Qarabağ qazisi üsyan etdi

Qarabağ qazisinin başına gətirilənlərə hüquq-mühafizə orqanlarının biganə yanaşmasıyla bağlı bir yazı göndərilib. Müəllif yazını olduğu kimi təqdim etməyimizi və daxili işlər naziri, çox hörmətli Ramil Usubovdan məsələyə münasibət öyrənməyimizi xahiş edib:

"Dünən Binəqədi rayon Məhkəməsi "Azadlıq” qəzetinin, eləcə də "Azərbaycan saatı” televiziya proqramının əməkdaşı Xalid Qarayevə 25 sutka inzibati həbs cəzası kəsib. Jurnalist xırda xuliqanlıqda - küçədə söyüş söyməkdə təqsirli bilinib.

Lakin Qarabağ qazisi Əmiraslanov Niyaz və qoca atası Əmiraslanov Vəlini qazinin azyaşlı qız ovladının gözləri qarçısında iş adamı Azad İsmayılovun göstərişi ilə "Riyad" Təhlükəsizlik Xidəmətinin 3 əməkdaşının qəddarcasına döyməsinə indiyədək hüquqi qiymət verilməyib. Hadisənin 17 yanvarda baş verməsinə və bununla bağlı Binəqədi RPİ-yə müraciət edilməsinə baxmayaraq günahkarlara "qaşın üstə qara var" deyən yoxdur. Binəqədi Rayon Polis İdarəsi görünür ya Azad İsmayılovun pulunun, ya da "Riyad" adının qarşısında sual işarəsinə dönüb. İdarənin müstəntiqi polis kapitanı Elşən Qarayev 10 aydır işi yubadır. Məqsəd nədir? Necə ola bilər ki, küçədə ünvansız söyüş söymək iddiası ilə jurnalist dərhal cəzalandırılır, lakin köməksiz qocaya hücum edərək onun sağ mil sümüyünü sındıraraq orta ağır bədən xəsarəti yetirən, qazinin döş və beyin nahiyəsinə xəsarət yetirənlər, övladını kəllədaxili təzyiqə məruz qoyan "Riyad"ın əməkdaşı və onu təşkil edən Azad İsmayılov barədə bir tədbir görülmür?

Dəhşətlisi odur ki, hadisə ilə bağlı heç cinayət işi də açılmayıb. Bu haqsızlıqla bağlı Daxili İşlər Naziri Ramil Usubova, DİN Baş İstintaq və Təhqiqiat İdarəsinin rəisinə müraciət edilsə də bu şikayətlərə səthi yanaşılıb. E.Quliyevi cəzalandıran cənab Ramil Usubova sual edirəm; bəs yuxarıda sadaladığım haqsızlıqlar və buna yol vermək ədalətlidirmi?

Döyülən və indiyədək də haqqı pozulan əslən Ermənistandan olan Niyaz Əmiraslanov Ramil Usubovun anadan olub boya başa çatdığı Qarabağ torpaqlarında qardaşı Əmiraslanov Adillə döyüşüb. İndi qazancı yumruq, kötək və haqsızlıq. Bu insan neyləməlidir, cənab nazir? İntiharmı etsin rahatlıq tapmaq üçün...?"