"Xarici donorlar milli xarakterli layihələri maliyyələşdirməkdən yayınıb"

Arzuxan Əlizadə: "Daha çox loyal və milli maraqlarla uzlaşmayan, dolayı yolla onları hədəfə alan layihələr maliyyələşdirilib"

"Xarici dairələr QHT-lərin timsalında Dağlıq Qarabağla bağlı həqiqətlərin obyektiv işıqlandırılmasında heç vaxt maraqlı olmayıb"

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının illik hesabatına həsr edilmiş konfransda çıxışı zamanı bir sıra maraqlı və diqqətçəkən məqamlara toxunub.

Ə.Həsənovun sözlərinə görə, Azərbaycana qarşı vahid mərkəzdən siyasət formalaşdırılır: "Təkrar edirəm, hakimiyyətə qarşı deyil, Azərbaycanın, ölkənin milli maraqlarına qarşı vahid mərkəzdən siyasət formalaşdırırlar. Qondarma "DQR"i təmsil edən şəxslər və "QHT"-lərin nümayəndələri ilə bir arada oturub, heç bir etiraz etmədən, onlara heç bir rəy bildirmədən Azərbaycandakı vəziyyəti təhlil etmək elə onlardan heç nə ilə fərqlənməmək deməkdir. Belələri ictimai qınağa tuş gəlməlidir".

Ə.Həsənov qeyd edib ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə Qərb ölkələrində insan hüquqlarının, o cümlədən III sektorun fəaliyyəti təhlil edilib: "Bu təhlil qərəzli şəkildə yox, tam obyektiv, heç bir kənar müdaxilə olmadan, əvvəlcədən müəyyən olunmuş mülahizə ortaya qoyulmadan həyata keçirilib. Təhlillər belə olmalıdır, kimisə idarə etmək, kiminsə müstəqil milli iradəsinə təzyiq göstərmək, kiminsə dövlət maraqlarını subyektiv mülahizələr istiqamətində dəyişmək məqsədilə yox".
Xarici QHT-lərin Azərbaycanın milli maraqlarını hədəfə alan layihələri hansı formada özünü göstərir?

Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, bu, müxtəlif formalarda özünü göstərir: "Məsələ ondadır ki, xarici donorlar zaman-zaman milli xarakterli layihələri maliyyələşdirməkdən yayınıb. Müstəqillik dövründən üzübəri bütün layihələri nəzərdən keçirsək görərik ki, bu həqiqətən belədir. Daha çox loyal və milli maraqlarla uzlaşmayan, dolayı yolla onları hədəfə alan layihələr maliyyələşdirilib. O cümlədən, bəzi xarici QHT-lər açıq-aşkar milli iradəyə zidd olan layihələrə dəstək verir. Müəyyən mətbuat orqanlarında bu kimi yazıların getməsinə həvəslə yardım göstəriblər. Bununla yanaşı, milli iradəni hədəf alan müxtəlif adlar altında keçirilən tədbirləri buna misal göstərmək olar. Belə ki, həmin tədbirlər Azərbaycanın milli maraqlarına tamamilə ziddir, uzlaşmır. Xarici dairələr QHT-lərin timsalında Dağlıq Qarabağla bağlı həqiqətlərin obyektiv işıqlandırılmasında heç vaxt maraqlı olmayıb. Həmişə çalışıblar ki, bunu görməzdən gəlsinlər. Ona görə də bu kimi məsələlərdə son dərəcə ayıq-sayıq olmaq lazımdır"./Bakı Xəbər/

Vidadi ORDAHALLI