Rey Kərimoğlu: "Şəhid ailəsi gedib, qapıları döyüb, sığorta istəməməlidir. Dövlət özü onların haqqını verməlidir”
Musa Quliyev: "Əsasən, 2006-cı ildən əvvəl sığorta almalı olan şəxslərlə bağlı problem yaranır”
Şəhid ailələri və Qarabağ qaziləri onlara verilməli olan sığorta pulunun ödənilməsində yaranan problemlərə etiraz edirlər. Artıq bir neçə gündür ki, bu məsələ həm Milli Məclisdə, həm də mediada müzakirə olunur. Belə ki, 2006-cı ilə qədər sığorta haqqını ala bilməyən şəhid ailələri və müharibə əlilləri indi onlara qanundakı son dəyişiklikdə qeyd edilən məbləğin ödənilməsini tələb edirlər.
Bu məsələ ilə bağlı musavat.com-a danışan Qarabağ Qaziləri Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu problemə aydınlıq gətirib: "1997-ci ilin may ayının 20-də "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun qəbul edilib. Orada göstərilib ki, Azərbaycan ordusunun əsgər və zabitləri yaralananda və ya şəhid olanda ona sığorta haqqı verilməlidir. Şəhid olanların ailəsinə, əlil olanların isə özünə sığorta pulu verilir. Biz buna "qan pulu” deyirik. Həmin qanunda yazılmışdı ki, qanun qüvvəyə minənədək sığorta hadisəsi baş verdiyi andan 3 il müddətinə qədər sığorta pulu ödənilməlidir. Əgər əsgər 1994-cü ildə şəhid olubsa belə, heç bir halda, qanunun əhatə etdiyi dövrə düşmür. 2013-cü ildə Milli Məclisdə qanuna dəyişiklik edildi və həmin 3 il müddəti götürüldü. 2013-cü ildən sonra bütün şəhid ailələri müraciət etməyə başladı. 1990-1993-cü illərdə şəhid olanların heç birisinin ailəsi o pulu almamışdı. Çünki qanun imkan vermirdi. Ancaq təbii ki, bu, onların haqqıdır.
2006-cı ildə verilən qərara əsasən, şəhid olan şəxsin ailəsinə sığorta pulu 11 min manat məbləğinə qaldırıldı. Birinci qrup əlil olanlara həmin məbləğin 80 faizi - 8800 manat, ikinci qrup əlil olanlara 60 faizi - 6600 manat, üçüncü qrup Qarabağ əlillərinə 40 faizi - 4400 manat ödənilməlidir. Ancaq hazırda bu pullar həmin şəxslərə ödənilmir. Bu işi həmin dövrdə hərbi komissarlıqlar və sığorta idarəsi etməli idi. Bu gün Qarabağ əlillərinin əlində sığorta pulunun ödənilməsi ilə bağlı 500-dən çox məhkəmə qərarı var. Ancaq ödəmə həyata keçirilmir. Konstitusiya Məhkəməsinin də qərarı var ki, bu pul ödənilsin. Ödəmə qaydaları isə Milli Məclis tərəfindən qəbul edilməlidir. Bir ildən çoxdur ki, Milli Məclis bu qanunun qəbulunu gecikdirir. Şəhid ailələri dəfələrlə gedib, Milli Məclisin qarşısında etirazlarını bildirəndən sonra Sosial Siyasət Komitəsindən söz verdilər ki, məsələ ilə maraqlanacaqlar.
Bir məsələ də odur ki, 2006-cı ilə qədər şəhid olanların ailələrinə 1100 manatın verilməsi nəzərdə tutulur. Ancaq bunun üzərinə devalvasiya haqqı da gəlməlidir. Yoxsa, bu, haqsızlıq olar. 1993-cü ildə şəhid olan bir kişinin oğlu da bu il şəhid oldu. Atasının "qan pulu” ailəsinə çatmamış, onun oğlu da şəhid oldu. Bu, biabırçılıqdır. Şəhid ailəsi gedib, qapıları döyüb, sığorta istəməməlidir. Dövlət özü onların haqqını verməlidir”.
R.Kərimoğlu qeyd etdi ki, son bir ildə şəhid olanların sığorta pulu verilirdi, ancaq hazırda bəziləri gecikdirilir: "Ötən ilin avqustunda yaralanmış Lənkəran rayon sakini, əsgər Sərxan Tahirzadə iki ayağını itirsə də, sığorta haqqını ala bilmir. Əvvəllər son zamanlar şəhid olanlara sığorta pulu verirdilər, indi onu da dayandırıblar”.
Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Vahid Əhmədov musavat.com-a açıqlamasında bildirib ki, bu, artıq parlamentə aid olan bir məsələ deyil: "Bütün sənədlər tərtib olunub və Nazirlər Kabinetinə göndərilib. Milli Məclisin bütün iclaslarında bu məsələ müzakirə olunub. Deputatların əksəriyyəti onlara verilən bir neçə dəqiqəlik vaxtın bir qismini də bu məsələyə ayırır. Hazırda isə məsələ Nazirlər Kabinetinə tapşırılıb”.
Parlamentin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev isə APA-ya açıqlamasında bildirib ki, problemin səbəbi sosial sığorta almalı olan hərbi qulluqçularının özlərinin və ya yaxınlarının vaxtında müraciət etməməsidir.
M.Quliyev qeyd edib ki, sığorta qanunvericiliyinə görə, hərbi qulluqçunun özü və ya hüquqi varisi 2 il müddətində Dövlət Sığorta Şirkətinə müraciət edərək, sığortanı almalıdır: "Amma onların əksəriyyəti müxtəlif səbəblərdən vaxtında müraciət etməyiblər. Buna görə də sığorta pulunu almayıblar. 2013-cü ildə sığorta haqqının ödənilməsi üçün müddətin limitsiz olması ilə bağlı qanunvericilikdə dəyişiklik edilib. Yəni sığorta haqqının 2 il müddətində alınması ilə bağlı məhdudiyyət qaldırılıb. Bundan sonra isə kütləvi şəkildə sığorta haqlarının alınması ilə bağlı müraciətlər başlanılıb. Amma burada da başqa bir problem ortaya çıxıb.
Məsələ ondadır ki, 2006-cı ilə qədər sığorta 1100 manat məbləğində, 2006-cı ildən sonra isə 11000 manat məbləğində olub. Hazırda 2006-cı ildən sonra şəhid olmuş şəxslərin ailələri, əlillik statusu alanların isə özləri ilə bağlı heç bir problem yoxdur. Əsasən, 2006-cı ildən əvvəl sığorta almalı olan şəxslərlə bağlı problem yaranır. Onlar da 11 min manat məbləğində sığorta tələb edirlər. Lakin qanunvericiliyə görə, həmin vaxt sığorta məbləği 1100 manat olub. Məsələnin mahiyyəti bundan ibarətdir. Həmin vaxt ayrılmış vəsait 1100 manat olduğu üçün Dövlət Sığorta Şirkəti bu vəsaiti onların istədiyi 11000 manat məbləğində ödəyə bilmir”.
M. Quliyev onu da qeyd edib ki, artıq bu məsələ ilə bağlı Ali Məhkəmə və Konstitusiya Məhkəməsi də qərar verib: "Lakin hökumət bunun üzərində işləyir. Yəqin ki, bu problem həllini tapacaq”.
Bu məsələ ilə bağlı "Azərsığorta” Dövlət Sığorta Şirkəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi.