Naxçıvan Bölməsində “İslamda müdirik kəlamlar” kitabının müzakirəsi keçirilib

AMEA Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Oxunması zəruri olan kitablar haqqında” 28 avqust 2017-ci il tarixli Sərəncamı çərçivəsində "İslamda müdirik kəlamlar” kitabının müzakirəsi keçirilib.AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən "Millət"ə daxil olan məlumata görə, tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev Naxçıvan şəhərinin 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar yaradılan Təşkilat Komitəsinin Tədbirlər Planına uyğun olaraq hazırlanan "İslamda müdirik kəlamlar” kitabının dəyərindən bəhs edib.

Daha sonra çıxış edən bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli bildirib ki, Naxçıvan şəhərinin 2018-ci ili üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi ilə əlaqədar olaraq muxtar respublikada bir sıra tədbirlər həyata keçirilib, müxtəlif məzmunlu kitab, monoqrafiya, bukletlər çap olunub. "Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan "İslamda müdrik kəlamlar” kitabı bu nəşrlərin sırasında xüsusi yer tutur.

Qeyd olunub ki, 7 bölümdən ibarət olan kitabda 242 müdrik kəlam əksini tapıb. Nəşrdə elm və təhsil əlaqələri, ana və ataya hörmət, ədəb qaydaları, dostluq və tərbiyə, əxlaq və xeyirxah əməllər, ailə münasibətləri, idarəetmə və ədalət, Vətən və şəhidliklə bağlı müdirik kəlamlar yer alıb.

Sonra Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev və Qədim və orta əsrlər tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev çıxış edərək kitabla bağlı fikirlərini bölüşüblər.