Məlum olduğu kimi, sentyabrın 29-da Soçidə Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 3 saatdan artıq davam edən görüşü olub. Putin-Ərdoğan görüşündə, Qarabağ məsələsi də daxil, hər iki ölkəni maraqlandıran bir sıra məsələlər müzakirə edilib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Soçidə keçirilən görüşünü məhsuldar adlandırıb. Hər iki lider bildirib ki, Türkiyə ilə Rusiya Qarabağda sülhün əldə edilməsi üçün də əməkdaşlıq edirlər. Putin deyib ki, Türkiyənin Qarabağdakı situasiyaya təsirinin regionda sülhə imkan yaratdığını düşünür. Rusiya prezidenti qeyd edib ki, Qarabağda atəşkəsə nəzarət üzrə monitorinq mərkəzi aktiv fəaliyyət göstərir və regionda stabilliyin ciddi qarantıdır. Anlaşma nöqtələri daha çoxdur, Qarabağla bağlı isə tərəflərin ortaq mövqeyi var və bu üst-üstə düşür. Ərdoğan geri qayıdarkən təyyarədə jurnalistlərlə söhbətləşib, danışıqların məzmununa dair bəzi məqamları açıqlayıb. Prezident deyib ki, danışıqlar məhsuldar olub: “Rusiya prezidenti Vladimir Putinlə görüşümüzün əsas mövzusu regional məsələlər oldu. Suriya, Liviya və Əfqanıstandakı vəziyyəti dəyərləndirdik. Qarabağ məsələsini da geniş şəkildə müzakirə etdik. Birgə atılması mümkün olan addımlar barədə səmimi fikir mübadiləsi apardıq”.
Rusiya tərəfdən isə danışıqları Putinin mətbuat katibi Dmitri Peskov şərh edib. Bildirib ki, Putinlə Ərdoğan konstruktiv, vacib və faydalı danışıqlar aparıblar. Görüşdə Qarabağ məsələsinin müzakirə edilməsi baradə Peskovun açıqlaması isə bu cür oldu: “Putin Qarabağ münaqişəsi tərəflərinin sərhədin delimitasiyası və kommunikasiya xətlərinin açılması üzrə güzəştli həll variantı axtarmalı olduğunu deyib”.
Güzəştli həll variantı deyərkən Rusiya nəyi nəzərdə tutur? Bu cür yanaşma Azərbaycanla Ermənistanın məsuliyyət baxımından bərabərləşdirilməsi deyilmi? Ümumilikdə Putinin bununla bağlı mesajını ekspertlər necə dəyərləndirir?
“Azərbaycan dövlətinin güzəşt limiti bitib, nə güzəşt varsa Ermənistan etməlidir”
Məsələyə münasibət bildirən AMİP-in sədr müavini Afsəddin Nəbiyev buna bir neçə prizmadan yanaşdı: “Əvvəla, Rusiyanın siyasi dairələri son aylar Azərbaycanın beynəlxalq hüquq tərəfindən qəbul olunmuş dövlət sərhədləri barədə uyğun olmayan ifadələr işlədirlər. Bu davranışları birmənalı olaraq qətiyyətlə rədd edirik. Sərhədlərin toxunulmazlığı beynəlxalq hüququn təməl prinsiplərinə daxil olan məsələdir. Peskovun belə həssas məsələləri görməzdən gəlməsi bölgəmizdə sülhün deyil, yeni münaqişə ocaqlarının yaradılmasına xidmət edə bilər. Azərbaycan 1991-ci ildə öz müstəqilliyinə qovuşub. 1992-ci ilin 2 martından Birləşmiş Millətlər Təşkilatının üzvüdür. Bu təşkilata daxil olan dövlətlərin ərazi bütövlüyü hüquqi sənədlərdə əks olunur. Bu o deməkdir ki, Azərbaycan dövlətinin sərhədləri beynəlxalq hüquq tərəfindən rəsmən tanınır. Rusiya dövləti Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır. Belə olan halda hansı güzəştlərdən və buna uyğun həll variantından söhbət gedə bilər? Putin Cənubi Qafqazda elə bir siyasət sərgiləyir ki, çalışır hər iki dövləti özündən narazı salmasın. Ermənistanın Rusiyanın təsirindən çıxmaması üçün bütün siyasi manevrlərdən istifadə edirlər. Fikrimcə, hər iki tərəfə güzəştlə bağlı çağırış buna hesablanıb. Ancaq Azərbaycan dövlətinin güzəşt limiti bitib, nə güzəşt varsa Ermənistan etməlidir. Çünki qalib dövlət Azərbaycandır. Sərhədlərin delimitasiyası zamanı 1 sm belə ərazimiz kimsəyə güzəştə gedilməyəcək. Hansısa dövlətin Ermənistana yazığı gəlirsə, öz dövlətinin ərazisindən Ermənistana pay verə bilər. Ancaq bizim ərazilərimizdə nə pay var, nə də güzəşt. Heç Qarabağa mədəni muxtariyyətin verilməsindən də söhbət gedə bilməz. Əgər bu mövzu gündəmə gətirilərsə, Azərbaycan dövləti də indiki Ermənistan ərazisindən zorla qovulmuş yüz minlərlə soydaşımızın vaxtilə kompakt yaşadığı bölgələrdə muxtariyyət tələb etməlidir”.
Sədr müavini onu da qeyd etdi ki, Azərbaycan bir qarış belə torpağını kimsəyə güzəştə getməyəcək.