Ermənistanın keçmiş prezidenti Sarkisyanın “İsgəndər” raketləri ilə bağlı fikir səsləndirmişdi ki, vaxtıilə prezidentliyi dövründə “İsgəndər” raketlərinin Rusiyadan alınmasını təmin edib və Ermənistan hərbi qüvvələrinin arsenalında həmin raketlər var. Qınaq obyekti olaraq hazırki baş naziri göstərirdi ki, Paşinyan müharibə dönəmində əgər, “İsgəndər” raketlərindən istifadə etsəydi, müharibənin nəticələrini Ermənistanın xeyrinə dəyişmək mümkün olardı. Ardınca isə Paşinyan onun iddialarına cavab verdi. Dedi ki, “İsgəndər” raketlərindən istifadə ediblər. Sadəcə olaraq bu raketlər gücünün on faizi həcmində partlayıb. Nəticəsi isə olmayıb.”
Bu fikirləri “İki sahil”ə açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının( AMİP) sədri Arzuxan Əlizadə söyləyib.
Partiya sədri qeyd edib ki, bütün bunlardan sonra Rusiya tərəfi buna çox sərt reaksiya verdi. Çünki Rusiyanın arsenalında olan ən güclü silahlardan biri “İsgəndər” raketləri hesab olunur. Ona görə də şimal qonşumuz Ermənistan rəsmilərinin səsləndirdiyi açıqlamaları özünə qarşı qara piar kimi qəbul etdi. "İsgəndər" raketinin partlaması və yaxud da lazımi gücü göstərməməsi faktiki olaraq Rusiya hərbi gücünün zəif olduğunun göstəricisi kimi də anlaşıla bilərdi. Müəyyən basqılardan sonra Ermənistan rəhbərliyi, Paşinyan da fikirlərini təkzib edərək, "İsgəndər" raketlərindən istifadə etmədiklərini “etiraf etdi”.
A.Əlizadə vurğulayıb ki, martın 15-də Azərbaycan Minatəmizləmə Agentliyinin əməkdaşlarının işğaldan azad edilmiş Şuşa şəhərində və onun ətrafında həyata keçirdikləri minatəmizləmə əməliyyatları zamanı böyük dağıdıcı gücə malik “İsgəndər-M” raket kompleksinin qalıqlarını tapması, satışı qadağan olunan bu ballistik raketin Azərbaycan ərazisinə necə atılması və İrəvanın onu hansı yollarla əldə etməsi ciddi suallar və narahatlıqlar doğurur. Bütün faktlar təsdiq edir ki, müharibənin gedişində Ermənistan tərəfi “İsgəndər” raketlərindən istifadə edib. Təbii ki, bu, çox ciddi məsələdir. Ermənistanda "İsgəndər-E" raketinin olması bəlli idi. Bizim ərazilərimizdə aşkarlanan isə "İsgəndər-M" raketinin qalıqlarıdır. Ermənistana verilən "İsgəndər" raketlərinin E modifikasiyasıdır ki, təxminən 280 km-ə qədər məsafəni vurmaq gücünə malikdir. Onların gücü “İsgəndər-M" raketlərindən qat-qat zəifdir. Məsələ burasındadır ki Şuşaya atılan və orada qalıqları tapılan “İsgəndər-M" modifikasıyasıdır ki, bu da həmin silahın ya Rusiya hərbçiləri tərəfindən, Rusiyanın Gümrüdə yerləşmiş hərbi bazasının ərazisindən atılması və ya bu raketlərin qanunsuz şəkildə Ermənistana verilməsi ehtimalını ortaya çıxarır".
Həmsöhbətimiz əlavə edib ki, beynəlxalq öhdəliyi görə orta və uzaq mənzilli raketlərin (yəni mənzili 300 km-dan çox olan raketlərin) satışı qadağandır. Rusiya tərəfi həmin raketləri yalnız özü istifadə edə bilər. Digər dövlətlərə verilməsi qanunsuzdur: “Bu, çox ciddi məsələdir. Azərbaycan tərəfi bu məsələ ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırıb. Rusiyadan tələb olunur ki, məsələyə aydınlıq gətirsin. Bundan sonra Rusiya tərəfinin ilkin reaksiyası belədir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti məsələni araşdırmağa başlayıb. Araşdırmaların nəticələri hələ ki, yoxdur və mən araşdırmanın nəticələrinin ictimaiyyətə açıqlanacağını gözləmirəm.”
Müsahibimiz qeyd edib ki, Rusiya rəsmiləri bu məsələyə aydınlıq gətirməlidir. Çünki "İsgəndər-M" raketləri nüvə başlığı daşımaq gücünə malik olan raketlərdir və bu faktiki olaraq müharibə cinayətidir: "Bu məsələdə qaranlıq məqam qalmamalıdır. Azərbaycan və dünya ictimaiyyətinə bu məsələ ilə bağlı tam olaraq məlumat verilməlidir". “İki sahil”
Millət