Elşən Mustafayev: "Bu da birinci qədər təhlükəli və Azərbaycanı
qane etməyəcək bir plandır"
"Rusiya istəsəydi, bu problemin həllinə çoxdan nail olmuşdu"
Rusiyanın baş naziri Dmitri Medvedyev növbəti dəfə Dağlıq Qarabağ münaqişəsindən
söz açıb. Hökumət başçısı "Rossiya 1" televiziya kanalının
"Vesti v subbotu" proqramına müsahibəsində Rusiyanın Dağlıq Qarabağ
probleminin nizamlanmasına başladığını bildirib. Onun sözlərinə görə, əsas məsələ
atəşi saxlayıb danışıqlar masasına oturmaqdan ibarətdir. Medvedyev deyib ki,
Rusiya münaqişənin uzanmamasına çalışır.
"Bütün olanlardan sonra təsir gücünə malik, həm Ermənistan, həm Azərbaycanla
tərəfdaşlıq münasibətləri olan bir dövlət kimi, Rusiya münaqişənin uzanmaması
üçün ondan asılı olan hər bir şeyi etməli idi. Biz istəyirik ki, konflikt
permanent mərhələyə qədəm qoysun.
Ona görə Rusiya prezidenti Putin Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənsitan
prezidenti Serj Sarkisyana zəng vurdu, mövqeyimizi ifadə etdi".
Maraqlıdır ki, baş nazir münaqişənin dondurulmuş qalmasının daha yaxşı olduğuna
diqqət çəkib: "Münaqişənin dondurulmuş vəziyyətdə saxlanması, başqa sözlə,
onun sürətli həllindən imtina etməklə insan həyatını qurban verərək həll edilməsi
arasında seçim etməyimlə bağlı məndən soruşsanız, mən birincini seçərdim.
İndiki vəziyyətin qalması daha yaxşıdır, nəinki qan tökülməsi".
Medvedyev Rusiyanın Azərbaycana və Ermənistana silah satmasına da münasibət
bildirib. "Rusiya Ermənistan və Azərbaycana silah satışını dayandırarsa,
onun yerini başqa ölkələr tutacaq. Təsəvvür edin ki, Rusiya bu roldan imtina
etsə, yer boş qalmayacaq. Tərəflər başqa ölkələrdən silah alacaqlar",-deyə
o qeyd edib.
Medvedyevin münaqişənin dondurulmuş vəziyyətdə saxlanması ilə bağlı fikirləri
barədə ekspertlər nə düşünür?
Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq katibi Elşən Mustafayev
"Bakı-Xəbər"ə bildirdi ki, Azərbaycanın işğal olunmuş ərazilərinin təmas
xəttində 2 aprel 2016-cı ildə erməni hərbi birləşmələri tərəfindən atəşkəsin
pozulması nəticəsində yaranmış hərbi əməliyyatların ilk günlərindən Rusiyanın
mövqeyi onların KİV-ləri və TV-lərinin fəaliyyətindən məlum oldu. Həmin
proqramlarda politoloqlar problemin azı 50 illik dondurulmasını, onun həllini
düşmənçilik hissləri olmayan gələcək nəsillərə saxlamağı təklif edirdilər. Eyni
təklifi dəqiqliklə Medvedyev səsləndirdi. Bundan bir gün öncə Lavrov da 5+2 təklifini
yenidən ortaya atmaqla, digər bir variant irəli sürdü. Əslində isə bu da yenilənmiş
Madrid prinsiplərində olan təkliflərə yaxın bir təkliflərdir. Hesab edirəm ki,
hər iki variant bir mərkəzdə hazırlanıb və bunu şərti olaraq A və B variantı
kimi adlandırardım. Hər iki variant, nəticə etbarilə, Azərbaycanın maraqlarına
xidmət etməyəcək. "Lavrov planı" kimi təqdim olanan Putin planının məğzi
odur ki, 5 rayonun qaytarılmasından sonra Dağlıq Qarabağın status müzakirələri
başlansın, eyni zamanda, Laçın və Kəlbəcərlə bağlı məsələlər də müzakirə
olunsun. Azərbaycan buna razılıq verəcəyi halda Ermənistan dərhal deyəcək ki,
bufer zonanı qaytardığımız üçün Qarabağ ermənilərinin danışıqlar prosesi
boyunca təhlükəsizliyi təhdid altında olacaq. Bu zaman da araya müvəqqəti sülhməramlıların
yerləşdirilməsini Rusiya təklif edəcək, bununla da Abxaziya və Cənubi Osetiyada
olduğu hal yaranacaq və danışıqların müddətinin nə qədər olacağı da məlum
olmayacaq. Bundan sonra, Azərbaycan istəsə belə, hər hansı hərbi əməliyyatın
keçirilməsi mümkünsüz olacaq. Çünki bu halda gərək sülhməramlıların üzərindən
keçəsən. Medvedyevin təklif etdiyi problemin uzun müddətə dondurulması planı isə
"Lavrov planı" baş tutmayacağı halda dövriyyəyə buraxılacaq ikinci
plandır. Bu da birinci qədər təhlükəli və Azərbaycanı qane etməyəcək bir
plandır. 40-50 il sonra işğal altında olan ərazilərdə doğulacaq ermənilərin
artıq 3-4-cü nəsli yetişəcək. Onlar ən azından oranı inanaraq öz vətəni hesab
edəcək. Bu gün ermənilər həmin torpaqların onlara aid olmadığını bilirsə və
yaxud bu gün Ermənistanda insanlar onlara aid olmayan torpaqlarda övladlarının əsgərliyə
getməsinə etiraz edirsə, 40-50 il sonra bu cür düşünməyəcəklər.
Problemin dondurulması səbəbilə Azərbaycanın gələcək nəsilləri ən azından
bugünkü gənclər kimi Qarabağ məsələsində nə dərəcədə barışmaz olacaq, o da məlum
deyil. Hesab edirəm ki, Rusiya istəsəydi, bu problemin həllinə çoxdan nail
olmuşdu. Amma, görünür, ya bu problemin uzanması, ya da ermənilərin istəyinə
zidd olmayan şəkildə həll olunması onun əsas məqsədidir"