Rusiyaya müvafiq notanın təqdim olunmasını düzgün hesab edirəm. Düşünürəm ki, bu nota rəsmi Moskvaya Jirinovski və onun kimi düşünənlərin ağzının yumulması ilə bağlı bir çağırışdır. Müxalifət içərisindən hansısa partiyaların susqunluq nümayiş etdirməsini isə ümumi müxalifətin adına bağlamaq lazım deyil və onlara müxalifətin iki əsas partiyası titulunu verməyinizi də məqbul hesab etmirəm. Jirinovskinin açıqlamalarından məmnun qalıb-qalmadıqlarına isə onların özləri cavab versə daha yaxşı olar. Milli İstiqlal Partiyası üçün məqbul olan tək hakimiyyət dəyişikliyi ayrı-ayrı xarici qüvvələrin planları əsasında deyil, Azərbaycan xalqının iradəsi ilə həyata keçəcək hakimiyyət dəyişikliyidir". “Yeni Müsavat”
Millət