Azərbaycan Prezidenti İlham Əliyevin Cin Xalq Respublikasına dövlət səfəri və keçirilən yüksək səviyyəli görüşlər hər iki ölkə arasında hərtərəfli əlaqələrin sürətlə inkişafına və yeni bir dönəmin başlanmasına təkan verəcək.
Bu fikirləri Newscenter.az-a politoloq Əli Orucov səsləndirib. O deyib ki, Çin dünyanın ən inkişaf etmiş ikinci ölkəsidir və ixrac üzrə liderliyini qoruyub saxlayır:
"Eyni zamanda 1.5 milyard əhalisi və 9.5 milyon kv.metr sahəsi olan böyük bir bazardır. Bundan başqa ÇXR BMT TŞ-nin 5 Daimi Üzvü olan ölkə kimi dünyanın siyasi nizamina düzən verən iki supergücdən biridir və bu böyümə də yüksələn şkala ilə davam etməkdəir. Pekinin dünyanın həm siyasi, həm hərbi və iqtisadi gücü ilbəil artır və qlobal təhlükəsizliyin qorunmasında əhəmiyyətli rola malikdir. Son dönəmlər Bakı ilə Pekin arasında ümumi ticarət dövriyyəsi 3 milyardı keçməklə bu ölkənin ikinci ticarət tərəfdaşına çevrilib".
Əli Orucov deyib ki, "Bir kəmər, bir yol" qlobal layihə Azərbaycan üzərindən keçməklə Çindən Avropaya uzanacaq:
"Bu layihəyə Çindən sonra ən böyük investisiya yatıran ölkə də məhz Azərbaycandır. Prezident İlham Əliyev və Sədr Si Cinpin “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ı imzalamsı gələcək münsibətlərin intensiv inkişaf etdirilməsi baxımından çox vacib sənəddir. Həmçinin səfər çərçivəsində müxtəlif sahələri əhatə edən 25-ə yaxın sənədin imzalanması onu göstərir ki, hər iki dövlət münasibətlərin dərinləşməsində maraqlıdır və qarşılıqlı hörmətə əsaslanırlar".
Əli Orucov hesab edir ki, Çin investorlarının Azərbaycana sərmayə yatırmaları həm ölkənin iqtisadi inkişafına təkan verərdi, həm də təhlükəsizliyin qorunmasında etibarlı və güclü müttəfiq qazandırardı:
"Mən bu səfəri və bu səfərin nəticələrini uğurlu hesab edirəm. və onu da qeyd etməyi lazım bilirəm ki, yaranmış fürsətdən Azərbaycan maksimum istifadə etməlidir".