Ermənistan hərbi əməliyyatların dayandırılması ilə bağlı 10 noyabr üçtərəfli Bəyanatının öhdəliklərini yerinə yetirmir.
Atəşkəs rejiminin pozulması, Zəngəzur dəhlizinin açılmasına meneələr yaratmaq və digər məsələlərlə Ermənistan prosesi ləngidəcək bütün mümkün variantlara əl atır. Bu günlərdə isə Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan hökumətin iclasında sülh prosesini uzatmağa hesablanan daha bir təkliflə çıxış edib.
O, Ermənistan-Azərbaycan sərhədi boyunca KTMT müşahidəçilərinin yerləşdirilməsini və Rusiya sərhəd məntəqələri yaratmağı təklif edib. Nikol Paşinyan bu təklifini sərhəddəki vəziyyətin sabitləşməməsi ilə əlaqələndirib. Bu təklifdə Paşinyanın məqsədi nədir?
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Cebhe.info-ya açıqlamasında deyib ki, Nikol Paşinyan formatı dəyişmək istəyir:
“Ermənistanda hələ seçkiqabağı kampaniya başlayanda Nikol Paşinyan Fransa səfəri zamanı belə bir təkliflə çıxış etmişdi ki, sərhəd boyunca ATƏT-in Minsk qrupunun həmsədr olan dövlətlərinin sülhyaratma missiyası yerləşdirilməlidir. Əslində bu təklifin özü də Rusiya sülhməramlılarına inamsızlıq deməkdir. KTMT-yə isə Ermənistan həm müharibə dönəmində, həm də müharibədən sonra dəfələrlə müraciət edib.
Ermənistan KTMT-ni bu prosesə qoşmaq istəyir ki, onların dəstəyindən yararlansın. 16 sentyabrdan isə Ermənistan KTMT-də sədr olacaq. Bundan istifadə edərək sərhəddə Ermənistana uyğun formada bir format yaratmaq istəyir. Təbii ki, bu, qəbuledilən deyil. Artıq Rusiya sülhməramlıları həmin ərazidədirlər. Başqa bir qüvvənin də əraziyə cəlb olunması qəbul olunan deyil. İndiki formatda əgər sərhəd məsələsini həll etmək mümkün deyil, əlavə qüvvələrin də cəlb olunması da heç nəyi dəyişməyəcək.
Çünki burada Ermənistanın öz maraqları var. Bu maraqlar da ondan ibarətdir ki, köhnə sərhədlərin bərpa olunmasını Ermənistan istəmir. Əgər bu istək indi yoxdursa, sonra da olmayacaq. Ermənistan özü reallıqla barışmalıdır. Köhnə sərhədlərin əldə olan xəritələrə uyğunlaşdırılmasına razılıq verməlidir. Əks halda təbii ki, bu prosesin baş tutması mümkün olmayacaq. Bölgəyə əlavə qüvvələri cəlb etməklə problem həll olunmayacaq. Çünki problemin kökündə Ermənistan özü dayanır”.Cebhe.info