Son zamanlar qış aylarında sosial şəbəkələrdə buz kimi soyuq suda, xüsusilə də dənizdə çimən insanların görüntüləri tez-tez paylaşılır. Bəziləri bunu sağlam həyat tərzinin bir hissəsi, bəziləri isə sadəcə trend və cəsarət nümayişi kimi qiymətləndirir. Paylaşılan videolarda insanların soyuğa qarşı davamlı olduqları, heç bir çətinlik çəkmədən sudan çıxdıqları diqqət çəkir. Bu görüntülər cəmiyyətdə maraqla yanaşı, müzakirələr də yaradır. Həkimlər və mütəxəssislər isə hər kəs üçün eyni təsirin olub-olmadığı mövzusunda fərqli fikirlər səsləndirirlər.
Bəs qışın ortasında soyuq suya, xüsusilə dənizə girmək sağlamlıq üçün doğrudanmı faydalıdır, yoxsa insan orqanizmi üçün ciddi təhlükələr yaradır?
Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Aydın Əliyev bu barədə Patrul.az-a açıqlamasında bildirib ki, soyuq su qan dövranını və bədənin daxili mexanizmlərini aktivləşdirərək sağlamlığa müsbət təsir göstərir:
“Uşaqlıqdan insan bədənini soyuq suya öyrətmək lazımdır. Yəni demirəm ki, birdən-birə buz kimi su ilə yuyunmağa başlamaq lazımdır. Bu proses tədricən olmalıdır: əvvəl ilıq su, sonra isə mərhələli şəkildə daha sərin su ilə yuyunmaq məsləhətdir. Uzun müddət keçdikdən sonra bədən soyuq suya uyğunlaşır. Ümumilikdə insanı soyuq suya alışdırmaq vacibdir, amma bu, soyuqda qalmaq demək deyil. Məsələn, gündə beş-on dəqiqə soyuq sudan istifadə edildikdə, bədənin daxili mexanizmləri, qan dövranı və hüceyrə fəaliyyəti aktivləşir. Təkcə yerimək və ya qaçmaq deyil, bu cür üsullar da bədən üçün faydalıdır”.
Həkim bildirib ki, soyuq su yalnız immun sistemi güclü olan və bədəni bu şəraitə tədricən uyğunlaşmış insanlar üçün təhlükəsiz sayılır:
“Soyuq suyun faydaları çoxdur. Amma bu o demək deyil ki, xəstə olan insan soyuq suya girməlidir və ya bədəni hazır olmadan birbaşa dəniz suyunda çimməyə başlamalıdır. Bədənin möhkəmlənmə mərhələsindən keçmədən, birdən-birə soyuq dəniz suyuna girmək müəyyən çətinliklər yarada bilər. Xüsusilə immun sistemi zəif olan insanlar üçün bu risklidir. Əsas şərt immun sisteminin güclü olması, tez-tez qrip və digər xəstəliklərə yoluxmamaqdır. Bu şərtlər yerinə yetirildikdən sonra soyuq sudan istifadə etmək, qeyd etdiyim kimi, xeyirlidir”.