"Münaqişənin dinc yolla həllini görmürəm”

Əli Orucov: "Onların fəaliyyətləri ancaq münaqişənin yenidən alovlanmasının qarşısını almaq cəhdindən başqa bir şey deyil”

ATƏT-in Minsk Qrupu Qarabağ probleminin nizamlanması üzrə vasitəçilik fəaliyyətinin 22 ilini arxada qoyub. Amma göründüyü kimi, bu müddət ərzində münaqişənin həllində heç bir irəliləyiş əldə olunmayıb. Əksinə, 22 ildə problem getdikcə böyüyərək qloballaşdı. Hətta ölkəmizin nefti və qazı, təbii sərvətlərimizin Avropaya ötürülməsi ilə bağlı artıq həyata keçirilmiş və bundan sonra da keçirilməsi nəzərdə tutulan layihələr də ədalətli sülhlə nəticələnmədi. "Qazandığımız” yalnız 20 ildən artıqdır davam edən atəşkəs və bu müddətdə ən müxtəlif səbəblərdən 6 minə qədər hərbçi itirməyimizdir. Münaqişənin nizamlanmasına, guya, vasitəçilik edən həmsədr dövlətlərlər isə təşəbbüs yarışına giriblər.

Xəbər verildiyi kimi, məlum avqust hadisələrindən sonra Rusiya prezidentinin ardınca Fransanın dövlət başçısı da tərəfləri masa arxasına dəvət edib. Oktyabrın 27-də Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə görüşü keçiriləcək. Əlbəttə, bu, sıradan bir görüşdür. Amma təşəbbüsün dünyada baş verən hadisələr, konkret olaraq Kremlə göstərilən təzyiqlər, tətbiq olunan sanksiyalar və Moskvanın Azərbaycanı "Yeni SSRİ”-yə qoşmaq istiqamətindəki çabaları ərəfəsində göstərilməsi, məsələnin bir qədər fərqli müstəvi üzərinə keçdiyi barədə təsəvvür də yarada bilər. Həm də ilk baxışdan Paris Azərbaycanla tarixi əlaqələrə malik dost ölkənin paytaxtıdır. Fransa həmçinin Rusiya ilə ciddi rəqabət aparan, onu əhəmiyyətli dərəcədə zəiflətməyə çalışan Avropa İttifaqının (Aİ) üzvüdür. Bu baxımdan Moskvanın Azərbaycanla bağlı siyasətində fəallığını artırması Aİ-ni və onun üzvü kimi Fransanı qıcıqlandırmaya bilməz. Bəs Kremlin fəallaşması fonunda Paris görüşünün perspektivi necə görünür? Ümumiyyətlə, hər hansı müsbət addımın atılması gözlənilirmi? Belə demək olarmı ki, görüşün təşkil edilməsi daha çox Azərbaycanın Rusiyaya istiqamətləndirilməsinin qarşısını almağa yönəlib?

Öncə, Fransa prezidenti Fransua Ollandın Bakıya səfərini xatırlayaq. Çox yaxın tarix olduğu üçün yəqin hər kəsin yadındadır ki, Olland səfər zamanı bizim üçün daha çox diqqət çəkən məsələyə toxunmadı. Konkret desək, Qarabağ məsələsində Azərbaycan üçün çox mühüm olan bir cümləlik "Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” bəyanatını səsləndirmədi. Ermənistana səfəri isə yenə də Fransanın ermənipərəst mövqeyindən əl çəkmədiyini bir daha göstərdi. Fransa prezidentinin Ermənistanda qondarma "soyqırımı” abidəsini ziyarət etməsi, üstəlik, Türkiyəni bir əsr əvvəl baş vermiş hadisəni soyqırım kimi tanımağa çağırması belə deməyə əsas verir.

Doğrudur, Olland Qafqaza ilk səfərini Bakıdan başladı. Amma bu, heç də Parisin ermənilərə münasibətinin dəyişməsi və Qarabağ məsələsində ədalətli mövqe tutması anlamına gəlmir. Rusiyanın keçmiş SSRİ məkanında fəallaşması və dünyanın supergüclərini, o cümlədən beynəlxalq hüququ nəzərə almaması, onu deməyə imkan verir ki, Avropa narahatdır. Və keçmiş SSRİ məkanında, Avropaya marağı olan bölgələrdə müəyyən preventiv tdbirlər görmək, bu istiqamətdə danışıqlar aparmaq istəyir. Fransa bu təşəbbüsü, sadəcə, bir dövlət (həm də həmsədr dövlət) kimi yox, bütövlükdə Aİ-nin nümayəndəsi kimi göstərir. Ona görə də onun təşəbbüsünü Aİ-nin təşəbbüsü kimi də dəyərləndirmək mümkündür. Bu qurumun Qarabağ məsələsinə ən yaxşı halda ikili münasibəti isə göz önündədir.

Məsələ ilə bağlı fikirlərini Birlik.az saytına bildirən AMİP Mərkəzi Şurasının üzvü Əli Orucov da sözügedən görüşdən heç bir nəticə gözləmədiyini dedi. Və hesab etdiyini bildirdi ki, bu da digər saysız-hesabsız görüşlər kimi sıradan bir görüş olacaq. Yəni, sadəcə, görüş xatirinə görüşdür:

"Azərbaycan hakimiyyəti də yaxşı anlayır ki, nə beynəlxalq təşkilatlar, nə də böyük dövlətlər Dağlıq Qarabağ problemini bizim xeyrimizə həll etməyəcəklər. Onların fəaliyyətləri ancaq münaqişənin yenidən alovlanmasının qarşısını almaq cəhdindən başqa bir şey deyil. Azərbaycan iqtidarı Qarabağ konfliktinin həllini beynəlxalq təşkilatların ixtyarına verib, yaxasını kənara çəkdiyi gündən nizamlanma prosesi dalana dirənib. Mən bu poblemin dinc yolla həllini görmürəm”.