Rusiya Ermənistanın bu səpkili davranışlarına imkan vermək fikrində deyil

Erməni politoloqlar deyir ki, bəyanat Ermənistanı hədəfə alır və bundan ciddi narahat olmağa dəyər
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun bəyanatı Ermənistanda çaxnaşma yaradıb. Peskov bəyan edib ki, Moskva ABŞ prezidentinin dekabrın 10-da onlayn keçirəcəyi “Demokratiya sammiti”nə mənfi yanaşır.

Peskovun sözlərinə görə, bu, dünyanı yaxşı və pisə ayıran yeni ayırıcı xətlərin təşəbbüsüdür. Beləliklə, Peskovun bəyanatı Rusiyanın ABŞ-ın təşəbbüsü ilə çağırılan sammitdə Ermənistanın iştirakına qarşı olduğunu ifadə edir. Erməni politoloqlar deyir ki, Peskovun Rusiya-ABŞ geosiyasi qarşıdurması fonunda verdiyi bəyanat Ermənistanı hədəfə alır və bundan ciddi narahat olmağa dəyər. Birləşmiş Ştatlar prezidentinin “Demokratiya sammiti”nə insan haqlarını əslində heçə sayan, monoetnik bir cəmiyyət olan Ermənistanın dəvət alması, təbii ki, Rusiyanı narahat edir. Ən azından ona görə ki, Ermənistan Rusiyanın forpostudur. Ermənistan Rusiya ilə müttəfiqlik sazişinə malikdir. Rusiyanın yaratdığı Avrasiya Birliyində və KTMT-də təmsil olunur. Belə olan təqdirdə İrəvanın bu tədbirə qatılması Kremldə anti-Rusiya addımı kimi xarakterizə edilir. Bu isə Ermənistanın onsuz da qısır olan xarici siyasətdə manevr imkanlarını sıfırlayır. Ermənistanda Co Baydenin dəvətindən həm də ona görə çox sevinmişdilər ki, Azərbaycan və Türkiyə bu sammitə dəvət almamışdı. İndi isə sevincləri qursaqlarında qaldı və Moskva ilk imkanda qulaqlarını buracaq...

AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramov Peskovun bəyanatının başa düşülən olduğunu söylədi: “Təbii ki, Ermənistanın ABŞ prezidentinin təşkil etdiyi ”Demokratiya sammiti"nə dəvət edilməsi və İrəvanın bu dəvəti qəbul etməsi Rusiyanı qane etmir. Belə ki, Rusiya Paşinyan hakimiyyətinin Ermənistanı Rusiyanın orbitindən uzaqlaşdırmaq cəhdlərindən və eləcə də rəsmi İrəvanın Kremlin iradəsindən kənara çıxmaq istiqamətində atdığı addımlardan xəbərdardır. Bu mənada Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovun bəyanatı tamamilə başa düşüləndir. Çünki Rusiya Ermənistanın bu səpkili davranışlarına imkan vermək fikrində deyil. Peskovun bəyanatı isə faktiki olaraq xəbərdarlıq xarakterli bəyanat təsiri bağışlayır. Kreml, bu günə qədər dövlət olaraq mövcudluğunu saxlaması üçün hər şeyi etdiyi bir dövlətin, o cümlədən Avrasiya Birliyində və KTMT-də təmsil olunan bir dövlətin indi anti-Rusiya layihəsində iştirak etməsini xəyanət olaraq qəbul edir. Rusiyanın yüksək siyasi dairələrində erməni baş nazirə etibar edilmədiyi artıq qətiyyən şübhə doğurmur. Bu isə öz növbəsində erməni tərəfində ciddi narahatlıq yaradıb və faktiki olaraq bir müddət əvvəl Azərbaycan və Türkiyənin həmin sammitə dəvət olunmamasına sevinən erməni cəmiyyəti indi Rusiya tərəfindən cəzalandırılacaqlarının təşvişini yaşayırlar. Erməni mətbuatı Peskovun bəyanatını hətta Ermənistanın daxili işlərinə qarışmaq kimi xarakterizə edir. Bütün bunlar onu deməyə əsas verir ki, Rusiya-Ermənistan əlaqələrində ciddi problemlər mövcuddur və bu problemlər bundan sonra da daha qabarıq şəkildə özünü göstərəcək. Bu baxımdan, həmin sammitdə müzakirə olunacaq məsələlərin məzmunu və nəticələri daha çox erməni baş nazirin gələcək taleyinin dəqiqləşməsi baxımından da önəm daşıya bilər". “Yeni Müsavat”