Qərbin Ermənistana dəstəyi onları bir qədər cəsarətləndirib

Ermənistanın Gümrü şəhərində 57 yaşlı süpürgəçi Cülyetta Qazaryanı öldürməkdə təqsirləndirilən rus hərbçisi barədə ölkə mətbuatında müxtəlif fikirlər səsləndirilir. Erməni mətbuatı iddia edir ki, 2 dekabr tarixində Gümrünün Slobodka məhəlləsində süpürgəçi Cülyetta Qazaryan hücuma məruz qalıb. Aldığı zərbələr nəticəsində sifəti tanınmaz hala gələn qadın xəstəxanaya aparılarkən yolda keçinib.

Məlum hadisədən sonra erməni mətbuatında sistemli şəkildə Rusiyaya qarşı tənqidlər səslənir. Anti-Rusiya kampaniyası çərçivəsində bu amildən geniş istifadə edilir. Hətta vəziyyət o yerə gəlib çatıb ki, Rusiya hərbi bazalarının ölkədən çıxarılması ilə bağlı mətbuatda yazılar daha çox yayılmağa başlayıb.

Maraqlı məqam odur ki, 3 il əvvəl bundan da faciəli hadisə baş vermişdi, amma nədənsə onda Rusiyaya yönəlik güclü antitəbliğat kampaniyası baş vermədi. Belə ki, Gümrüdəki 102-ci rus hərbi bazasının əsgəri Valeri Permyakov 2015-ci ilin yanvarında Avetisyanlar ailəsinin 7 üzvünü güllələmişdi. Ermənistan cəmiyyətinin kütləvi etirazlarına və cinayətkarın Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verilməsi tələblərinə baxmayaraq, Permyakov məhz 102-ci hərbi bazada keçirilən məhkəmə prosesində Rusiya qanunvericiliyinə uyğun olaraq ömürlük azadlıqdan məhrumetmə cəzası almışdı. Daha sonra isə Rusiyaya ekstradisiya edilmişdi.

Maraqlıdır, niyə məhz indi kriminal zəmində baş verən məlum hadisəyə görə Rusiyaya qarşı təbliğat aparılır?

Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, bu daha çox ölkədə baş verən hakimiyyət dəyişikliyi ilə bağlıdır: "Ermənistanda Rusiyaya qarşı kütləvi narazılıq iki il öncə aprel döyüşlərində açıq müstəviyə keçdi. Qısamüddətli həmin döyüşlərdə Azərbaycan işğalçı rejimə ağır zərbə vurmaqla yanaşı, təşəbbüsü ələ aldı və böyük bir ərazini nəzarətə götürə bildi. Eyni zamanda, bu, erməni cəmiyyətində psixoloji durumu sarsıtdı və pessimist əhval-ruhiyyə yaratdı. Bütün bunlara görə isə Rusiya ermənilərin qəzəbinə tuş gəldi. Moskvanın Azərbaycana silah satması və Ermənistanı müdafiə etməməsinə görə yaranan qəzəb şiddətləndi. Kremlə qarşı ritorika dəyişdi. Lakin Rusiyanın Ermənistandan çəkiləcəyi təqdirdə bunun fəlakət olacağını anlayıb ermənilər məcburən bir qədər hövsələlərini basdılar. İndi isə vəziyyət dəyişməkdədir. Nikol Paşinyan əsasən Qərbin dəstəyi ilə hakimiyyətə gəldi və anti-Rusiya meylli kadrlardan ibarət komanda formalaşdırdı. Rusiyanın özünün də getdikcə beynəlxalq izolyasiya olunması və iqtisadi-siyasi sıxıntılar yaşaması Ermənistanın Moskva ilə əlaqələrinə öz mənfi təsirini göstərməkdədir. Bununla yanaşı, Qərbin Ermənistana dəstəyi onları bir qədər cəsarətləndirib. Mərkəzi Kəşfiyyat İdarəsi ilə yaxınlığı ilə seçilən "Stratfor” analtik mərkəzinin proqnozlarına görə, Vaşinqton Cənubi Qafqazda Ermənistanla əlaqələrini genişləndirmək, bu ölkəni Rusiyanın maraq dairəsindən maksimum çıxarmaq xətti götürüb. Demək, Ermənistan özünə başqa bir himayədar tapdığından, çökməkdə olan Rusiyanı daha lazım bilmir. Yoxsa, Moskvaya qarşı belə demarş etməyə cəsarətləri çatmazdı. Təsadüfi deyil ki, son parlament seçkilərinin Paşinyanın xeyrinə total saxtalaşdırılmasına baxmayaraq, yekun nəticələr rəsmi elan edilmədən Qərb tərəfindən tərif və təbrik gəldi. Ermənilər anlamağa başlayıblar ki, Rusiya onlara bərabərhüquqlu tərəfdaş kimi yox, forpost kimi yanaşır və ölkənin acınacaqlı duruma düşməsinə səbəbkar faktorlardan biridir. Çünki transmilli layihələrdən kənarda qaldılar, uzun illərdir blokada şəraitində yaşayırlar. Gürcüstanın Avroatlantika inqteqrasiyası qətiləşməkdədır və bu, Ermənistana ciddi problemlər yaradır. İran sanksiyalar altındadır. Ona görə də Qərbə üz tutmaqla böhrandan və batmaqdan xilas olmaq istəyirlər. Bununla belə, zənn etmirəm ki, işğalçı dövlət Gürcüstan kimi Qərbə inteqrasiyada qətiyyətli mövqe göstərəcək. Hələlik müxtəlif vasitələrlə Moskvaya təzyiq cəhdi edib, əlavə güzəştlər istəyə bilərlər. Erməni qadınının öldürülməsi ilə başlanan etirazlar bu məqsədlə ola bilər. 2015-ci ildə ona görə güclü etirazlar olmadı ki, hakimiyyətdə rusiyapərəst Sarkisyan rejimi idi. İndi isə situasiya fərqlidir”./Bakı Xəbər/