Vəkil Adəm Məmmədov təqsirləndirilən şəxs qismində tanındı

Vəkil Adəm Məmmədov məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs qismində tanınıb. İyulun 18-də Nərimanov rayon məhkəməsində hakim Vüsal Qurbanov bu barədə qərar çıxarıb.

 Adəm Məmmədov vəkil həmkarı Ceyhun Yusifovun xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında təqsirləndirilən şəxs olub.

Ceyhun Yusifov həmkarının ona böhtan atdığını bildirir və Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyir.

Adəm Məmmədovun özü ilə yanaşı, qardaşı Xəyyam Məmmədova qarşı da eyni ittiham irəli sürülüb.

Ceyhun Yusifov iddia edir ki, Adəm və Xəyyam Məmmədov qardaşları onu ağır cinayətdə ittiham ediblər, bu barədə məlumat yaymaqla şərəf və ləyaqətini ləkələyiblər, işgüzar nüfuzuna zərbə vurublar. İddiaya görə, Adəm Məmmədovun qardaşı ilə birlikdə rəhbərlik etdiyi saytda onun haqqında məlumat yayımlanıb. Sonradan həmin məlumat başqa saytlar və sosial şəbəkələrdə də yayımlanıb.

İyulun 18-də Nərimanov rayon Məhkəməsində bu iş üzrə hazırlıq iclası keçirilib. Adəm Məmmədov işin icraata götürülüb baxılmasına etiraz edib.

Lakin hakim Vüsal Qurbanov xüsusi ittiham qaydasında qaldırılmış iddianı icraata götürüb və baxılmasına qərar verib. Beləliklə, həm Adəm Məmmədov, həm də qardaşı təqsirləndirilən şəxs qismində tanınıb.

Bu iş üzrə məhkəmə baxışı iyulun 25-nə təyin olunub.

Millət