Hazırda damar və venaların xroniki xəstəlikləri dünyada ən çox yayılmış xəstəliklər sırasındadır. Bunlar arasında daha çox varikozun adı çəkilir. Bu xəstəliklərin yaranma səbəbi, profilaktikası, müayinə və müalicəsi haqqında Azərbaycan Tibb Universitetinin (ATU) professoru, tibb elmləri doktoru, Dünya və Avropa Damar Cərrahları Assosiasiyasının üzvü Məhəmməd Kərimov danışıb.
-Varikoz xəstəliyi doğrudanmı dünyada çox yayılıb? Bu xəstəliyin ən çox hansı növünə rast gəlinir və səbəbi nədir?
- Dünya üzrə statistikaya görə, hazırda əhalinin 40-50 faizi varikozdan əziyyət çəkir. Aşağı ətrafların (ayaqların) venalarının, yəni dərialtı səthinin venalarının varikoz genişlənməsi daha çox yayılıb. Əgər varikozun başlanğıc formasını (kiçik damarların genişlənməsini) də bura əlavə etsək, demək olar ki, varikoz xəstəliyi az qala əhalinin 70-80 faizini əhatə edir. Azərbaycanda varikozu artıq "xalq xəstəliyi” adlandırırlar.
Beynəlxalq araşdırmaların nəticələrinə görə, varikoz xəstəliklərinə qadınlar arasında daha çox rast gəlinir. Statistikaya fikir versək, qadınlar arasında varikoz 35-50 faiz, kişilər arasında 25-35 faiz civarında rast gəlinir. Səbəbi odur ki, qadınlar varikoza meylli olurlar. Əgər qadın hamiləlik keçirərsə, bu, aşağı venozlara əlavə ağırlıq verir və varikozun yaranma ehtimalı daha da artır. Əgər qadın bir dəfə hamilə olarsa 40 faiz, üç dəfə hamiləlik keçirərsə, varikozun yaranma ehtimalı 360 faiz olur.
Varikozun yaranmasında üçüncü önəmli amil - birləşdirici toxuma sisteminin anadangəlmə zəifliyi sindromudur. İnsan orqanizmində iki skelet var: sümük skeleti və ona birləşik toxumadan ibarət olan skelet. İkinci skeletimiz bizim həyatımız üçün çox önəmli rol oynayır. Və bu toxuma bütün orqanlarda var, xüsusilə damarların divarında. Əgər bu sistemdə anadangəlmə zəiflik varsa, onda varikozun yaranma ehtimalı daha çox olur. Anadangəlmə varikozu olan qadınların anası, xalası və yaxud digər qohumunda bu xəstəlik olur. Yəni, bu, həm də irsi xəstəlikdir.
-Belə çıxır, varikoz əsasən anadangəlmə faktorlarla əlaqəlidir?
-Yox, digər amillər həyatda rast gəlinən faktorlardır. Məsələn, oturaq həyat, saatlarla ayaqüstə durmaq, ağır fiziki işlə məşğul olmaq, yük qaldırmaq və s. davranışlar da varikozun əmələ gəlməsində böyük rol oynayır. Bunlardan başqa, piylənmə, ağır çəki, xroniki kolitlər, qəbzlik də varikoz yaradan əsas faktorlardandır.
Varikoz xəstəliyinin daha çox C2 və C3 variantlarına rast gəlinir. Yəni, əsasən diametri 3 mm-dən böyük olan damarların genişlənməsi ilə bizə daha çox müraciətlər olunur. Varikoz xroniki gedişə malik xəstəlikdir, uzun illər davam edir. Əsasən yay aylarında qadınlarda ağrılar artır, soyuq aylarda isə azalır.
Varikozun daha çox rast gəlinən fəsadları arasında bunları saymaq olar: trombozlar, kəskin tromboz, tromboflebit . qanaxmalar, trofiki dəyişikliklərin və trofiki qanaxmaların baş verməsi. Bizə müraciət edən xəstələrin əksəriyyətində varikozun bu və ya digər fəsadı müşahidə olunur. Trafkiyaları olan xəstələrdə yaralar uzun illərlə sağalmır. Və onların sağalması demək olar qeyri-mümkün olur.
-Varikozun müalicəsində hansı yeniliklər tətbiq edilir?
-Son 15 ili varikozun müalicəsində inqilabi bir dövr adlandırmaq olar. Əvvəllər varikoz adi metodlarla müalicə olunurdu, bu da çox saylı kəsiklərlə müşayiət olunurdu, əmliyyatlardan sonra xəstənin ayağında izlər qalırdı.
Lakin indiki dövr lazerlə müalicə (EVLA – Endovenoz Lazer Ablasiyası) dövrüdür. Yəni, damar daxilinə bu və digər kimyəvi vasitəni daxil etməklə, damarları çıxarmadan müəyyən müddət ərzində varikozun aradan götürülməsinə nail oluruq. EVLA prosedurası varikoz xəstəliyinin ən son müalicə metodu olub, damar divarına daxildən lazer enerjisi ilə təsir etməklə, onun bağlanmasına əsaslanır.
Lazer müalicəsinin üstünlükləri kəsiksiz, ağrısız, qansız, yerli anesteziya ( "keyitmə” ) ilə icra olunmasıdır. Digər tərəfdən, proseduradan dərhal sonra pasient ayağa duraraq sərbəst gəzir.
Endovenoz lazer koaqulyasiyası və yaxud varikozun lazer müalicəsi son vaxtlar çox köklü dəyişiliklərə məruz qalıb. Son illər ərzində yeni növ lazer - suya təsir edən lazer və yeni lazer ötürücüsü - radial ötürücü kəşf edilib. Yeni növ lazer şüalarının təsirindən damar divarının kollagen lifləri zədələnir və onun bütün qatları bir növ əriyərək çapıq toxuması ilə əvəz olunur. Bu, ilk nəsil lazerlərdən - hemoqlobin lazerindən əsaslı şəkildə fərqlənir, damar daxilində tromb yaratmır. Bu səbəbdən prosedurada tromboembolik fəsadların yaranma ehtimali sıfıra bərabərdir, yəni demək olar ki, tam təhlükəsizdir. Beləliklə, bu müalicədən sonra biz içərisi trombla dolmuş vena yox, çapıqlaşımış vena görürük.
-Hazırda Azərbaycanda belə əməliyyatlar icra olunurmu?
-Fəxrlə qeyd etmək istərdim ki, yeni innovasion texnologiyanın həyatda özünə çox çətinliklə yol açmasına baxmayaraq, biz buna maksimum qısa müddətdə - 3 ay ərzində nail olduq. Artıq Azərbaycanda "üçüncü nəsil” adlandırılan son lazerlə uğurlu əməliyyatlar aparmışıq.
Təəssüf ki, hələlik Azərbaycanda aparılan əməliyyatların yaınız 1 faizi lazerlədir, yerdə qalan hallarda klassik - flebektomiya üsulundan istifadə olunur. Halbuki, dünyada göstəricilər tam əksinədir. Təəssüf ki, bu, həkimlərimizin yeni texnologiyaları öyrənməyə az meyl göstərməsi ilə əlaqədardır.
-Endovenoz üsulla aparılan əməliyyatlardan sonra xəstədə yenidən varikoz gəlmə ehtimalı varmı?
-Klassik üsulla aparılmış əməliyyatdan sonra bu risk 15-20%dir, lazer müalicəsindən sonra isə 1-2 %dir. Bu da bir daha lazer müalicəsinin üstünlüyünü vurğulayır. Biz xəstələri 1 il müşahidə edirik, kiminsə çətinlik yaşadığını görməməişik.
Qeyd edim ki, varikoz xəstəliyin müasir müalicə metodları arasında Radiodalğalı ablasiya (RDA) adını çəkmək olar. Bu zaman radiodalğalar vasitəsi ilə genişlənmiş damara təsir etməklə onun yığılmasına və sorulub itməsinə əsaslanır. Digər üsul - miniflebektomiya – daridə kəsik aparmadan, kicik dəliklərdən xüsusi alətlər vasitəsi ilə varikoz venaların çıxarılmasıdır. Mikrodəliklər steril striplər (steril plastrlar) vasitəsi ilə örtülür. Qısa müddətdən sonra dəliklər iz buraxmadan tamimilə sağalır.
Skleroterapiya - damar daxilinə xüsusi preparatın (sklerozantın) yeridilməsi ilə onun sorularaq aradan qaldırılmasıdır. Bu metod daha çox dəridaxili retikulyar venaların və damar ulduzcuqlarının (teleangioektaziyaların ) müalicəsində istifadə olunur.
-Məhəmməd müəllim, ayaqlarında varikoz damarları olan insanlara nə tövsiyyə etmək olar?
-Dərhal fleboloq və ya damar cərrahına müraciət etmək lazımdır. Gündəlik həyatda isə uzun müddət ayaqüstə və ya oturaq vəziyyətdən imtina etmək, hündür dabanlı ayaqqabı geyməmək lazımdır. Fleboloqlar 5 sm-dən hündr dabanlı ayaqqabı geyməyi məsləhət görmürlər.
Həmçinin, hansısa isidici proseduralardan ( müxtəlif növ fizioterapiyalar ) uzaq olmaq, isti vanna və saunadan istifadə etməmək məsləhətdir. Kompression corablardan istifadə etmək 7. Uzanarkən ayaqların altına yastıq qoyaraq qaldırmaq 8. Müalicə tədbirlərinə mümkün qədər tez başlamaq. Hamilə qalmaq istəyən xanımlar hansiki bu tip problemi varsa mütləq fleboloqa müraciət etməli, fleboloqun məsləhətlərindən sonra hamilə qalmalıdırlar.