Xudat, Azərbaycanın şimal bölgəsindəki strateji əhəmiyyətə malik bir şəhər olaraq, əvvəllər tibb sahəsində yüksək keyfiyyətli xidmətlər təqdim edirdi. Lakin 2020-ci ildən sonra, şəhərin mərkəzi xəstəxanasının fəaliyyətini dayandırması və Ailə Sağlamlıq Mərkəzinə çevrilməsi ilə vəziyyət dramatik şəkildə dəyişdi. Həmin dövrdən bəri xudatlılar, tibbi xidmətlərdə əhəmiyyətli məhdudiyyətlərlə üzləşməyə başladılar. İndi isə xəstəxana xidmətlərinin Xaçmaz rayonuna yönləndirilməsi, əhali üçün tibb xidmətlərinin əlçatanlığını daha da çətinləşdirib. Bütün bunlar təkcə Xudatın deyil, həm də bölgənin sağlamlıq sisteminin təhlükə altında olduğunu göstərir. Bu gün Xudat şəhəri və ətraf kəndlərdə yaşayan insanlar, əvvəlki səhiyyə xidmətlərini əldə etmək üçün daha çox zaman və məsafə itirirlər, hansı ki, bəzən bu, həyatla ölüm arasındakı fərqi yarada bilər.
Simal Xəbərləri xəbər verir ki,bu vəziyyətlə bağlı məsələyə siyasi şərhçi Çingiz Şahbazinin də paralel.az sayında diqqətini yönəltməsi, əslində Xudat və ətraf bölgələrin səhiyyə xidmətləri ilə bağlı problemlərin nə qədər geniş və vacib bir məsələ olduğunu ortaya qoyur. Onun verdiyi şərhlər, yalnız yerli əhalinin deyil, eyni zamanda ölkə səviyyəsində səhiyyə sisteminin vəziyyətinə dair ciddi narahatlıqları da özündə ehtiva edir.
"Bildiyiniz kimi Xudat şəhər Mərkəzi Xəstəxanası 2020-ci ildə fəaliyyətini dayandırmalı oldu. Daha sonra xəstəxana Ailə Sağlamlıq Mərkəzi (ASM) kimi fəaliyyət göstərməklə işinə davam etməyə başladı və demək olar ki, xudatlıların səhiyyə ilə problemləri, çətinlikləri də məhz elə bundan sonra başlayıb.Xudat xəstəxanası vaxtilə ölkənin digər xəstəxanaları kimi tibb sahəsinin bütün istiqamətləri üzrə, Nabran -Yalama-Xudat və Xaçmaz rayonunun digər Xudata daha yaxın ərazilərində yaşayan 80 minə yaxın insana xidmət edib. Tibbi müayinələr və müalicə xidmətləri ilə birlikdə bütün tibbi xidmətlər Xudat xəstəxanasında həyata keçirilib. Hazırda bütün bu xidmətlər məhdudlaşdırılaraq, Xaçmaz rayon Xəstəxanasına həvalə edilib.Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) müxtəlif vaxtlarda mətbuat orqanlarında müraciət edilib, problemlər işıqlandırılıb. TƏBİB-dən verilən məlumatlar isə hələki reallığı əks etdirmir. Məlumatda bildirilir ki, Xudat ASM hazırda 35 kənd sakinlərinə və Xudat şəhər sakinlərinə xidmət göstərir və vətəndaşların müraciətləri əsasında, əhalinin sağlamlığının qorunmasını əsas götürərək, Xudat ASM-nin tibbi xidmətlərin effektliliyini artırmaq məqsədilə, əhaliyə keyfiyyətli səhiyyə xidməti vermək üçün, sağlamlıq mərkəzində təmir-tikinti işləri aparılır və sairə. TƏBİB-dən verilən məlumatlar hamısı doğrudur, amma, aparılan təmir-tikinti işləri bir ildən artıqdır ki, dayandırılıb və təmir-tikitinin yekunlaşması və istifadəyə verilməsi isə hələ ki, məlum deyil. Bu yaxınlarda isə Xudat xəstəxanasına bir neçə km. aralıda yol qəzası baş verdi və yaralılardan biri Xaçmaz rayon Mərkəzi Xəstəxanasına catdırılarkən, yolda dünyasını dəyişdi. Xudat xəstəxanasının əvvəlki normal fəaliyyəti bərpa olunsaydı, 27 km əlavə yol qət etməyə lüzum qalmazdı və vaxt itkisinə yol verilmədən insanlara tibbi yardım göstərilə bilərdi.
Çingiz Şahbazi, siyasi şərhçi