Tədrisə yeni yanaşma

Tədrisdə İdman və Musiqi düşüncənin hərəkətinə və ruhuna müsbət təsir edir.

Elm və təhsildə məqsədyönlü, düşündürücü və analitik fəaliyyət təfəkkür və idrakın hərəkət verici enerjisidir.Bizə də elə bu lazımdır.Yaradıcı mühiti olmayan məktəb mütəxəssiz yetişdirə bilməz.Bu gün məktəblərimiz tam bürokratik bir üsul-idarəyə çevriliblər.

Uşaqların və gənclərin sağlamlığı dövlətimizdə ən öndə duran vacib problemlərdən biri olmalıdır.Hesab edirəm ki, belə olsa da problemlər də çoxdur.Problemin kökündə isə prosesə yanaşma tərzi durur.

Orta məktəb sonra da orta ixtisas və ali məktəblərin mütəxəssiz hazırlamaqla yanaşı , həm də gənclərimizin sağlamlığında əvəzsiz rolları olmalıdır.

Yadıma gəlir, orta məktəbdə oxuyanda dərsdən əvvəl 10-15 dəqiqə idman hərəkətlərini (gimnastika adı ilə dediyimiz) bizə elətdirərdilər.Dərsdə qəflətən müəllimələrimiz bizləri ayağa qaldırardı.İndi həkim kimi başa düşürəm ki, nə qədər düzgün işlər görürlərmiş.Və yaxud da tənəffüs vaxtları tək-tək olsa da məktəbin radio qovşağı ilə musiqi səsləndirərdilər.

Yəni, məktəbdə uşaqların həm fiziki , həm də ruhi cəhətdən normal tərbiyələnməsi və inkişaf etməsi üçün çox düzgün addımlar atırlarmış.Fiziki enerji ilə ruhu qidalandıran enerji birlikdə təbii düzgün inkişafa səbəb olurdu.Bu ümumən keçmiş sistemin məktəbini tərifləmək deyil, olan yaxşı cəhətləri deməkdir.

Gəncin məktəbə gəlməsi üçün indi hansı bir əlavə cəlbedici görülən iş var? Heç bir?! Oxu deməklə olmur, oxu sözünün yanında da gərək cəlbedici fəaliyyətlər ola.Cavanın enerjisini düzgün qiymətləndirmək və düzgün istiqamətləndirmək çox vacib şərtdir.

Təhsil sistemimizdə təəssüf ki, fiziki və ruhu qidalandıran enerjilərdən istifadə yox dərəcəsindədir.Söhbət kütləvilikdən gedir.

Faktiki olaraq məktəblərdə yaradıcı-inkişafetdirici və düşündürücü ideoloji sistemlər qurulmayıb.

Bu gün məktəblərimiz tam yaradıcı deyil , (ali və orta ) bürokratik qarovulçu bir üsul-idarəyə çevriliblər.Yaxud da yaxşı halda son zamanlar bürokratizmlə yaradıcı mühitin çarpışması başlayıb.

Almaniyada musiqi və tibbin əlaqəsi inkişaf etdirilməkdədir.Özümüzdə mərhum professor İ.Topçubaşov cərrahi əməliyyatlar zamanı musiqidən istifadə edirdi.Musiqi və sağlamlıqla bağlı artıq Azərbaycanda da elmi işlər aparılır , müdafiələr olur.Yaxşı bu işlər praktikaya tətbiq olunmursa kimə lazımdır?!

Özüdə Azərbaycanda haqlı olaraq muğama-musiqiyə bu qədər fikir verilir.Düşüncəyə səbəb olan hadisələr nə üçün ayrı-ayrı sahələrə -məsələn tədrisdə tətbiq olunmur.

Tənəffüs vaxtı bir həzin musiqi səslənsə bu tədrisin keyfiyyətinə cavanların sinirlərinin normal olaraq sakitləşməsinə, nəticədə isə düşünmə funksiyasının güclənməsinə səbəb olardı.Şəxsən mən dərsdə epizodikdə olsa musiqi çalarlarından çox qısa da olsa istifadə edirəm.

Amma, epizodik fəaliyyətlə də yaxşı nəticə almaq olmur.Həm də bürokratik aparat səni məhv edər.

Təklif edirəm- Təhsil , İdman Gənclər , Səhiyyə , Turizm və Mədəniyyət nazirlikləri uşaq və gənclərin sağlam mənəvi və fiziki cəhətdən inkişafları üçün birgə fəaliyyət proqramları hazırlasınlar.Proqramın da əsasını mənəvi və fiziki hislərimizdə baş verən oyanma və ləngimə reaksiyalarının tənzimlənməsi təşkil etsin.Yeni enerjisnin düzgün korreksiyası aparılsın.Bu proqram kağızda qalmasın, bütün məktəblərin gündəlik fəaliyyətlərinin bir hissəsini təşkil etsin.

Məktəblərdə uşaqların onurğa sütununun əyriliyinə , bu isə gələcəkdə müxtəlif xəstəliklərə səbəb olan partalar yığışdırılsın.Partanın qabaq hissəsi nisbətən hündür olmalıdır ki, şagird əyilməsin.

Bütün fəaliyyətimizin əsasını təşkil edən üçlüyün- ailə, məktəb və cəmiyyətin funksiyalarından düzgün istifadə olunması maddi və mənəvi sağlamlığımıza , bu işə dövlətimizin azad, güclü, demokratik inkişafına səbəb olardı.Müstəqil dövlətçiliyimiz isə düşüncəmizdir, ideologiyamızdır.

Hər hansı bir proqramlar hazırlandıqda isə ancaq bürokratik aparatın işçiləri deyil, ayrı-ayrı sahələrin mütəxəssizləri də cəlb olunsunlar.

P.S. Artım sayına görə inanmıram ki, dünyada Azərbaycanda tikilən və istifadəyə verilən sayda uşaq baxçaları, məktəb və idman sarayları olsun.Deməli, problem ayrı-ayrı icra strukturlarının fəaliyyətindədir.

Artıq, Azərbaycan dünyanın enerji mərkəzlərindən birinə çevrilibdir.Ölkəmizi həm də dünyanın aparıcı elmi-tədris mərkəzlərindən birinə də çevirə bilərik.Bu isə sağlam ruh və düşüncə fəaliyyəti zamanı baş verə bilər.Nəticədə isə dövlətimizi bu addımlarla hətta demokratiya mərkəzlərindən birinə çatdıra bilərik.

O zaman Azərbaycanın müstəqil dövlətçiliyi daimi olar və müstəqilliyimizə əbədi olaraq heç bir qara qüvvə toxunmağa cürət edə bilməz.Bu gün belə fəaliyyətə gücümüz çatar.Kimi gözləyirik?

Aydın Əliyev
Tibb üzrə fəlsəfə doktoru