Yaxın perspektivdə iki ölkə münasibətlərinin düzələcəyi real deyil

Arzuxan Əlizadə: "AKP timsalında kimin hökumət başına gəlməsi onlar üçün o qədər də önəmli rol oynamır"
"Moskva-Ankara münasibətlərinin yaxın dövrdə düzələcəyi real görünmür"
Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) növbədənkənar qurultayının keçiriləcəyi və partiyanın sabiq sədri, keçmiş baş nazir Əhməd Davudoğlunun növbəti dəfə namizədliyini irəli sürməyəcəyi gözlənilirdi. Nəhayət qurultay baş tutdu və Ə.Davudoğlu ilə bağlı yayılan xəbər də özünü doğrultdu.
Bu dəfə partiyanın sədri postuna nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Binəli Yıldırım, ədliyyə naziri Bəkir Bozdağ, energetika və təbii sərvətlər naziri Berat Albayrak və Numan Kurtulmuş ilə Mehmet Əli Şahinin namizəd olması barədə xəbərlər yayıldı. Mayın 19-da AKP nümayəndəsi Ömər Çelik TRT telekanalına açıqlamasında bildirdi ki, Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri B.Yıldırım hakim partiyanın sədri vəzifəsinə yeganə namizəddir.
Mayın 22-də AKP-nin fövqəladə toplantısı keçirildi və B.Yıldırım qurultay iştirakçılarının 1405 nəfərinin səsini alaraq hakim partiyanın yeni sədri seçildi. Beləliklə də B.Yıldırım hakim partiya sədri olmaqla bərabər, həmçinin, Türkiyənin yeni baş naziri oldu.
Bu arada Türkiyənin baş naziri Binəli Yıldırım Rusiya-Türkiyə münasibətlərinin normallaşdırılmasının yeni hökumətin proqramında əsas bəndlərdən biri olduğunu bildirib: "Hökumət dialoq yolu ilə Türkiyə-Rusiya münasibətlərinin normallaşdırılması istiqamətində səyləri davam etdirəcək".
Məlum olduğu kimi, Rusiya hərbi təyyarəsinin sərhədi pozması səbəbindən Türkiyə tərəfindən vurulduğu üçün iki ölkənin münasibətləri kəskin şəkildə pisləşib. Türkiyə tərəfinin xoş məram nümayiş etdirməkdə maraqlı olmasına rəğmən, Rusiya bunda hələ ki, həvəsli görünmür. Əksinə, yeni-yeni sanksiyalara əl atır. Bu baxımdan maraqlıdır, B.Yıldırımın bu istiqamətdə səyləri nə dərəcədə effekt verə bilər?
Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, Türkiyə-Rusiya münasibətlərinin yaxın dövrdə düzələcəyi real görünmür: "Çünki Rusiyanın timsalında bu özünü hansısa formada göstərmir. Ölkə siyasiləri bununla bağlı xoş mesaj ifadə etmir. Bununla yanaşı, Rusiya telekanalları Türkiyə, Ərdoğan əleyhinə birtərəfli, qərəzli təbliğatı davam etdirir. AKP timsalında kimin hökumət başına gəlməsi onlar üçün o qədər də önəmli rol oynamır. Başqa bir tərəfdən Suriya məsələsində Türkiyə ilə Rusiyanın mövqeyi tamamilə bir-birinə ziddir. Zatən münasibətlərin pisləşməsinin kökündə bu amil dayanır. Hətta dəvət edilməsinə rəğmən, Rusiya prezidenti Putin İstanbulda keçirilən Dünya Humanitar Sammitinə qatılmadı. Bu fakt iki ölkə arasında münasibətlərin tezliklə düzəlməyəcəyinə bir işarədir. Rusiya prezidenti bu tədbirə çox aşağı səviyyəli nümayəndə heyəti göndərib. Putinin davranışlarından da açıq-aydın hiss olunur ki, o, təyyarə hadisəsini bağışlamaq istəmir. Əksinə, bunu bəhanə edərək münasibətləri daha da dramatikləşdirmək istəyir. Rusiyada avtoritar hakimiyyətin mövcud olduğunu nəzərə alsaq, yaxın perspektivdə iki ölkə münasibətlərinin düzələcəyi real deyil".
Vidadi ORDAHALLI