Milli Məclisin plenar iclasında çıxış edən istiqlalçı deputat Vahid Əhmədov 2020-ci ilin çox böyük hadisələrlə yadda qaldığını söyləyib.
Musavat.com-un xəbərinə görə, deputat bildirib ki, Azərbaycan Ermənistanın işğalına son qoyub, həmçinin pandemiya ilə əlaqədar böyük çətinlikləri dəf edib:
“Amma mən 2021-ci ildəki bir tarixi hadisəni xüsusilə qeyd etmək istəyirəm. 18 oktyabr 1991-ci ildə biz bu zalda Azərbaycanın Dövlət Müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktını qəbul etmişik. Azərbaycanın müstəqilliyini ilk tanıyan Türkiyə, ikinci dövlət Pakistan olub. Bu mənada mən sizin (spiker Sahibə Qafararovanın-E.P.) Pakistana səfərinizi çox yüksək qiymətləndirirəm. Əgər 1918-ci ildə Azərbaycan cəmi 23 ay müstəqil dövlət kimi mövcud ola bilmişdisə, artıq 30 ildir müstəqil dövlətik. Ona görə də mən təklif edərdim ki, Milli Məclis Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illik yubileyi ilə əlaqədar olaraq tədbirlər planını hazırlasın. Biz dünyaya bir daha bəyan edək ki, biz 30 ildir müstəqil dövlətik. Mən Milli Məclis rəhbərliyindən xahiş edirəm ki, bu istiqamətdə addımlar atılsın”.