"Azərbaycana gələsən, ölkənin dini liderini öz səfirliyində qəbul edəsən və görüşdə masa arxasında yalnız öz bayrağını qoyasan, sonra da rəsmi saytında ağzına gələni yazasan; qüsura baxmasınlar, bunu bir adı var – yumşaq desək, siyasi etikasızlıq”.
Ovqat.com xəbər verir ki, AMİP-in sədr əvəzi İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfərini şərh edərkən belə deyib.
Partiya sədrinin sözlərinə görə, bu siyasi nəzakətsizlik özünü İslam dövləti adlandıran İran siyasi rəhbərinə xüsusilə yaraşmır:
"Ruhani unutamalıdır ki, onun ölkəsində dini lider siyasi liderdən daha önəmlidir. Onun özü yeri gələndə Əli Xameneyi ilə görüşəndə az qala fərağat dayanır. İran dini liderinin yeri gələndə öz səlahiyyətlərindən istifadə edib Ruhaninin rəhbərlik etdiyi hökumət kabinetinin ən önəmli nazirlərini işdən qova, prezidenti istefaya məcbur edə və onun üzərinə "işə yarasızlıq” yarlığı yapışdırıb seçilməsini belə əngəlləyə bilər. İndi belə bir səlahiyyətsiz adamın ölkəsindən kənara çıxan kimi başqa bir dövlətin dini liderinə hörmətsizlik etməsi yalnız Xameneyiyə duyduğu nifrətdən qaynaqlana bilər. Görünür, Ruhani Xameneyinin qisasını Allahşükürdən alıb”.
Hər bir dövlət başçısının təmsil etdiyi dövlətin rəsmi prinsiplərinə hörmətlə yanaşmasının vacibliyini vurğulayan həmsöhbətimiz Ruhaninin bu hərəkətinin şeyxülislamdan çox, İran İslam Respublikasının rəsmi prinsiplərinə sayqısızlıq kimi qiymətləndirir: "Ruhaninin xüsusilə öz rəsmi saytında yazılanlar heç bir diplomatik normalara sığmır. Axı sən kimsən ki, Qafqazın şeyxülislamına məruzə oxuyasan və ondan hesabat istəyəsən? Sən ki heç dini vəzifə belə daşımırsan. İranın siyasi hakimiyyətinin rəhbəri kimi ancaq siyasi kimliyin var. Allahşükür Paşazadə isə təkcə Azərbaycanın deyil, həm də bütün Qafqazın şeyxidir. Yəni onun rəhbərlik etdiyi dindar kütləsi ən azı Gürcüstan, Rusiya və Azərbaycanda məskunlaşıb. Deməli mahiyyət etibarilə sənin dini lider deyib az qala əlini öpdüyün Xameneyidən belə üstün şəxsiyyətdir”.
AMİP rəhbəri dünən bu sayqısızlığa məruz qalan QMİ-nin sədrini də qınayıb: "Ruhani kimdir ki, QMİ-nin rəhbəri hələ onunla görüşə gedir və o cür qarşılanmağa dözür? Allahşükür Paşazadə həzrətləri bu sayqısızlığı görən kimi səfirlik binasını tərk etməli idi. O isə bir küncdə oturub Ruhaninin Azərbaycanda özünü yekə aparmasına şərait yaradıb. Çox təəssüf!”
Qeyd edək ki, İran prezidenti Həsən Ruhani dünən İran səfirliyində Allahşükür Paşazadəni qəbul etmişdir. Onun rəsmi saytı isə bu xəbəri şeyxülislamın ona hesabat verməsi kimi qiymətləndirmiş, aşağılayıcı fondan və istiqamətdən çəkilmiş şəkilini paylaşmışdı.
Biz də o şəkili paylaşırıq: