Krit yaxınlığında miqrantları daşıyan qayıq batıb  - 1 ölü, 25 itkin

Yunanıstanın Krit adası yaxınlığında yerləşən Qavdos adası sahillərində miqrantları daşıyan qayığın aşması nəticəsində bir nəfər ölüb, 25 nəfər itkin düşüb.

 

Millet.az xəbər verir ki, bu barədə Yunanıstanın ERT telekanalı məlumat yayıb.

Məlumata görə, qayığın göyərtəsində ümumilikdə 77 nəfər olub. Onlardan 51-i yaxınlıqdakı gəmilərin heyətləri tərəfindən xilas edilib.

Bildirilb ki, xilas olunan şəxslərin Krit adasına aparılması və müəyyən edilmiş prosedurlardan keçirilməsi planlaşdırılır.

Hazırda qayığın batdığı ərazidə axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Əməliyyata Avropa Sərhəd və Sahil Mühafizə Xidmətinin 4 gəmisi, qayıq və təyyarəsi, həmçinin Yunanıstan Sahil Mühafizəsinin helikopteri cəlb olunub.