AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən "Millət"ə daxil olan məlumata görə, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədov Türkiyənin Əskişəhər şəhərində keçirilən "100-cü ilində Azərbaycan Cümhuriyyəti Beynəlxalq Konfransı”nda iştirak edib.
Əskişəhər Azərbaycanlılar Dərnəyinin, Əskişəhərdəki Anadolu Universitetinin, Türk Dünyası Uygulama və Araşdırma Mərkəzinin, Türk İş Adamları Kalkınma Ajansının (TİKA) və İndex şirkətinin birlikdə təşkilatçılığı ilə keçirilən konfransda Elxan Məmmədov "Məmməd Əmin Rəsulzadə ədəbiyyatşünas kimi” mövzusunda məruzə edib.
İki gün ərzində 60 elmi məruzənin dinlənildiyi konfransda 100 illik tarixə malik Azərbaycan Cümhuriyyəti, Cümhuriyyətin qurulmasında iştirak edən şəxsiyyətlər, müasir Azərbaycanın inkişafı, dili, ədəbiyyatı, iqtisadiyyatı, incəsənəti və digər mövzuları əhatə edib.
"1918-dən 1920-yə Azərbaycan”, "Turizm”, "Tarixi şəxsiyyətlər”, "Mədəniyyət”, "Siyasət”, "Cəmiyyət”, "Təhsil”, "Tarix və ədəbiyyat”, "Fəlsəfə”, "Dil və ədəbiyyat”, "Türklük”, "Siyasət və idarəetmə”, "Mətbuat fəaliyyəti”, "İqtisadiyyat”, "Tarix və mədəniyyət” adlı 15 fərqli iclasda dinlənilən məruzələrdə Azərbaycanın dünəni, bugünü və gələcəyinə dair bir-birindən maraqlı məruzələr konfrans iştirakçılarının marağına səbəb olub.