ABŞ-ın Suriyadakı maraqları Türkiyənin təhlükəsizliyi üçün ciddi təhlükə mənbəyinə çevrilə bilər

ABŞ dövlət katibi Reks Tillerson Türkiyəyə səfəri çərçivəsində prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.Prezident iqamətgahında keçirilən qapalı görüş 2 saatdan çox davam edib."Cümhuriyət” qəzeti Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, görüşdə FETÖ lideri Fətullah Gülənin Ankaraya ekstradisiyası ilə yanaşı Suriya məsələsi müzakirə olunub.Ehtimallara görə Tillerson Ərdoğanla ABŞ-ın Suriyaya müdaxiləsi imkanlarını axtarıb.Türkiyə prezidentindən dövlət katibinə hansı cavabın verilməsi barədə dəqiq məlumat olmasa da güman edilir ki, rəsmi Ankara böyük ölçüdə ABŞ-ın müdaxilə planına loyallıq göstərməyə başlayıb.

Türkiyənin maraqları

Türk mənbələri iddia edirlər ki, ABŞ Suriyaya Türkiyə ərazilərindən müdaxilə imkanlarını nəzərdən keçirir.Əgər Türkiyə buna razılıq versə, yaxın gələcəkdə Pentaqon Şimal sərhədlərindən Suriyaya ordu yeridə bilər.Lakin mənbələr bunun işğal müdaxiləsi olmadığını bildirirlər.Ehtimal edilir ki, Türkiyə və ABŞ Suriyadan olan qaçqınların yerləşdirilməsi üçün regionda təhlükəsizlik zolağı yaratmaq barədə anlaşmağa çalışırlar.ABŞ prezidenti Donald Trampın Ərdoğanın bu planına dəstək verəcəyi gözləniləndir.Çünki hələ seçkiqabağı kampaniyada Tramp Suriyaya hərbi müdaxilənin əleyhinə çıxaraq, əsas siyasətinin təhlükəsizlik zolağını yaratmaqla bağlı olduğunu bildirmişdi.Yanvarın 26-də Ağ Ev rəhbəri bununla bağlı əmr imzalayıb.Ortada anlaşma varsa, burada həm ABŞ, həm də Türkiyənin öz maraqlarının olduğu şəksizdir.Türkiyə baxımından belə bir təhlükəsizlik zolağının yaradılması həm sərhədlərinin təhlükəsizliyi, həm də Suriya və İraqdan ölkə ərazilərinə axın edən silahlı qruplaşmaların və separatçı qüvvələrin qarşısını kəsmək üçün lazımdır.Türkiyə Tillersonun bu təklifinə müsbət cavab veribsə, ABŞ-ın bu işdə türk hökumətinə yardım edəcəyinə inanmaq olar.Nəzərə alsaq ki, Türkiyənin Cənub sərhədlərində (İraq və Suriya ilə sərhəd bölgələrində) kürdlər öz muxtariyyətlərini əldə ediblər, bu nöqteyi-nəzərdən də buradan türklər üçün təhlükə olmalıdır.Bu mənada da anlaşmanı Ərdoğanın "Türkiyənin təhlükəsizliyi üçün ABŞ-la işbirliyi” adlandırmaq olar.

ABŞ-ın strateji qəniməti

Amerikalı mənbələr bu məsələdə Trampın əsas hədəfinin İranla bağlı olduğuna diqqət çəkirlər.Hesab oluna bilər ki, ABŞ Suriyaya müdaxilə ilə İranın Aralıq dənizi ilə əlaqəsini kəsmək üçün müdaxilə edəcək.Amerikalı politoloq Ceyms Rubinin fikrincə, bu, Ağ Evin ən böyük strateji qəniməti olacaq.Şübhəsiz ki, bu məqsədlə Pentaqon Bəşər Əsəd rejiminə qarşı döyüşən silahlı qüvvələrə yardım edə bilər.Belə bir vəziyyət İsrail və Türkiyənin də maraqlarını əks etdirir.Əlbəttə, bu dəstək sayəsində Tramp Suriyaya müdaxilə qərarı verməklə İranın bu ölkə ilə yanaşı Livandakı manevr imkanlarını da daralda biləcək.ABŞ həmçinin regionda İsrailə qarşı ən böyük təhdid olan və İran tərəfindən dəstəklənən "Hizbullah” terror təşkilatını passivləşdirməyə cəhd edəcək. Əlbəttə, Əsədə vurulacaq zərbənin əsas ağırlığını da İran və "Hizbullah” hiss edəcək. Düzdür, ABŞ-ın Suriyada Rusiyanı hədəf alacağı inandırıcı olmasa da İran və "Hizbullah”ın aktiv olduğu mövqelərdə möhkəmlənməyə cəhd edəcəyi gözləniləndir.ABŞ bu məsələdə təkcə Türkiyə yox, Səduiyyə Ərəbistanı və Qətərin imkanlarından istifadə edəcək.Hesab etmək olar ki, belə bir müdaxilə İranın Yaxın Şərqdəki mövqelərini zərbə altında qoyacaq və nüfuz dairəsini böyük ölçüdə məhdudlaşdıracaq.İran Ərəb dünyasına birbaşa "giriş qapısı”ndan məhrum olan kimi avtomoatik olaraq, bu molla rejiminin Livan və Yəməndə baş verən proseslərə müdaxilə imkanlarını əlindən alacaq.Bu, İranın Livanda "Hizbullah”la birbaşa əlaqələrini də kəsə bilər.

"ABŞ müharibənin uzanmasını istəyir”

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü, politoloq Əli Orucov "Cümhuriyət” qəzetinə bildirib ki, Suriyadakı müharibənin uzanması ABŞ-ın maraqlarına uyğundur. Ə.Orucov vurğulayıb ki, dəfələrlə Türkiyənin İŞİD-lə mübarizəsində türk ordusunun gücündən istifadə təklifini də ABŞ bu məqsədlə rədd edib: "ABŞ müxtəlif bəhanələrlə bundan yayındı. Mübarizə əvəzinə, ABŞ bir terror təşkilatını digərilə vuruşdurur.

Bu da region üçün böyük bir təhlükəyə çevrildi.ABŞ-ın sərgilədiyi münasibət kökündən yanlışdır.Bu, böyük bir təhdid meydanının - separatizm ocağının yaradılmasına xidmət edir.Tillersonun Ankara səfərindən əvvəl o, ABŞ-ın PYD və YPG terror təşkilatlarına dəstəyi ilə bağlı suala cavab vermədi.Türkiyə Suriyada hərbi əməliyyatlar keçirməklə ABŞ-ın regionda həyata keçirdiyi bir sıra planlarını pozdu.Hesab edirəm ki, Suriya məsələsi Türkiyə üçün daha önəmlidir.Türkiyə Suriyadakı tayfalar və türkmənlərin gücündən istifadə etməlidir.Əks halda, ABŞ-ın Suriyadakı maraqları Türkiyənin dövlət təhlükəsizliyi üçün ciddi təhlükə mənbəyinə çevrilə bilər”. Politoloqun sözlərinə görə Türkiyə daha çox region ölkələri ilə əməkdaşlıq etməlidir: "İranla qarşıdurmaya getməməlidir, Rusiya ilə əlaqələrini gücləndirməlidir. Hətta, müəyyən məqamlarda Əsəd rejimi ilə dil tapmağa çalışmalıdır.Çünki PKK bütün vasitələrdən istifadə edərək, ələ keçirdiyi ərazilərin sahəsini genişləndirməyə səy göstərir ki, "Böyük Kürdüstan” planını həyata keçirsin.Türkiyə buna imkan verməmək üçün hətta, ziddiyyətdə olduğu qüvvələrlə belə təmas qurmağa çalışmalıdır”.