Yenə də oxşar bəyanatları və açıqlamaları eşidəcəyik


Əli Orucov: "Çalışırlar münaqişə yenidən alovlanmasın”

ATƏT-in Minsk qrupunun həmsədrlərinin Bakıya səfəri gözlənilir. Diplomatik mənbələrdən "Trend”ə verilən məlumata görə, səfər iyunun 19-a nəzərdə tutulub. Vasitəçilər əvvəlcə İrəvana, daha sonra Azərbaycana səfər edəcəklər.Qrupun hər zaman verdikləri açıqlamalar və regiona yeni təkliflərlə gələcəkləri barədə söylədikləri fikirlər artıq cəmiyyətdə monoton qəbul olunur.Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərəcəyi ehtimalını yaratsa da, reallıqda fərqli heç nə olmur.

Müstəqil politoloqlar hesab edirlər ki, Minsk Qrupunun həmsədrlərinin regiona nəzərdə tutulan bu dəfəki səfəri də əvvəlkilərdən heç nə ilə fərqlənməyəcək. Vasitəçilər bu dəfə də Dağlıq Qarabağ probleminin həlli istiqamətində hansısa irəliləyişə nail ola bilməyəcəklər.

AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucov "Cümhuriyət” qəzetinə bildirib ki, həmsədrlər Azərbaycana gəlmədən öncə İrəvanda olacaqlar. O bildirib ki, bu, adət etdiyimiz səfərlərdən biridir:

"Yenə də oxşar bəyanatları və açıqlamaları eşidəcəyik. ATƏT-in Minsk qrupu faktiki olaraq münaqişənin həllində üzərinə götürdüyü vasitəçilik missiyasını həyata keçirə bilmir.Özünün əsas götürdüyü beynəlxalq normalara əsaslanmır.Dəfələrlə görmüşük ki, ATƏT-in Minsk qrupu Azərbaycana qarşı həmişə təzyiqlər göstərib.Hər zaman Azərbaycandan güzəştlər tələb ediblər.Halbuki həmin qrup işğalçı ilə işğala məruz qalan arasında fərq qoymalıdır.Nə qədər ki, beynəlxalq hüququn normalarına, BMT-nin qəbul etdiyi qətnamələrə əməl olunmur, məsələyə ədalətli münasibət göstərilməyib, o vaxta qədər münaqişənin həllində heç bir addım atılmayacaq.

Ermənistan açıq şəkildə təxribatçı hərəkətlərin davam etdirir, destruktiv mövqe göstərir, danışıqlardan boyun qaçırır.Azərbaycan da həmişə özünün konstruktiv mövqeyini ortaya qoyub və edə biləcəyi qədər güzəştlər edib.Buna baxmayaraq ATƏT həmişəki kimi tərəfləri yenidən iradə göstərməyə, danışıqlara səfərbər etməyə səsləyir.Hesab edirəm ki, bunlar artıq fikirlərdir.ATƏT ya bu münaqişənin həllində üzərinə götürdüyü missiyanı yerinə yetirməlidir, ya da beynəlxalq hüququ normalı həyata keçirməlidir, yaxud da təşkilat birdəfəlik bəyan etməlidir ki, bu işə gücü çatmır və Ermənistan münaqişənin sülh yolu ilə həllini istəmir”.

"Ermənistan diqqəti yayındırmağa çalışır”

Politoloq onu da vurğulayıb ki, Rusiya Ermənistanın həm hərbi, həm də strateji müttəfiqidir:

"Həmçinin Fransa da Ermənistanın strateji müttəfiqidir. Fransanın keçmiş prezidenti Nikola Sarkozi Ermənistanı Fransanın "kiçik baçısı" adlandırmışdı. Belə olan halda ATƏT-in Minsk qrupunun münaqişənin sülh yolu ilə həllində heç bir rolu yoxdur və bundan sonra da olmayacaq.Son dövrlər Ermənistanın təxribatçı hərəkətləri, müharibə ritorikası artır.Təbii ki, həmin dövlətlər də Orta Şərqdə baş verən hadisələrə daha çox diqqət yetirilər.Onlar da istəmirlər ki, Cənubi Qafqazda münaqişə yenidən qızışsın.Fürsətdən istifadə edərək Rusiya və onun təsiri altında olan Ermənistan diqqəti yayındırmağa çalışır.Çox güman ki, həmsədrlər bununla bağlı gəlirlər və çalışırlar münaqişə yenidən alovlanmasın.Bu gün üçün Dağlıq Qarabağ problemi böyük dövlətlərin marağında deyil.Hazırda əsas diqqət mərkəzi və mübarizə neftlə zəngin olan Orta Şəqdədir”.

Yeganə Oqtayqızı
Cebhe.info