Azərbaycanın müasir tarixində elə günlər var ki, təqvimdə hər zaman xalqımızın milli yaddaşına və dövlətçilik tariximizə qızıl hərflərlə daxil edilib.
4 Oktyabr Azərbaycan xalqı üçün məhz belə tarixi gündür. Bu tarix Cəbrayıl şəhərinin işğaldan azad edildiyi, üçrəngli Azərbaycan Bayrağının doğma torpaqda yenidən ucaldığı və illərlə davam edən həsrətin sona çatdığı gündür. Azərbaycan Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 4 Oktyabr Cəbrayıl Şəhəri Günü elan edilib. 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Cəbrayılın əhalisi doğma yurdlarından didərgin salındı, şəhər və kəndlər dağıdıldı, tarixi-mədəni irsimizə böyük zərbə vuruldu. Lakin işğal Cəbrayılın adını xalqımızın yaddaşından silə bilmədi. Cəbrayıl illər boyu qayıdış arzusunun, milli iradənin və tarixi ədalətə inamın simvolu olaraq yaşadı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi bu tarixi ədalətin bərpası üçün yeni mərhələ açdı. Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri düşmənin müdafiə xətlərini yararaq irəlilədi və 4 oktyabrda Cəbrayıl şəhəri işğaldan azad edildi. Cəbrayıl Vətən müharibəsində azad olunan ilk şəhər olmaqla Zəfər yolunun mühüm başlanğıc nöqtəsinə çevrildi. Bu Qələbənin arxasında şəhidlərimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı, Azərbaycan əsgərinin qəhrəmanlığı və xalqımızın sarsılmaz iradəsi dayanır. Ona görə Cəbrayılın azadlığından danışarkən ilk növbədə bu torpaq uğrunda canından keçən şəhidlərimizi dərin ehtiramla yad etməliyik. Bu gün Cəbrayılın üzərində dalğalanan Azərbaycan Bayrağı onların bizə ən böyük əmanətidir.
Bu qələbə Azərbaycan Ordusunun gücünə və xalqımızın öz tarixi torpaqlarını azad etmək əzminə inamı daha da artırdı. Cəbrayıldan başlayan Zəfər yolu sonrakı böyük qələbələrlə davam etdi və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Lakin Zəfər yalnız torpaqların hərbi yolla azad edilməsi ilə tamamlanmadı. Əsl böyük tarixi missiya bundan sonra dağıdılmış şəhərləri yenidən qurmaq, həyatın bərpasını təmin etmək və illərlə doğma yurd həsrəti çəkən insanları öz evlərinə qaytarmaqla başladı. Bu gün Cəbrayıl həmin prosesin canlı nümunəsidir. İşğal illərində viran qoyulmuş şəhərin yerində yeni, müasir Cəbrayıl qurulur. Yaşayış kompleksləri, məktəblər, yollar, sosial obyektlər, enerji və istehsal infrastrukturu yaradılır. 2024-cü il oktyabrın 4-də 712 mənzildən ibarət yaşayış kompleksinin açılışı və sakinlərin yeni mənzillərə köçürülməsi Böyük Qayıdışın mühüm mərhələlərindən biri oldu. Bu mənzərə çox mühüm bir həqiqəti ifadə edir. İşğal dağıtdı, Azərbaycan dövləti isə yenidən qurur.
Əsas məqsəd onların doğma torpaqlarında təhlükəsiz, rahat və firavan həyat qurması, yeni nəslin həmin torpaqlarda böyüməsidir. Cəbrayılın inkişafı bu baxımdan yalnız sosial deyil, həm də iqtisadi və strateji əhəmiyyət daşıyır. Yeni istehsal müəssisələri, iqtisadi layihələr, nəqliyyat və enerji infrastrukturu Cəbrayılın gələcəkdə Qarabağın mühüm iqtisadi və logistika mərkəzlərindən birinə çevrilməsi üçün geniş imkanlar yaradır. Cəbrayılın strateji mövqeyi də onun əhəmiyyətini artırır. Araz çayına yaxınlığı, Zəngilan, Qubadlı və Füzuli istiqamətləri ilə əlaqələri bu ərazini regional nəqliyyat və iqtisadi əməkdaşlıq baxımından mühüm məkana çevirir.
Cəbrayıl deyərkən Xudafərin körpüləri də xüsusi olaraq xatırlanmalıdır. Xudafərin Azərbaycanın çoxəsrlik tarixinin, mədəni irsinin və Arazın hər iki sahilində yaşayan Azərbaycan türklərinin tarixi bağlılığının mühüm simvollarındandır. Bu torpaqların azadlığı ilə Azərbaycan öz tarixi-mədəni irsinə də yenidən sahib çıxdı. Bu gün Cəbrayılın ən böyük fərqi ondadır ki, burada artıq yalnız xatirələr yaşamır həyat yaşayır. İllərlə məcburi köçkün həyatı sürmüş insanlar öz doğma torpaqlarına qayıdır, onların uşaqları və nəvələri ata-baba yurdunu artıq yalnız xatirələrdən deyil, öz gözləri ilə tanıyırlar.
İşğal Cəbrayılı bizdən ayırdı.
Zəfər Cəbrayılı Azərbaycana qaytardı.
Böyük Qayıdış isə Cəbrayılı yenidən yaşadır.
Bu baxımdan 4 Oktyabr yalnız Cəbrayıl şəhərinin azad edildiyi tarix deyil. Bu gün həm də Azərbaycanın öz torpaqlarına sahib çıxmasının, tarixi ədalətin bərpasının və milli iradənin təntənəsinin simvoludur.
Bir vaxtlar Cəbrayıl adı həsrət və işğal ağrısını xatırladırdı. Bu gün isə Cəbrayıl Zəfər, Qayıdış, Quruculuq və gələcək anlayışları ilə yanaşı çəkilir.
Bu gün Cəbrayılın küçələrində Azərbaycan Bayrağı dalğalanır. Bu bayraq şəhidlərimizin qanının, Azərbaycan əsgərinin qəhrəmanlığının və dövlətimizin sarsılmaz iradəsinin rəmzidir.
Cəbrayıl artıq keçmişin “acı tarixi” deyil Azərbaycanın Zəfərinin canlı simvoludur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.
Cəbrayılın Zəfəri əbədi, Qayıdışı dönməz, gələcəyi parlaq olsun!
Arzuxan Əlizadə, millət vəkili