2017-ci il müxalifətin yadında nə ilə qaldı...


Hər başlanğıcın bir sonu olduğu kimi, 2017-ci ilin də axırına gəlib çatmışıq. Hər keçən il görülən işlərlə yadda qalır. 2017-ci il siyasi partiyalarda nə ilə yadda qaldı?

Modern.az saytı siyasi partiyalara sorğu ünvanlayıb.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev:

"2017-ci ildə biz də bir çox partiyalar kimi çalışdıq təşkilatlanma işi görək. Bu il ərzində partiyamız üçün ən yadda qalan hadisə qurultayımızın keçirilməsi oldu. Rayon şöbələrimizin sayını artırdıq, rayon şöbələrimizin sayı 74-də çatdı. Gələn keçiriləcək prezident seçkiləri ilə bağlı müəyyən proqramlar qəbul etdik. 2017-ci il ərzində kifayət qədər iş gördüyümüzü deyə bilərik”.

Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli:

"Bu il parlamentdə təmsil olunan partiyalara yardımın artırılması ən yadda qalan hadisələrdən oldu. Mən özüm də bununla bağlı bir neçə dəfə Milli Məclisdə çıxış etmişdim. Bu, insanların işlə təmin olunmağına, maddi durumunun yaxşılaşmasına kömək edə bilər. Cənab Prezident parlamentdə təmsil olunan siyasi partiyaların maliyyələşməsinə ayrılan vəsaitin 20 faiz artırılması barədə qərar verdi.
Bu il partiyamızda Siyasi Şuranın toplantılarını keçirmişik. Amma 2017-ci ildə də qərargahla bağlı problemimiz qaldı. Hələ də qərargahı öz vəsaitimizlə tuturuq, dövlətdən qərargah ala bilməmişik. Düşünürəm ki, ən böyük məsələ partiyanın nümayəndəsinin parlamentdə aktiv iştirakıdır, çıxışlarıdır. Partiya nümayəndəsi olaraq bütün komitə iclaslarında partiyamızın proqramlarına uyğun olaraq çıxışlar etmişik”.

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı:

"2017-ci ildə həm Müsavat Partiyasının başqanı Arif Hacılı Brüsseldə keçirilən "Şərq Tərəfdaşlığı” ilə bağlı iclaslara dəvət olundu. Hazırda da başqan partiyamızın üzvü olduğu Avropa Liberal Demokrat İttifaqının qurultayındadır. Bundan başqa, il ərzində bir sıra beynəlxalq tədbirlərdə partiya olaraq fəal iştirak etmişik.
Müsavat Partiyası bu il ərzində strukturlaşmasını bir qədər də davam etdirdi, əksər rayon təşkilatlarında yenidən yığıncaqlar, konfranslar keçirildi və seçkiyə hazırlıq start vəziyyətinə gətirildi”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli:

"Bu il Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi ölkəmizin tarixinə qızıl hərflərlə yazılacaq bir hadisədir. Bu il ərzində biz təşkilati məsələlərlə məşğul olmuşuq, partiya quruculuğu sahəsində önəmli işlər görmüşük. Ölkədə baş verən siyasi proseslərə aktiv şəkildə qoşulmuşuq”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev:

"Bu il bizim partiyamızın sıralarında xeyli artım oldu. Partiya 2017-ci il ərzində dövlətçiliyin qorunması yönündə xeyli addım atdı. Xalqımıza qənim çıxan insanların axırına çıxmaqla yadda qaldı. Bu il vətənə xəyanət edən nazirlərin işdən qovulmasında partiyamızın önəmli rolu oldu. Bizim üçün 2017-ci il çox uğurlu oldu, çünki dövlət başçısına yalandan yaltaqlanıb onun tapşırıqlarını yerinə yetirməyən məmurların işlən qovulması, ictimai rəy formalaşdırmağımız, onların üzərinə qorxmadan getməyimiz uğurlu işlərdir. Düşünürəm ki, 2018-ci ildə də bu işlərimiz davam etdiriləcək və Prezident seçkilərində də qalib gəlib millətimizi xilas edəcəyik”.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu deyib ki, ilə yekun vuranda gördükləri işlər barədə məlumat veriləcək.

Azərbaycan Demokrat Partiyasının sədri, Sərdar Cəlaloğlu deyib ki, 2017-ci ildə partiyada ciddi iş görülməyib.

"Bu il siyasi baxımdan çox durğun olub. Heç bir ciddi nailiyyət əldə olunmayıb. Ona görə də 2017-ci ilin uğurlu il olduğunu deyə bilmərəm”.

Azərbaycan Milli İstiqlal Partiyasının(AMİP) Siyasi Şurasının üzvü Əli Orucov:

"Bu il ictimai-siyasi vəziyyət xoş təsir bağışlamadı. Xüsusən də əhalinin sosial vəziyyətində ciddi zəifləmə oldu. Bu da partiyalardan yan keçmədi. AMİP gücü, imkanları daxilində çalışdı ki, il ərzində ölkədəki ictimai-siyasi proseslərin axınına təsir göstərsin, əhalinin maraqlarının müdafiəsində dursun, demokratik inkişafa tövsiyəsini versin. Biz gücümüz daxilində bunları etdik. Bu dövr ərzində AMİP bir sıra tədbirlər keçirdi. Xarici tərəfdaşlarımızdan olan Moderator Partiyasının nümayəndə heyəti bizim tədbirlərdə iştirak etdi və çox nadir hal idi ki, ATƏT PA-nın vitse-prezidenti Marqarita Siderfelt tədbirlərdə iştirak etdi. Moderator Pariyası ilə keçirdiyimiz bu tədbir hətta İsveç mətbuatında da geniş işıqlandırıldı. Bu sıradan bir hal deyildi. Bu həm partiyaya olan hörmətin, həm də beynəlxalq əlaqələrimizin göstəricisidir. Hər halda AMİP məhdud imkanlarla yaradılan şəraitdə üzərinə düşə vəzifələrin öhdəsindən gəlməyə çalışdı”.

Ümid Partiyasının sədri İqbal Ağazadə deyib ki, 2017-ci il siyasi baxımdan çox durğun oldu:

"Bu il siyasi baxımdan bir az durğunluq olsa da, ümumilikdə normal keçdi. Fəaliyyətimiz öz axarında davam edir. 2017-ci ildə elə bir əlahiddə yadda qalan hadisə olmayıb”.