Paşinyanın hədəfləri uğursuz görünür

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə inqilabın ikinci və əsas mərhələsinin anonsunu verib. Bu barədə o, mayın 19-da öz "Facebook" səhifəsində yazıb: "Sabah saat 12:00-da mən Ermənistanda inqilabın ikinci, ən əsas mərhələsini elan edəcəm. Ümumxalq dəstəyini gözləyirəm”.

Daha öncə Paşinyan sosial şəbəkə vasitəsilə həmvətənlərini ölkədəki bütün məhkəmələri blok etməyə çağırıb. Onun sözlərinə görə, "heç kəs məhkəmə binalarına daxil ola bilməməlidir".

Özü də maraqlıdır ki, o bu bəyanatı sabiq prezident Robert Köçəryanın mayın 18-də məhkəmə qərarı ilə azadlığa buraxılmasından dərhal sonra səsləndirib.

Paşinyanın məlum çağırışından sonra onun tərəfdarlarının İrəvanın məhkəmə binalarına girişi bağlaması zamanı insident baş verib. Məhkəmə binalarından birində etirazçıların qapıdan giriş-çıxışı bağladıqlarını görən hakim David Balayan içəri pəncərədən soxulmaq istəyib. Ancaq Paşinyanın adamları onu pəncərədən dartıb aşağı salıblar. Bu zaman hakim yıxılıb.

Göründüyü kimi, küçə dalğasında hakimiyyəti ələ keçirən Paşinyan sözügedən metodlarla ölkəni idarə etməyə çalışır. Bu yolla postunu qorumağa, rəqiblərini neytrallaşdırmağa çalışır. Bütün bu deyilənlərin fonunda, Paşinyanın bəyan etdiyi ikinci inqilabın hədəfləri əsasən kimlər olacaq? /Bakı Xəbər/

Arzuxan Əlizadə: "Onu ən çox narahat edən məsələ Köçəryanın timsalında ona qarşı güclü müxalifətin formalaşa bilməsi təhlükəsidir”

Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, Paşinyan üçün əsas hədəf "Qarabağ klanı” və onu təmsil edən qüvvələrdir: "Paşinyan bir il əvvəl Ermənistanda hakimiyyəti "Qarabağ klanı”nda alsa da, hələ məqsədlərinə tam nail ola blmir. Məsələ ondadır ki, hakimiyyətin aşağı eşalonlarında bu klana xidmət edən kadrlar var. Paşinyanın komandası yetkin olmadığı üçün, onları əvəzləyə bilmir. Paşinyanı ən çox narahat edən isə sabiq prezident R.Köçəryanın timsalında ona qarşı güclü müxalifətin formalaşa bilməsi təhlükəsidir. Özü də Köçəryan əsas gücü Dağlıq Qarabağdakı separatçı qurumdan alır. Paşinyan Ermənistanda hakimiyyəti dəyişsə də, Dağlıq Qarabağdakı separatçı rejimi dəyişə bilməyib. Fikrimcə, Paşinyan separatçı qurumda hakimiyyəti dəyişməyə çalışacaq. Çünki bu baş vermədən Ermənistandakı inqilab natamam olacaq. Paşinyan anlayır ki, ona qarşı ən böyük təxribat Xankəndidəki separatçı rejimdən gələ bilər. Köçəryanın həbsdən azad olunması və yaxın perspektivdə Dağlıq Qarabağdakı separatçı quruma rəhbərlik edəcəyi ehtimalı Paşinyan üçün çox ağır nəticələr verə bilər. Ona görə də Paşinyan Qarabağdakı separatçı rejimi özü üçün təhlükə mənbəyi hesab edir. Hesab edirəm ki, bundan sonra çalışacaq Qarabağdakı separatçı qurumu dəyişsin, öz tərəfdarlarını ora yerləşdirsin. Ancaq bu o qədər də real görünmür. Çünki Dağlıq Qarabağdakı separatçılar daha çox Rusiya ilə hesablaşır, nəinki Ermənistanla. Rusiya da Qarabağdakı separatçılardan rıçaq kimi istifadə etməkdən çətin ki, əl çəksin. Bu baxımdan, Paşinyanın hədəfləri uğursuz görünür”.