Partiyalar seçkilərə tələsmirlər

Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində namizədlərin irəli sürülməsi prosesinə fevralın 20-də start veriləcək. Prezidentliyə namizəd olmaq istəyən şəxslər sənədlərini səsvermə gününə ən çoxu 50 (20 fevral) və ən azı 30 gün qalmış saat 18.00-dək Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməlidirlər.

İrəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin seçki sənədlərinin MSK-ya təqdim etməsi üçün ayrılan müddət martın 12-də başa çatacaq.


Azərbaycanda növbədənkənar prezident seçkilərin aprelin 11-nə təyin olunub.

Maraqlıdır, ölkədə fəaliyyət göstərən siyasi partiyaların növbədənkənar seçkilərlə bağlı yekun qərarı nədir? Partiyaların namizədləri kimlər olacaq?


Modern.az
saytı bununla bağlı bir neçə siyasi partiyanın rəyini öyrənib.

Ümid Partiyasının sədri İqbal Ağazadə:

"Bu gün Rəyasət Heyətinin genişləndirimiş toplantısı olacaq. İclasdan sonra Ümid Partiyasının qərarı bəlli olacaq. Rəyasət Heyətinin verəcəyi qərar bizim üçün əsasdır. Seçkilərə namizədi isə qurultay müəyyən edir. Rəyasət Heyətində fikirlər səslənəndən sonra Ali Məclis çağırılmalıdır. Ali Məclis isə fövqəladə qurultayı çağırmalıdır. Ona görə bu prosedur hələ bir neçə gün çəkəcək. Növbədənkənar seçkilərlə bağlı yekun qərar vermək bir günün içərisində həll olunan məsələ deyil. Nizamnamənin tələblərinə uyğun olaraq ya sədr kimi fövqəladə qurultayı mən çağırmalıyam ya da Ali Məclis çağırmalıdır. Yəqin ki bu gün qərar veriləcək”.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı:

"Partiyamızın bu günlərdə növbədənkənar Məclisi toplantısı keçiriləcək. Bu baxımdan seçkilərlə bağlı yekun qərarımızı Məclisdə verəcəyik. Həmçinin, İsa Qəmbərin namizədliyi də müzakirə ediləcək. Ümumiyyətlə, seçkilərdə iştirakla bağlı da yekun qərarımız olacaq. Növbədənkənar Məclis yəqin ki, bu həftənin cümə, yaxud şənbə günü keçiriləcək”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu:

"Bu gün müxalifət qüvvələri ilə biz bir araya gələcəyik. Növbədənkənar seçkilərlə bağlı ümumi müxalifət hansı qərarı versə, onunla da razılaşacağıq. Həmçinin, partiyamızın seçkilərə hansı namizədlə gedəcəyinə də bugünkü iclasdan sonra qərar verəcəyik”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov:

"Açığı, növbədənkənar seçkilər bizim üçün çox gözlənilməz qərar oldu. Seçkilərə qısa müddət ərzində hazırlaşmaq təbii ki, asan deyil. Amma AMİP hər zaman seçkilərə hazır olan partiyadır. Buna baxmayaraq, yaxın müddətdə partiyanın müvafiq qurumları hadisələri dəyərləndirib, qərarını verəcək”.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu:

"KXCP-nin idarə heyətində bu məsələ müzakirə olundu və partiya sədri Mirmahmud Mirəlioğlu həm də bizim üçün seçkilərə namizəddir. Siyasi partiyaların, ölkənin ictimai-siyasi həyatında tanınan insanların birgə iştirakı ilə bu gün növbədənkənar seçkilər məsələsi müzakirə olunacaq. Heç bir əsası olmadan prezident seçkilərinin vaxtının dəyişilməsini biz qəbul edə bilmədik. Hələ ki bu mövqedəyik. Amma seçkilərlə bağlı məsələ partiyanın ali orqanlarında bir daha müzakirə oluna bilər. Yəni yekun qərarımız bundan sonra bəlli olacaq”.